GündəmManşet

Vahid Əhmədov: “Elçin Sadıqov və Əvəz Zeynallının rüşvət almasına inanmıram”

Milli Məclisin deputatı Vahid Əhmədov tanınmış vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının həbsi ilə bağlı məsələyə münasibət bildirib. JAMAZ.İNFO xəbər verir ki, deputat onların rüşvət almasına inanmadığını deyib.
O bildirib ki, vəkil Elçin Sadıqovu şəxsən tanımır. “Amma bir vəkil kimi onun barəsində məndə müsbət məlumatlar var. Mətbuatdan da oxumuşam. Əvəz Zeynallı isə kifayət qədər tanınmış, fəal jurnalistdir. Sizə açıq deyim, o, dövlətini, Azərbaycanın müstəqilliyini, dövlət başçısını sevən adamlardan biridir. Mütəmadi olaraq onun verilişində olmuşam, müəyyən çıxışlar etmişəm, polemikalarımız olub. Onların həbsi guya rüşvətlə əlaqədardır. Mən buna inanmıram. Açıq deyirəm, Əvəz Zeynallıda belə şeylər hiss etməmişəm. İndi hadisədir, baş verib, yəqin ki, araşdıracaqlar”.
Vahid Əhmədov hesab edir ki, Prezident də bunların hamısını diqqətə alar. “Hesab edirəm, ümumiyyətlə cəmiyyətdə belə məsələlərdə bir qədər ehtiyatlı olmaq lazımdır. Çünki onlar tanınmış insanlardır. Azərbaycan cəmiyyətində kifayət qədər tanınırlar, cəmiyyətlə ünsiyyət qururlar, cəmiyyətin müəyyən məsələlərini, problemlərini qaldırırlar. Yəqin ki, dövlət başçımız bütün bunları da nəzərə alar”.
Millət vəkili qeyd edib ki, Əvəz Zeynallının “Tərtər işi” ilə bağlı bəzi məmurların adlarını açıqladığı üçün həbs edildiyi barədə səslənən fikirlər var. “Burada Azərbaycan Ordusundan söhbət gedir. Ordu bizim üçün əzizdir. Bu Ordu Azərbaycan torpaqlarını 44 günlük müharibədə işğaldan azad etdi. Ona görə də orada baş vermiş hadisələr qəbul edilə bilməz. Kimliyindən, hansı vəzifə tutmasından asılı olmayaraq bu işdə əli olan hər kəs məsuliyyətə cəlb olunmalıdır. Onsuz da bu, gec-tez həyata keçiriləcək. Əgər bu məsələ ciddi nəzərə alınmasaydı, dövlət başçısı cənab İlham Əliyev göstəriş verib ikinci dəfə istintaq açmazdı. İstinaq açılıb, məsələlər araşdırılır. Ola bilər ki, bəzi iri ranqlı məmurların adları çəkilib. Narahatdırlar ki, bunlara da növbə çata bilər, həbs oluna bilərlər və s. Yəqin ki, bütün bunların da Əvəz Zeynallının həbsinə müəyyən qədər təsiri olub. Hər ikisinə, Əvəz bəyə də, Elçin bəyə də azadlıq arzu edirəm. Tez bir zamanda ailələrinə qovuşsunlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button