Ölkə içi

Əli Kərimli: “Rusiya Azərbaycan müxalifətinə təsir edə bilməz, hakimiyyət də Moskvadan gələcək təhdidlərdən qorxmamalıdır”

“İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuş görüşdə iki dövlət arasında sülh sazişinin hazırlanmasını xarici işlər nazirlərinə tapşırmaq və Azərbaycanla Ermənistan arasındakı sərhəddə delimitasiya problemlərini həll etmək üçün aprel ayı ərzində işçi qrup yaratmaq barədə  razılaşmasını düzgün istiqamətdə atılmış addım kimi qiymətləndirirəm”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri AXCP sədri Əli Kərimli dünən Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı deyib.

Partiya lideri bildirib ki, onlar Ermənistanla sülh danışıqlarının Rusiyanın monopoliyasından çıxarılmasını təkid ediblər. “Hesab edirik ki, qalan problemlərimiz Ermənistanla birbaşa danışıqlar vasitəsilə həll olunmalıdır. Brüsseldə əldə olunmuş ilkin razılaşmanı da məhz bu istiqamətdə atılmış addım kimi təqdir edirik. Danışıqların uğurla davam etməsi nəinki Ermənistanla olan müharibənin nəhayət, sülh sazişi ilə bitməsinə, həmçinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın Avropa Birliyi ilə inteqrasiyasına ciddi təkan vermiş olar”.

Əli Kərimli qeyd edib ki, Rusiya bu prosesi durdurmaq üçün müəyyən təşəbbüslər göstərəcək. “Artıq dünəndən Ermənistanda Rusiyaya bağlı müxalifət hazırlanan sülh sazişinə qarşı etiraz mitinqlərinə başlayıb. Rusiyanın Ermənistandan fərqli olaraq Azərbaycan müxalifətinə təsir imkanı yoxdur. Ona görə də Azərbaycan hakimiyyətinə təsir etməyə çalışacaq.  Ancaq Azərbaycan hakimiyyəti də Rusiyadan gələcək təhdidlərdən, yaradılacaq maneələrdən qorxmamalı, Rusiya – Ukrayna savaşının dünyanı dəyişdiyinə əmin olmalıdır. Azərbaycan və Ermənistan hakimiyyətləri Rusiyanın rəğbətini qazanmaq uğrunda bir – birilə yarışmaq siyasətindən nəhayət, imtina etməlidirlər. Brüsseldə əsası qoyulmuş sülh danışıqlarını başa çatdırmaq lazımdır. Azərbaycanla Ermənistan arasında dövlətlərin ərazi bütövlüyü prinspini əsas götürməklə sülh sazişi imzalanarsa, bu, Rusiya “sülhməramlılarının” nəhayət Qarabağı tərk etməsinə və bütövlükdə Cənubi Qafqazın Avropa açılımına da yol aça bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button