Ölkə içi

Azərbaycanda qəbul edilən qanunları niyə başa düşmək olmur? – Ekspert

“Azərbaycanda qəbul edilən qanunların, o cümlədən onlara edilən düzəlişlərin başa düşülməsi bir çox hallarda ciddi problemdir. Bəzən heç onların qəbulu səbəbləri də naməlumdur. Təcrübədə hətta məhkəmələr də bundan əziyyət çəkir”.
Qaynarinfo xəbər verir ki, vəkil Əkrəm Həsənov qanun layihələrinin əsaslandırılmasının dərc olunmaması, qanunverici niyyətini gizlətmə səbəblərini açıqlayarkən deyib. Onun sözlərinə görə, qanunları təfsir etməli olan Konstitusiya Məhkəməsi də bəzən şərh vermək əvəzinə parlamentdən qanunu təkmilləşdirməyi xahiş edir:
“Əslində, Konstitusiya Məhkəməsi belə etməməlidir və qanunu hər bir halda təfsir etməlidir. Lakin burada mövzumuz başqadır. Əsas odur ki, Konstitusiya Məhkəməsi belə bəzən qanunlarımızı başa düşmür. Əlbəttə, qanun insan beyninin məhsuludur. Orada səhv də ola bilər, boşluq da, ziddiyyət də. Düzdür, bizdə onların sayı lap çoxdur. Əvvəla, ona görə ki, deputatlarımızın mütləq əksəriyyəti, hətta hüquqşünas diplomu olanların belə bir hissəsi, hüquqdan çox uzaq adamlardır. Digər tərəfdən, ölkədə vahid qanunvericilik institutu yoxdur. Üstəlik, bizdə layihələrin ictimai müzakirəsi təcrübəsi də mövcud deyil. Nəhayət, hüquq elmi ilə qanunvericilik prosesi arasında əlaqə yoxdur. Həmçinin ona görə ki, elmin özü demək olar ki, yoxdur.
Amma hətta bizdə olmayanların olduğu ölkələrdə qanun layihələrinin əsaslandırılmasının dərc edilməsi ənənəsi var. Dərc edilən arayışlar adətən qanun layihəsinin özündən iri olur və orada layihənin qəbulu məqsədi, maddələrin izahı, gözlənilən nəticələr və s. öz əksini tapır. Sonra da məhkəmələr qanunu təfsir və tətbiq edəndə həm parlamentin stenoqramlarını, həm də bu əsaslandırma materiallarına istinad edirlər. Bununla da qanunvericinin niyyətini müəyyən etməyə çalışırlar”.
Əkrəm Həsənov hesab edir ki, parlamentdə layihələrin müzakirələri, bir qayda olaraq, geniş və predmetli xarakter daşımır:
“Əsasən ona görə ki, deputatlarımızın çoxu heç buna qadir də deyil. Buna görə 2005-ci ilin sonundan etibarən dərc edilən iclas stenoqramları da bu və ya digər qanunun niyə qəbul edildiyi, bu və ya digər maddənin məramı və məqsədini başa düşməyə bir çox hallarda imkan vermir.
Buna görə də layihənin əsaslandırılması üzrə arayışların dərci bizdə olduqca vacibdir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 48-ci maddəsinə əsasən belə arayışlar hər layihə üzrə olmalıdır. Deməli, onlar mövcuddur, lakin dərc edilmirlər. Nəticədə, qanunvericilik hakimiyyətinin niyyəti bir sıra hallarda gizli qalır və bu, təcrübədə, xüsusilə məhkəmələrdə xeyli problemin yaranmasına səbəb olur. Digər tərəfdən, bu arayışların dərc olunmaması onların əksər hallarda çox bəsit şəkildə tərtib olunmasına səbəb olur. Heç yerdə dərc olunmayacaq sənəd üzərində heç kəs ciddi çalışmaq istəmir. Əsaslandırması zəif olan qanun layihəsinin isə özü bir çox hallarda zəif olur. Çünki istənilən layihəni əsaslandırmağa başlayanda onun təkmilləşdirilməsi də daha səmərəli olur”.
Vəkilin fikirincə, bütövlükdə qanunvericiliyin də inkişafı zəifləyir:
“Belə olduğu halda, sözügedən arayışlar axı niyə dərc edilmir? Niyə sivil dünyada mövcud olan təcrübə bizdə yoxdur?”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button