ManşetÖlkə içi

Ruben Safrastyan: “Azərbaycanın ərazi bütövlüyünü tanımaq, Qarabağdan imtina etməkdir”

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh sazişinə dair şərtləri açıqlayıb. JAMAZ.İNFO bildirir ki, dövlət başçısı bu sənədin Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərti ilə bağlanması mümkündür.

Qeyd edək ki, Ermənistan Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində ərazi bütövlüyünü tanımaqla, Qarabağdan birmənalı olaraq imtina etmiş olacaq. Lakin Ermənistanda bu məsələ ətrafında ciddi manipulyasiya gedir. Daha doğrusu, onlar Kosovo məsələsini əsas gətirərək, Qarabağın da eyni statusa malik ola biləcəyini iddia edirlər. Halbuki Kosovo ilə Qarabağ arasında eyniyyət axtarmaq, məntiqsizdir. Çünki bu problemər mahiyyət etibarı ilə bir birindən tamamilə fərqlənir.

Erməni ekspert Ruben Safrastyan deyir ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyənnaməsinin bu yaxınlarda ratifikasiya edilməsi, Ermənistan üçün bir sıra problemlərə yol açacaq. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə dedikdə, eyni dövləti nəzərədə tutmaq lazımdır. “Nəzərə almalıyıq ki, Azərbaycan və Türkiyəyə iki ayrı dövlət kimi baxmamalıyıq. Şuşa Bəyənnaməsi də bunun nümunəsidir. Həmin sənəd iki ölkə arasında inteqrasiyanın dərinləşməsi, yeni mərhələyə keçməsi deməkdir”.

Ruben Safrastyan hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması yaxşı hal sayılmalıdır. “Təbii ki, sülh sazişinin imzalanması yaxşı olardı. Amma bu sazişdə nələr yer alacaq sualı çox maraqlıdır. Əgər sənəd Əliyevin dediyi kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsinə uyğun imzalanarsa, bu, Ermənistanın Qarabağdan birdəfəlik əl çəkməsi demək olacaq. Çünki Azərbaycanın beynəlxalq hüququ prinsiplərinə uyğun ərazi bütövlüyünü tanımaq, Qarabağın da onun ərazisi olduğunu qəbul etməkdir. Mən düşünmürəm ki, Ermənistanda hər kəs hakimiyyətdə olarsa, belə bir sazişə imza atmayacaq”.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl Azərbaycanla sülh sazişi imzalamağa hazır olduqlarını bildirmişdi. Lakin o, sənəddə Qarabağ məsələsinin yer almasının mümkün olmadığını demişdi. Yəni, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma Qarabağ məsələsi ayrıca müzakirə olunmaq şərti ilə. Bu isə qətiyyən Bakının maraqlarını təmin etmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button