CəmiyyətManşet

Yaxın günlərdə Amnistiya Aktı qəbul edilə bilər  

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək. APA-nın məlumatına görə, qanunvericiliyin tələbinə uyğun olaraq bununla bağlı müraciət olunub.

JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, Milli Məclisin yaxın günlərdə daha bir növbədənkənar iclasının keçirilməsi nəzərdə tutulub. Həmin iclasda Amnistiya Aktının qəbul edilməsi və ya müzakirə edilməsi planlaşdırılır.

Etibarlı mənbələrdən daxil olan məlumata görə, qəbulu nəzərdə tutulan Amnistiya Aktı öz əhatə dairəsinə görə, bundan əvvəlkilərdən fərqlənəcək.

Bundan başqa, sənəd 44 günlük Vətən Müharibəsində əldə edilmiş qələbəyə həsr olunacaq. Aktın mayın 28-də qəbul ediləcəyi, icrasına isə iyunun 15-də başlanılacağı gözlənilir. Lakin mənbə aktda yer alan konkret detallar barədə danışmayıb.

Amnistiya Aktının qəbulu təşəbbüsü ilə Heydər Əliyev Fondu və ya Prezident İlham Əliyevin çıxış etdiyi də məlum deyil. Güman edilir ki, həmin təşəbbüs dövlət başçısından gəlib.

Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Milli Məclisin Sədri Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button