Media

DİN: Aytən Məmmədovaya hücum edən şəxsin axtarışları davam edir

Mayın 8-i axşam saatlarında Jurnalist Aytən Məmmədovanı bıçaqla hədələyən şəxsin axtarışları davam etdirilir. Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya deyib.

DİN rəsmisi bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 134-cü maddəsi (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə cinayət işi başlanılıb. Ehsan Zahidov qeyd edib ki, hadisə baş verən ərazidəki bütün kameraların görüntülərinə baxış keçirilib, şübhə doğuran şəxslər tanınması üçün Aytən Məmmədovaya təqdim olunub. «Qeyri-aşkar şəraitdə baş vermiş belə cinayətlərin açılması zaman tələb edir. Odur ki, səbrli olub istintaqın başa çatmasını gözləməliyik”, – deyə, Ehsan Zahidov vurğulayıb.

Mayın 8-də gecə saatlarında jurnalist Aytən Məmmədova naməlum şəxsin hücumuna məruz qalıb.

Jurnalistin sözlərinə görə, yaşadığı binanın blokuna girərkən bir nəfər arxasınca gəlib və liftdə bıçağı onun boğazına dirəyib: “Mənə dedi ki, məhkəmə işi barədə yazmayım. Qızımla hədələdi, amma hansı iş barədə hədələdiyini demədi”.

Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı gedən məhkəmə işidir.

Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edirdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button