ManşetSosial

“Xanlar Vəliyevin qardaşı nəyim vardısa, əlimdən aldı”

Hərbi prokuror Xanlar Vəliyevin, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevin adı 1 milyonluq dələduzluqla bağlı cinayət işində hallanır. Şahmar Vəliyev bu cinayət işində zərərçəkmiş qismində tanınıb. Amma təqsirləndirilən Cəfər Əliyev onun özünü ittiham edir.

Deyir ki, Şahmar Vəliyev hiylə işlədərək, maşınını, evini, bağını – nəyi varsa, əlindən alıb. Cəfər Əliyev plastik boru istehsalında istifadə olunan materialın (“kroşka”) İrandan gətirilib Azərbaycanda satışıyla məşğul olub. Onun sözlərinə görə, bu materialları qonşu ölkədə Əkbər adı İran vətəndaşından alırdı. Azərbaycanda bu sahə ilə məşğul olan iş adamlarına satırdı.

İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən Cəfər Əliyev deyir ki, sonuncu dəfə Azərbaycandakı ticarət tərəfdaşlarından aldığı pulları İrandakı Əkbərə göndərsə də, o, vədinə əməl etməyib – malı göndərməyib. Ona edilən çoxsaylı zənglərə də cavab verməyib. Onu qədər axtarsa da, tapa bilməyib. Nəticədə xeyli adama borcları yaranıb. Onların arasında hazırda zərərçəkmiş qismində tanınan Şahmar Vəliyev, Elnur Qəhrəmanov, Sadıq Yusifov, Vaqif Rzaquliyev, Əkrəm Əliyev də var. Bu şəxslərə ümumilikdə 1 milyon dollardan bir qədər artıq ziyan dəydiyi iddia olunur. Bunun da 580 min dolları Şahmar Vəliyevin pulu olub.

Cəfər Əliyev deyir ki, İran vətəndaşı onu aldadıb pis vəziyyətə qoyandan sonra özünə qəsd eləyib: “Çünki insanlar arasında etibarımın itməsi mənim üçün ölümdən betərdir. Mən 26 ildir Bakıdayam, bir adamın bir manatında gözüm olmayıb”.

Şahmar Vəliyevlə 2015-ci ildən biznes əlaqələri olduğunu deyən Cəfər Əliyevin sözlərinə görə, əvvəlki üç il ərzində işgüzar əlaqələri əsasən tikinti işlərilə bağlı olub. 2018-ci ildən sonra isə “kuroşka” ticarətilə bağlı ünsiyyətdə olublar.

Cəfər Əliyev onu da bildirib ki, Şahmar Vəliyev ona verdiyi 580 min dolların əvəzinə nəyi varsa, əlindən alıb. Buna baxmayaraq, yenə də həmin pulu tələb edir.

Onun sözlərinə görə, Şahmar Vəliyevin rəhbərlik etdiyi “Azneftmaş” ASC-də Etibar Quliyev adlı etibar etdiyi adamı var: “Məni məcbur elədi ki, onunla 550 min dollarlıq borc müqaviləsi bağlayım. Guya ondan borc almışam. Halbuki, belə bir şey olmamışdı – mən ondan borc almamışdım. Sonra da o borc müqaviləsilə məni məhkəməyə verdi ki, əmlaklarımı ələ keçirsin. Məhkəmə qərar verdi və borcu əmlaklarıma yönəltdi. Beləliklə, Şahmar Vəliyev nəyim vardısa, əlimdən aldı – evimi, bağımı, maşınımı. Onunla kifayətlənmir, gəlib indi yenidən o 580 min dolları tələb edir…”

Zərərçəkmiş qismində tanınan digər dörd nəfər məhkəməyə gəlsə də, Şahmar Vəliyev gəlmir. Hətta hakim çağırsa da gəlməyib. Onu nümayəndəsi təmsil edir.

Vəkili məhkəmədə bildirib ki, şikayətçidilər, pulu tələb edirlər.

İyulun 4-də məhkəmədə çıxış edən zərərçəkmiş Sadıq Yusifov isə ona dəymiş ziyan ödənilməsə belə, şikayətçi olmadığını bildirib: “Məndən 145 min dollar almışdı, iş görmüşük. Təxminən 15 min verib mənə, 130 min qalmışdı. Mən güzəşt eləyib, 100 min sayıram. Bu kişi iş görüb, kiməsə pul verib, qaytarmayıb. Sonra pandemiya düşdü. Evini, bağını, maşınını da əlindən alıblar. O, içəridə yatanda bizə pul qaytara biləcək? Mən şikayətçi deyiləm…”

Digər zərərçəkmişlərdən bir neçəsi də şikayətçi olmadığını bildirib. Cəfər Vəliyev Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Şahmar Vəliyev və ailəsinin Mingəçevirdə “Azneftemaş” ASC, Yevlaxda mərkəzi bazar, Bakıda “Bakı Mexanikləşdirmə-1” ASC, “Rusel Plaza” və başqa böyük obyektləri var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button