Media

“Media haqqında” qanun layihəsi ilə bağlı Milli Məclisə müraciət edildi

Dekabrın 15-də media ekspertləri, jurnalistlər və hüquqşünaslar  “Media haqqında” qanunu layihəsinin  Milli Məclisin gün­də­liyindən çıxarılması barədə müraciət ediblər.

“Biz – bu müraciəti imzalayanlar, Azərbaycan Respublikası Milli Məclisində 1-ci oxunuşda qəbul edilən “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsi təklifinin media və ifadə azadlığını məh­dud­laş­dırmağa geniş imkanlar açmasından təəssüflənir, təklifin ictimai müzakirə testindən keçmədən, tələm–tələsik parlamentdə müzakirəsini demokratik dəyərlərə sayğısızlıq kimi qiymətləndirir, Milli Məclisi sözügedən layihəni gün­də­likdən çıxarmağa, geniş qatılımla işlənməsi üçün geri qaytarmağa çağırırıq”, – deyə sənəddə bildirilib.

Həmçinin qeyd olunub ki, qanun təklifinin parlament müzakirələrinə qədər qapalı tutulması, bilgi açıqlığı ilə bağlı milli qanunlara, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun deyil.

Bildirilir ki, layihə ölkənin media ictimaiyyətinin habelə Azərbaycanın tərəfdaşlıq etdiyi Avropa Şurasının Venetsiya Komissiyasının, ATƏT-in Media Ofisinin müsbət rəyini almayıb.

Müraciətdə həmçinin bu fikirlər yer alıb:

“Milli Məclisin 2005-ci ildə qəbul etdiyi “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu, media hüququ ekspertlərinin, yerli, beynəlxalq ictimaiyyətin iştirakı ilə hazırlanmışdı. Həmin Qanun, ictimai bilgilərə çatımla bağlı əlverişli qanuni mexanizmlər yaradıb, onu indi də beynəlxalq təşkilatlar, mütərəqqi ölkələr örnək kimi göstərirlər. Müzakirəyə çıxarılan “Media haqqında” qanuna münasibətdə bu yaxşı təcrübənin də görməzdən gəlinməsi təəssüf doğurur.

Qanun təklifi ilə Azərbaycan Respublikası Konstitusiyasının, Avropa İnsan Haqları Konvensiyasının ifadə və media azadlığı hüququnu qoruyan müddəaları arasında ciddi uyğunsuzluqlar var. Konstitusiya hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir, fikir, söz azadlığını, məlumat azadlığını qoruyur.

Bütün konstitusion hüquq və azadlıqlar beynəlxalq müqavilələrə uyğun tətbiq edilməlidir. Beynəlxalq müqavilələr milli qanunvericilik sistemimizin ayrılmaz tərkib hissəsidir və onunla milli qanunlar arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilməlidir. Avropa İnsan Haqları Konvensiyasının ifadə azadlığı hüququnu təminat altına alan 10-cu maddəsi isə ifadə azadlığına müdaxilələrin aydın çərçivəsini, əsaslarını müəyyən edir. Təəssüf ki, qanun layihəsi təklifi qeyd edilən testlərin heç birinə cavab vermir, ifadə, media azadlığına gərəksiz müdaxilələrə münbit şərait yaradır.

Qanun təklifi, kimlərin jurnalistika peşəsi ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdə dövlətə geniş imkanlar açır, medianın özünütənzimləməsi modelindən imtinanı mənimsəyir. Dövlətin jurnalistlərə reyestr yaratması, reyestrlə bağlı çətin şərtlərin müəyyən edilməsi, vahid vəsiqə qaydasınının tətbiqi, qanunla jurnalistlərə peşə etikasınə əməl etmək, fakt və hadisələri qərəzsiz, obyektiv şərh etmək, birtərəfliliyə yol verməmək, gizli yolla əldə edilmiş bütün məlumatların yayılmasını yasaqlamaq kimi tələblərin qoyulması, ifadə azadlığı hüququnun mühüm komponenti olan media azadlığına sağalmaz yaralar vura bilər.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button