Ölkə içi

Eldar Həsənov: “Vaxt itkisinə yol verilmədən, tezliklə haqqımda hökm çıxarılsın”

Həbsdə olan keçmiş Baş prokuror və vəkil Eldar Həsənovun vəkilləri onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini Əfqan Hacıyevin baxmasına etiraz edir. 

Vəkillər bununla əlaqədar məhkəməyə yazılı şəkildə etiraz verib. “Meydan TV”-nin xəbərində deyilir.

Sabiq səfir haqqında cinayət işinə Əfqan Hacıyevin sədrliyilə, Əhməd Quliyev və Zeynal Ağayevdən ibarət hakimlər kollegiyası baxır. Vəkillər yalnız sədrlik edənə etiraz verib.

Vəkillər əvvəlcə Eldar Həsənovun səhhətində ciddi problemlər olduğunu vurğulayaraq, onun etibar etdiyi həkim tərəfindən müayinə və müalicəsinə icazə verilməsini istəyib. Müdafiəçilər əcnəbi həkim tərəfindən müayinə məsələsilə bağlı vəsatət qaldırıb.

Bundan əvvəl müdafiə tərəfi həkim Adil Qeybulla tərəfindən müayinə və müalicəyə şərait yaradılması haqda vəsatət qaldırsalar da, hakimlər kollegiyası onu təmin etməmişdi. Hakim Əfqan Hacıyev həkim Adil Qeybullanı “hərşeyşünas” adlandıraraq, onun yardımına ehtiyac duyulmadığını bildirmişdi. Bu üzdən müdafiəçilər Eldar Həsənov və ailəsinin etibar etdiyi başqa bir həkimlə bağlı vəsatət qaldırıb.

“Azərbaycanın səhiyyə nazirinin özü də gedib Almaniyada müalicə olunurdu…”, – vəkillər əcnəbi vəkil tərəfindən müayinə ilə bağlı vəsatəti əsaslandırarkən belə deyib.

Hakimlər bu vəsatəti də təmin etməyib. Bildirilib ki, Eldar Həsənovun saxlandığı DTX-nın istintaq təcridxanasında həkim də var, avadanlıq da.

Bundan sonra vəkillər Əfqan Hacıyevə etiraz verib. Müdafiəçi Cavad Cavadov vurğulayıb ki, 4 aydır məhkəmə prosesi gedir, lakin məhkəmə Eldar Həsənovun müdafiəsi üçün zəruri olan heç bir vəsatəti təmin etmir:

“Müdafiə tərəfinin verdikləri bütün vəsatətlər rədd edilir. Özü də rədd qərarı əsaslandırılmır. Bəzən heç digər hakimlərlə müzakirəyə də çıxarılmır. Halbuki, qanuna görə, vəsatətlə bağlı qəbul edilmiş qərar əsaslandırılmalıdır, ərizəçinin dəlillərinə verilmiş qiymət əksini tapmalıdır. İşin hərtərəfli, obyektiv araşdırılmas, cinayət prosesində iştirak edən şəxslərin pozulmuş hüquqlarının bərpasına yönəlik vəsatət və xahişlər rədd edilə bilməz”.

Cavad Cavadov həkim Adil Qeybulla ilə bağlı vəsatət rədd edilərkən hakimin onunla bağlı səsləndirdiyi fikirləri yada salıb:

“Vəsatəti rədd edərkən sədrlik edən Əfqan Hacıyev professor Adil Qeybullanı “hərşeyşünas” adlandırdı, şəxsin an adi tibbi yardım almaq hüququnu da təmin etmədi. Sağlamlıqla bağlı ciddi məsələlərə kifayət qədər yersiz sözlərlə münasibət bildirildi. Dostcasına iradımızı bildiririk ki, belə məsələlərdə daha həssas və diqqətli olmaq lazımdır. Hakim ictimai fiqur sayılır. Onun qəbul etdiyi qərarlar da, hərəkətləri də diqqət mərkəzindədir. “Hakimlərin davranışına dair Banqalor prinsipləri” var. Bu prinsiplərə əsasən, hakimin obyektivliyi onun öz vəzifələrini lazımi qaydada icra etməsinin zəruri şərti sayılır. Yəni hakim öz davranışında diqqətli olmalı, prokurora çevrilməməlidir. Amma bu məhkəmə prosesində görürük ki, hakimin ittiham və müdafiə tərəfinə münasibəti eyni deyil”.

Eldar Həsənov etiraza münasibət bildirərkən onun təmin olunmayacağına öncədən əmin olduğunu vurğulayıb. O, etirazla bağlı qərarı məhkəmənin mülahizəsinə buraxıb:

“4 aydır davam edən məhkəmə prosesində vəkillərlə mənim aramda ikinci haldır ki, ziddiyyətli mövqedə qalmışıq. Onlar israrlı olub, mənim isə yanaşmam fərqli olub. Vaxt itkisinə yol vermək lazım deyil. Adım kimi əminəm, bu etiraz da təmin olunmayacaq. Mən istəyirəm ki, vaxt itkisinə yol verilmədən, tezliklə mənim haqqımda hökm çıxarılsın”.

Əfqan Hacıyevə verilmiş etiraza baxan digər iki hakim onun təmin olunmamasına qərar verib.

Məhkəmə prosesinin davamında sənədlər elan edilib. Hakim Əfqan Hacıyev məlumat verib ki, xaricdə yaşayan şahidlər məhkəmə prosesinə çağırılıb. Onların dekabrın 22-də dindirilməsi gözlənilir.

Xaricdəki şahidlər arasında Eldar Həsənovun səfir işlədiyi ölkələrdə səfirlik binalarını satmış əmlakçılar, həmin əmlakların sahibləri və s. var.

Məhkəmə prosesi dekabrın 6-da davam edəcək.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım  kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button