Media

8 partiya “Media haqqında” qanunla bağlı prezidentə müraciət etdi

Son günlər parlamentdə müzakirəyə çıxarılmış “Media haqqında” qanun ətrafında qalmaqal davam edir. JAMAZ.İNFO xəbər verir ki, mürtəce və medianın fəaliyyətini məhdudlaşdıracaq maddələrlə zəngin olan qanun layihəsinin qəbul edilməsinə etiraz edənlər arasında partiyalar da var. Bu gün həmin partiyalardan 8-i Prezident İlham Əliyevə müraciəet edib.

Azərbaycan Yüksəliş Partiyası, VİP, VAMBP, MDP, ADRP, AXP, ADP və HƏP tərəfindən yayımlanan bəyanatda “Media haqqında” Qanun Layihəsinin müzakirəsinin dayandırılması xahiş olunur.

Bəyanatda deyilir: “Biz, bu müraciəti imzalayan siyasi partiya rəhbərləri hazırda müzakirədə olan “Media haqqında” Qanun Layihəsində   medianın fəaliyyətinə müdaxilələr,  xüsusilə platforma yayımı və operatorlarının  fəaliyyətinin lisenziyalaşdırması yolu ilə  internet televiziyalarının nəzarətə götürülməsi, mətbuat işçilərinin peşə  və yaradıcı fəaliyyətinin reqlamentləşdirilməsi ilə onların hakimiyyət orqanlarından asılılığının gücləndirilməsi kimi mürtəce normaların olmasından  narahatlığımızı bildirik”.

Həmin partiyalar vurğulayırlar ki, bu Qanun layihəsi  jurnalistika peşəsi ilə  kimlərin məşğul ola biləcəyinin müəyyənləşdirməsi, dövlətin jurnalistlərə reyestr yaratması, reyestrlə bağlı çətin şərtlərin təyin edilməsi, vahid vəsiqə qaydasınının tətbiqi ilə medianın özünütənzimləməsi imkanlarını jurnalistlərin əlindən alır və bütün səlahiyətləri  mərkəzi icra hakimiyyəti orqanında cəmləşdirir. “Qanun layihəsində jurnalistlərə peşə etikasına əməl etmək, fakt və hadisələri qərəzsiz, obyektiv şərh etmək, birtərəfliliyə yol verməmək, gizli yolla əldə edilmiş bütün məlumatların yayılmasını yasaqlamaq kimi tələblərin qoyulması ilə ifadə azadlığı, xüsusilə media azadlığı daraldılır.

Qanun layihəsinə siyasi partiyaların informasiya siyasətini, mediaya çıxışını  məhdudlaşdıran  müddəalar da daxil edilib.  Belə ki, Qanunun 26.3-cü maddəsi   siyasi partiyaların  (çap mediası istisna olmaqla)  media subyektinin təsisçisi (iştirakçısı) olmasına məhdudiyyət qoyur.

Bu layihənin siyasi partiya nümayəndələrinin də iştirak etdiyi  geniş ictimai müzakirədən keçirilmədən, onunla bağlı Avropa Şurasının Venetsiya Komissiyasının, ATƏT-in Media Ofisinin müsbət rəylər alınmadan parlamentdə müzakirəyə çıxarılması da milli qanunvericiliyə  və ölkəmizin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə ziddir.

Qanun layihəsinin qəbul olunması  Azərbaycan Respublikası Konstitutsiyasının və milli qanunvericilyin, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin  tələblərinin pozulmasına, söz, fikir və mətbuat azadlığının məhdudlaşdırılmasına gətirib çıxaracaq.

Odur ki,  sizi  bütün bunları nəzərə alaraq  Qanun layihəsinin parliament müzakirəsinin dayandırılması və onun  geniş ictimai  müzakirəyə çıxarılaraq təkmilləşdirilməsi üçün gərəkli addımlar atmağa çağırırıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button