Ölkə içi

Abşeronda iş adamına qarşı külli miqdarda dələduzluq baş verdi – baş prokurora müraciət

Kiçik sahibkarlıqla məşğul olan Səfər Novruzov baş prokuror Kamran Əliyevə müraciət edib.

Sürətini daxili işlər naziri Vilayət Eyvazova, DİN İstintaq və Təhqiqat Baş İdarəsinin rəisi Emil Usubova, Abşeron Rayon Prokurorluğuna göndərilən müraciətində Səfər Novruzov üzləşdiyi dələduzluq cinayətinin araşdırılmasını xahiş edir.

“Səma-Plastik” MMC-nin direktoru olan müraciət müəllifi qeyd edir ki, törədilmiş cinayətlə bağlı şikayət ərizəsini Abşeron rayonu, Mehdiabad qəsəbəsinin polis bölməsinə təqdim edib:

“Ərizəmiz Mahmud adlı təhqiqatçının icraatındadır. Əvvəlki müraciətimizə baxmayaraq təhqiqatçı hələ də işə bigəna yanaşır. İşlə bağlı bizə heç bir məlumat vermir. Bizə qarşı törədilmiş əməldə cinayət tərkibi aydın şəkildə göz qabağında olsa da, iş üzrə hələ də cinayət işi başlanmayıb. Cinayətkarlar barədə heç bir tədbir görülməyib”.

Müraciət müəllifi yazır ki, “Səma Plastik” MMC plastik məhsulların istehsalı və satışı ilə məşğul olur: “Pero-Construction” MMC-nin direktoru Bağırov Seyran Elxan oğlu bizə sonradan məlum olduğu kimi, aldatmaq məqsədi ilə bizə yaxınlaşaraq bizdən mal almaq istədiyini bildirdi.

Aramızda bağlanmış, direktoru olduğu MMC-nin möhürü ilə təsdiq edilmiş 0314/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli saxta alğı-satqı müqaviləsi ilə Murad adlı şəxslə birgə dəyəri 6 min 630 manat və 5 min 400 manat olmaqla ümumi dəyəri 12 min 30 manat təşkil edən mal aldı. Dəyərini ödəmədi. Bizə qarşı dələduzluq etməklə xeyli miqdarda zərər vurdular. Daha sonra həmin MMC-nin direktorunun bizdən aldığı malları Murad adlı şəxsə dəyərindən aşağı qiymətə satması və birgə həyata keçirdikləri çirkin niyyətləri məlum oldu.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə nəzərdə tutulur. Həmin maddənin 178.2.1-ci maddəsinə görə, eyni əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bunu da nəzərinizə çatdırmaq istəyirik ki, “Səma Plastik” MMC olaraq hər zaman dövlətimizin bizə qoyduğu qanunlara riayət edərək fəaliyyət göstərmiş, heç vaxt dövlətimizin qanunlarından kənara çıxmamışıq. Vergi ödənişlərimizi vaxtı-vaxtında həyata keçirmişik. Bu gün hər hansı bir dələduzun bizə vurduğu zərər nəticəsində tabeliyimizdə çalışan işçilərin, həmçinin məcburi köçkün olan işçilərimizin əmək haqqlarını ödəməkdə çətinlik çəkirik. Hörmətli Kamran müəllim! Yuxarıda qeyd olunanlara əsasən prosessual nəzarəti öz üzərinizə götürərək işin təhqiqatdan götürülüb Abşeron Rayon İstintaq İdarəsinə verilməsi barədə göstəriş verməyinizi Sizdən xahiş edirəm!”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button