İqtisadiyyatManşet

Qubad İbadoğlu: “218 milyon avroya Qarabağda 15 min ev tikmək olar”

“144,5 milyon əhalisi olan Rusiyanın Mərkəzi Bank binası 2 mərtəbəli, 45 milyon əhalisi olan Ukraynanın Mərkəzi Bank binası 4 mərtəbəli, 9,5 milyon əhalisi olan Belarusun Mərkəzi Bankı 5 mərtəbəli, siyasi elitanın Azərbaycandan oğurladığı kapitalı depozitə qoyduğu İsveçrə Mərkəzi Bankının binası da 4 mərtəbəli, 1 trilyon aktivləri olan Norveç Mərkəzi Bankı 3 mərtəbəlidir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı, ADR Hərəkatının sədri Qubad İbadoğlu Mərkəzi Bank üçün 218 milyon avroluq bina tikiləcəyi məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, 10 milyon əhalisi olan Azərbaycanda 450 milyon manata Mərkəzi Banka 160 metr hündürlüyü olan 32 mərtəbərli inzibati bina tikiləcək və hər mərtəbəyə 14 milyon 62 min manat xərclənəcək. “Binanın sahəsi 67.926 kvadratmetr olacaq ki, bu hesabla da hər 1 kv metrin tikintisinə də 6625 manat məsrəf ediləcək. Bu, Heydər Əliyev Mərkəzindən sonra hər kv metrə düşən tikinti xərclərinə görə ikinci bahalı dövlət obyekti olacaq. Hələ qarşıda yeni tikilən binanın kopmplektləşdirilməsi, mebellə təchizatı və digər xərcləri vardır”.
İbadoğlu vurğulayıb ki, Böyük Bərpa Planına görə, işğaldan azad edilmiş ərazilərdə tikiləcək mənzillərin hər kv metrinin smeta dəyəri 350 manat olacaq. “Bu hesabla təkcə Mərkəzi Bankın binasının tikintisinə xərclənəcək vəsaitlə Qarabağda ümumilikdə 1 milyon 287 min 714 kv metr yaşayış sahəsi olan mənzillər və Böyük Bərpa Proqramında nəzərdə tutulduğu kimi hər biri 85 kv metrdən olmaqla 15 min 149 ev tikmək olar. Məlumat üçün qeyd edim ki, Böyük Bərpa Proqramı üzrə Füzilidə 13500, Cəbrayılda isə 13000 evin tikilməsi planlaşdırılıb”.
Hərəkat lideri qeyd edib ki, 450 milyon manat vəsaitlə 5000 istedadlı Azərbaycan gəncinin dünyanın ən nüfuzlu Universitetlərdə 2 il ərzində xaricdə magist təhsilinin xərclərini ödəmək, onların yaşayış xərclərini tam şəkildə qarşılamaq, bununla da 2 il ərzində beynəlxalq standartlara cavab verən 5000 kadr hazırlamaq olar.
Qubad İbadoğlu sonda bildirib ki, pandemiya ilə əlaqədar olaraq dünyanın hətta maliyyə və biznes mərkəzlərində ofislər boşdur. “Əmlak hər gün dəyər itirir, böyük şirkətlərin və dövlət orqanlarının işçiləri evdən çalışır, belə bir vəziyyətdə 450 milyon manat dövlət vəsaitin ofis binasının tikintisinə xərcləmək, yalnız “iqtisadiyyatçılar”ın ağıllarının məhsulu ola bilər. Heç şübhəsiz ki, meqa korrupsiya layihələri, ağ fillər milli iqtisadiyyatın nəinki cari vəziyyətini, həm də gələcək durumunu çətinləşdirir, bir sözlə ölkəni inkişafdan saxlayır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button