Media

Qadına qarşı zorakılıq- mentalitet və tabularla üz-üzə…

Ölkədə qadınlara qarşı zorakılıq halları artıq ifrat həddədir. Əvvəlki illərlə müqayisədə problem daha da aktuallaşıb və ciddiləşib. Qadınlar illərdir ki, zorakılığın müxtəlif formalarına məruz qalırlar, onlara fiziki və psixoloji olaraq zorakılıq göstərilir, intihar gəddinə çatdırılır, həmçinin ailə üzvləri tərəfindən öldürülürlər.

Qadınlara qarşı zorakılıq problemi aktuallaşıb. Yəni əvvəllər bu, tabu idi, danışılmırdı, insanlar açıq danışmağa cürət etmirdilər, müəyyən stereotiplər vardı. İnsanlar, daha çox da qadınlar düşünürdülər ki, polisə getmək, bu barədə danışmaq, ailənin sirrini yaymaq həmin qadın üçün xoşagəlməz bir haldır və yaxud onun şəxsiyyətinə yaraşmır. Amma indi kifayət qədər məlumatlandırma var. Amma bununla belə, zamanda zorakılıq forması da dəyişir, daha qəddar formaya keçir, xəsarət və ölüm halları artır. Yaxud zorakılığın təsirindən intihar halları olur ki, bunlar da artıb. Bu baxımdan, maarifləndirmə işləri, bu məsələlərin ictimailəşməsi, ictimai müzakirələrin çox olması vacibdir. Həm də bu müzakirələr belə bir fikir formalaşdırır ki, ölkə başdan-başa zorakılıqdır, bütün ailələr arasında zorakılıq var. Bütün ailələr arasında zorakılıq olmasa da, əslində faizlər yüksəlkdir.

Zorakılıq şəxsin özünün istəyi əleyhinə ona qarşı edilən hərəkətdir. Yəni bəzi insanların zorakılıq kimi qəbul etdiyi hərəkətləri bəziləri ənənəvi aiıə münasibətləri kimi qiymətləndirir. Azərbaycanda qadına qarşı zorakılığın, zorakılığa bəraət verməyin mentalitetlə sıx bağlılığı var. Müasif dövr tələb edir ki, ailədə hər iki tərəf fikrini ifadə etməyi, ailənin idarəsində iştirak etməyi və bərabər idarə etməyi öyrənsin. Bizdə ənənəvi rollarımızla yeni qanunlar arasında uzlaşmama var. Problem budur: ənənəvi rollarımız və yeni qanunlar. Yeni qanunlar və ənənəvi davranış modeli bir-biri ilə tərs mütənasib gələndə gərginlik bir az da artır. Zorakılıq edən və buna haqq qazandıran kişi düşünür ki, qanunlar onu idarə edə bilməz. Həmçinin, qadının evdən getməsi, zorakılığa etiraz etməsi hələ də ailə münasibətlərində gərginlik kimi qiymətləndirilmir, qadının özbaşınalığı, illərin qaydalarına qarşı çıxması kimi xarakterizə edilir. Ölkədə hələ də böyük əksəriyyət ailədaxili zorakılığa haqq, bəraət qazandırır.

Qadına qarşı zorakılıq ailə münaqişəsi demək deyil. Münaqişə zamanı hər iki tərəf öz sözünü deyə bilər. Zorakılıqda isə zorakılığa məruz qalan tərəf heç nə deyə bilmir, ancaq idarə olunur, tabe olunur. Ancaq münaqişə ilə zorakılıq arasında eyniləşdirmə olması zorakılığa qarşı mübarizəni çətinləşdirir. Zorakılıq zamanı zorakı tərəf qarşısındakını dinləmir, buna ehtiyacı yoxdur. yəni yaranmış problemin həllinə ehtiyac duymur. Ehtiyac olan qarşı tərəfi zorakılıqla susmağa və əzilməyə məcbur etməkdir.

Normal ölkələrdə qadınlara qarşı edilən zorakılığın istehsala təsiri barədə tədqiqatlar var. Qadınların zorakılığa məruz qalması istehsalın azalmasına gətirib çıxarır. Əgər qadın döyülürsə, psixoloji gərgin olursa, bu, istehsala öz təsirini göstərir və bu tədqiqatlarda zorakılığın dövlətə vurduğu zərər hesablanır.  Azərbaycandan fərqli olaraq, həmin dövlətlərdə zorakılığa məruz qalan qadın bilir ki, onu müdafiə edəcək dövləti var və dövləti dərhal ona sahib çıxacaq. Həmin ölkələrdə bu istiqamətdə xeyli və mükəmməl şəkildə qadın sığınacaqları da fəaliyyət göstərir.

Azərbaycanda isə sığınacaqlar və sosial xidmətlər paketi hələ formalaşmayıb. Sığınacaqlara dövlət dəstəyi yoxdur. Sığınacaq məsələsi ölkədə çox aktualdır. Sığınacaqlara dövlət dəstəyi yoxdur. Qanun da tam mükəmməl deyil. Azərbaycan hələ İstanbul Konvensiyasına qoşulmayıb. İstanbul Konvensiyası ilə bağlı uzun zamandır müzakirələr gedir. Bu Konvensiya qətllərin qarşısını almaq üçün yaxşı bir mexanizmdir. Həmçinin, psixoloq xidməti ölkədə geniş yaylılan xidmət deyil, psixoloqlar azdır və xidmət haqqı xeyli yüksəkdir. Zorakılıq qurbanlarınn reabilitasiyası da bu səbəbdən mümkün olmur. Ölkədə zorakılıq qurbanlarına pulsuz xidmət göstərən psixoloji mərkəzlər olmalıdır. Zorakılıq qurbanlarının cəmiyyətə inteqrasiyası ciddi problemdir. Bir neçə qeyri-hökümət təşkilatının məhdud imkanlar çərçivəsində gördüyü işlərlə qadına qarşı zorakılığın qarşısını almaq mümkün deyil.

Ülviyyə Xəlil,

İctimai fəal, Ümid Partiyasının üzvü

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button