Media

“AzPolitika”nın 10 yaşı oldu

10 il bir göz qırpımında keçdi…
“AzPolitika”nı yaradanda hələ gənc sayılırdıq və çoxlu arzularımız vardı. Yeni bir macəraya atılmaq üçün enerji tapmaq olardı. Həm də bəlli idi ki, qəzet dövrü artıq tarixə çevrilir. İnad edərək print-mediada qalmağın heç bir mənası qalmamışdı.
Bu dəfə özümüzü onlayn mediada sınamaq qərarına gəldik və bu zaman keçmiş bir dostun aylıq 2 min dollar yardım təklifi göydəndüşmə oldu.
İdeya 2 nəfərin arasında yaranmışdı, amma “sponsor” üçüncü ortaq dostumuzu da bizimlə olmağa razı saldı.
Beləcə, 3 dostla yola çıxdıq…
Saytımızın adı “Politika.az” olmalı idi, amma nə işdisə bu domeni bizə satmaqdan imtina etdilər. ““Politika” sözünə görə Prezident Administrasiyasından icazə alınmalıdır”, dedilər. Elə o an ani qərarla layihəmizi “Azpolitika” adlandırdıq və xaricdən “azpolitika.info” domenini aldıq. Beləcə, həm də saytın adının əvvəlinə “az” artırılması ənənəsinin əsasını qoyduq.
Kifayət qədər iddialı başlamışdıq, yadımdadır, ilk həftəmizin tamamında 5 mindən artıq “İP”-miz var idi.
Bu uğur həm də yenicə xaricə qaçmış Elşad Abdullayevi tapıb danışdıra bilməyimizlə bağlı idi. Adamın hər açıqlaması gündəmə bomba kimi düşürdü…
Lakin az sonra vəziyyət dəyişdi – bizə kömək vəd etmiş artıq keçmiş dostumuz həmişəki kimi, yenə vədinə xilaf çıxdı, belə xırda miqdarı gözündə çox böyütdü, nəticədə 2 min dolları ilə birlikdə bizə qoşduğu üçüncü dostumuzu da götürüb uzaqlaşdı, bu azmış kimi saytımızın dublikatını da yaratdı. Uzun illər inandığımız, yolunda əziyyətlər çəkdiyimiz bir adamın naxələfliyi çox pis təsir etsə də, bir tərəfdən də bizi inada saldı, saytımızın yaşaması və uğur qazanması üçün bütün gücümüzü səfərbər etməyə təhrik etdi.
Təxminən 3 aydan sonra saytımızın dublikatı artıq mövcud deyildi. Biz isə sürətlə oxucu toplamaqda və tanınmaqda idik. Biz qazandıq, itirən isə keçmiş dostumuz oldu. O, korafəhmliyi, etibarsızlığı, xaraktersizliyi və siyasətdə burnunun ucundan uzağı görə bilməməsi sayəsində sonralar da itirə-itirə getdi və sonda demək olar ki, tək qaldı…
Biz isə dözdük və asta addımlarla irəlilədik. “AzPolitika”dan sonra Azərbaycanda yüzlərlə sayt yarandı, amma düşünürəm ki, hazırkı ağır rəqabət mühitində də mövqelərimizi qorumaqda davam edirik. “AzPolitika”nın sabit oxucu kütləsi formalaşıb – bunlar, əsasən ölkənin indisini və gələcəyini düşünən insanlardır.
“AzPolitika” dostlar klubudur. 2 nəfərlə başlasaq da, hazırkı kollektivimizin 70 faizini 20 illik dostlarımız təşkil edir. Sonradan bizə qoşulan gənclər sarıdan da bəxtimiz gətirdi, etibarlı dostlarımızın sırası bir az da genişləndi…
Hədəfimiz daha gözəl, daha qürurlu, daha demokratik bir AZƏRBAYCANDIR!
Elnur Məhərrəmli,
Azpolitika.info-nun baş redaktoru

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button