ManşetSiyasət

Stanislav Tarasov: “Bakı Xankəndi ilə danışıqlar aparmalı olacaq”

Son zamanlar, xüsusən də Qazaxıstan hadisələrindən sonra Rusiya Qarabağ məsələsini qabartmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, yanvarın əvvəlindən etibarən Rusiya mediasında Qarabağ məsələsi ilə bağlı çeşidli təhlillər, yazılar və yanaşmalar peyda olmağa başlayıb.

İlin ilk günlərində “Svabodnaya Pressa” qəzetində dərc olunmuş məqalədə Qarabağın status ilə bağlı dərc edilmiş məqalədə müəllif iddia edir ki, vəziyyət bu şəkildə qala bilməz. Ermənilərdən daha çox ermənilik etməyə çalışan müəllif hesab edir ki, Rusiya bu məsələdə aktivliyini artırmalı, vasitəçilik missiyasını təkbaşına həyata keçirməli və “status” məsələsini gündəmə gətirməlidir.

Amma bud a son deyil. Maraqlı məqam odur ki, Rusiyanın bir başqa nəşri olan “Regnum” da analoji fikirləri inkişaf etdirməyə çalışır. Düzdür, “Svabodnaya Pressa”dan fərqli olaraq, “Regnum” məsələyə başqa cür yanaşır.

Stanislav Tarasovun müəllifi olduğu “Dağlıq Qarabağın statusu məsələsi açıq qalır” başlıqlı yazıda bir sıra mətləblərə toxunulur. Müəllif yazır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi mətbuat konfransında Ermənistan və Azərbaycanın sərhədlərin demarkasiyası məsələlərinin müzakirəsi prosesi aktivləşib. Tarasov bir qədər də irəli gedərək iddia edib ki, guya, Bakı “Dağlıq Qarabağa bitişik 7 rayonun nəzarətinə keçdikdən sonra” aktuallaşdırıb. Soçi və Brüssel görüşlərində isə demarkasiya və delmitasiya prosesləri barədə razılaşmanın da bundan qaynaqlandığını vurğulayıb.

Tarasov yazır ki, hazırda söhbət texniki məsələlərdən getmir. O bildirir ki, rəsmi Bakının proseslə bağlı mövqeyi aydındır. “Əgər İrəvan açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, de-fakto demarkasiya ilə bağlı danışıqlara başlayandan sonra hər şey tam əksi olur. Yəni, dalana dirənmiş vəziyyət yaranır”.

“Regnum”un analitiki qeyd edir ki, hazırda “a” deyən İrəvan “b”yə keçməlidir. “Ermənistan Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini sözdə qaldırsa da, 10 noyabr 2020-ci il sülh sazişinin hazırlanması və imzalanması zamanı İrəvan tərəfi əsas məsələni qaçırıb. Nəticədə, Rusiya sülhməramlıları Qarabağda peyda olub. İndi Bakı elan edir ki, gələcəkdə söhbət Xankəndinin və ermənilərin məskunlaşdığı daha üç rayonun Azərbaycana potensial inteqrasiyasından gedir. Bununla belə, Lavrov sözügedən mətbuat konfransında iki Zaqafqaziya respublikası arasında sərhədin dəqiqləşdirilməsi kontekstində bildirib ki, “bu, Qarabağ regionuna, yəni Qarabağ münaqişəsinin həlli məsələsinə aid deyil”. Onun sözlərinə görə, “sırf ikitərəfli məsələdir, bunun üçün təxminən bir il işləməyə başlamağı təklif edirik”. Lakin beynəlxalq hüquq nöqteyi-nəzərindən “delimitasiya proseduru” yalnız beynəlxalq subyektlər arasında həyata keçirilə bilər”.

Tarasov sual edir ki, bu, o deməkdirmi ki, Bakı Qarabağdakı sərhəd məsələlərini Xankəndiylə dialoq yolu ilə həll etməli olacaq? “Bundan başqa, əvvəllər olduğu kimi, Paşinyan Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delmitasiyası hansı xəritələr üzərində aparılmalı olduğunu deyərək, “bunun Qarabağa heç bir aidiyyəti olmadığını” deyib. Lakin görünən odur ki, Bakı məsələləri Xankəndi ilə dialoq yoluyla həll etməli olacaq”.

Rus ekspert bildirir ki, delmitasiya və demarkasiya məsələsində tərəflər Lavrovun elan etdiyi mövqelərdən geri çəkiləcəyi ehtimalı azdır. “Aydındır ki, Dağlıq Qarabağın statusu məsələsi açıq qalır. Amma İrəvan faktiki olaraq bu prosesdən çıxarılıb. İndi Azərbaycan təkcə Rusiya ilə deyil, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri, ABŞ və Fransa arasında dialoq aparmalı və Qarabağa Rusiya sülhməramlılarının iştirakı kimi hansı hüquqların veriləcəyinə qərar verməlidir. Bu o deməkdir ki, qeyd olunan məsələ Xankəndinə aralıq statusunu müəyyən edir. Bu, hər kəsin bu və ya digər şəkildə bilməli olduğu yeni geosiyasi reallıqdır”.

Tarasov iddia edir ki, hələlik Azərbaycan Dağlıq Qarabağ ermənilərinin hansısa “mədəni muxtariyyətindən” danışır. “Vəziyyət ondan ibarətdir ki,Qarabağ qətnaməsinin bütün iştirakçıları yeni qərarlar qəbul etməlidirlər”.

P.S. Qeyd edək ki, Kremlə bağlı medianın davamlı olaraq, özü də daha çox təhdid kimi diqqəti çəkən yazıları və təbliğatı Rusiyanın xoş məramından xəbər vermir. Görünən odur ki, Bakıya təzyiq etmək, onu daha da sıxışdırmaq istəyən Moskva, öz təhdidlərini müxtəlif media və şəxslərin diliylə çatdırmağa çalışır. Məqsəd isə odur ki, Qarabağ münaqişəsi həll olunmamış qalsın və ya Azərbaycan Qarabağ məsələsində yalnız Rusiya ilə danışıq aparmaq məcburiyyətində olsun.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button