Media

Hikmət Hacıyev: “Onların gördüyü işlər 100 il sonra üçün də vacibdir”

Onların gördüyü işlərin böyük bir dəyəri var. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyi sənədləşdirirdilər. Onlar işğaldan azad edilmiş əraziləri qarış-qarış, addım-addım, kəndbəkənd gəzirdilər. Bu işin dəyəri bu gün də, yüz ildən sonra üçün də vacibdir”.

İyunun 5-də Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə minaya düşən jurnalist Məhərrəm İbrahimovun vida mərasimində danışarkən belə deyib.

“Çünki onlar Azərbaycan xalqının salnaməsini yaradırdılar. AZƏRTAC və Azərbaycan Televiziyası tərəfindən ezamiyyətlərinin dəyişdirilməsi ilə bağlı müraciətlər olduğu təqdirdə belə geri qayıtmırdılar. Bu işi çox böyük əzmlə, rəşadətlə və həvəslə yerinə yetirirdilər”, – Prezident köməkçisi bildirib.

H. Hacıyev baş verən hadisə ilə bağlı beynəlxal təşkilatlara müraciət olunduğunu, “bu vandalizm və bu vəhşilik beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır” söyləyib.

Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi iyunun 4-də səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü – Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button