Ölkə içi

İlham Əliyev və Nikol Paşinyanın Avropadakı görüşündən nə gözlənilir?

“Brüsseldə baş tutacaq görüşdə ciddi qərarlar qəbul olunmayacaq. Sülh və əməkdaşlıq kimi ümumi çağırışlar olacaq”.

Bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dekabrın 15-də Avropa İttifaqının paytaxtı Brüsseldə baş tutacaq görüş haqqında “Toplum TV”-yə danışarkən deyib.

Görüş Avropa İttifaqı (Aİ) və Şərq Tərəfdaşlığı ölkələri arasındakı Zirvə görüşü çərçivəsində keçiriləcək.

“Görüşdə həm Aİ ilə Azərbaycan arasında müxtəlif sahələrdə həyata keçirilən layihələr, həm də əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Eyni zamanda, belə formatlarda bir qayda olaraq çoxsaylı ikitərəfli görüşlər keçirilir. İstisna deyil ki, digər beynəlxalq qurumların rəhbərləri ilə görüşlər olacaq. Həmçinin, Aİ Prezidenti Şarl Mişelin təşəbbüsü ilə sammit çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulub”, – deyə xarici işlər naziri Ceyhun Bayramov AZTV-yə açıqlamasında deyib.

“Avropa İttifaqının bu məsələlərin həllində həlledici rolu və təsir imkanları yoxdur”

T.Zülfüqarov söyləyir ki, ictimaiyyətdə bu görüşə aid dəqiq olmayan münasibət formalaşıb: “Bu görüşün mahiyyəti və görüşü təşkil edən qurum barəsində yalnış fikirlər formalaşıb. Avropa İttifaqı ümumiyyətlə, vasitəçiliklə məşğul olmur. Bu onlar tərəfindən sadəcə olaraq xoşməramlı bir xidmət kimi təklif olunur ki, münaqişə edən ölkələrin dövlət başcıları görüşsün və hansısa məsələləri öz aralarında müzakirə etsinlər. Aİ istəyir ki, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində iki ölkənin hansısa ehtiyaclarını qiymətləndirsin və öz köməyini təklif etsin”.

Tofiq Zülfüqarov – BBC

Siyasi ekspert Nəsimi Məmmədli də Brüssel görüşündən yeniliklər gözləmir.

Onun sözlərinə görə, hazırda Qarabağ danışıqlarında işlək format Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın imzaladağı 10 noyabr 2020-ci il “Atəşkəs Bəyanatı”na əsaslanan üçlük formatıdır.

Bunu da oxu: “3+3”, yoxsa “3+2”? – “Bu platforma Azərbaycanın milli maraqlarına ziddir”

“Bütün danışıqlar məhz bu formatda real nəticələrə səbəb olur. ATƏT-in Minsk Qrupu formatı da indiki şəraitdə proseslərdə aktiv rola sahib deyil. Ermənistanla Azərbaycan arasında böyük sülh sazişi hələ real deyil. Buna xeyli zaman lazım olacaq. Delimitasiya və demarkasiya, habelə, kommunikasiyaların açılması məsələləri reallığa daha yaxın olsa da Ermənistan bu iki vacib məsələnin heç birini hələ də qəbul etmək niyyətində deyil. Ermənistanın baş naziri Nikol Paşinyan sülhdən danışır ancaq sülh müqaviləsi imzalamaq istəmir, delimitasiya və demarkasiyadan boyun qaçırır. Kommunikasiyaların açılmasına tərəddüd edir. Ermənistan yeni yaranan reallıqları dəyişməyə ümid edir. Avropa İttifaqının bu məsələlərin həllində həlledici rolu və təsir imkanları yoxdur”,  – deyə ekspert bildirib.

Nəsimi Məmmədli – VOA

“Görüş daha çox mövqelərin müzakirəsi üzərində qurulacaq”, – bunu isə Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Brüsseldəki görüşdə ciddi qərarlar qəbul olunmayacaq.

“Əslində, lazımi qərarlar artıq qəbul olunub. Qərarların olduğu sənədlərin altından həm Azərbaycan, həm Rusiya, həm də Ermənistan rəhbərləri imza atıb. Sənədlərin üzərində müzakirə gedə bilər. Ancaq bu müzakirələrin yeri Brüssel deyil, həlledidi müzakirələr ya Moskvada, ya Soçidə, ya da Ankarada gedə bilər”.

Avropanın platforma kimi çıxış etməsi Azərbaycan-Ermənistan münaqişəsi üçün nə vəd edir?

N.Məmmədli qeyd edir ki, Avropa İttifaqı regional münaqişələrin həllində rol almır: “Avropa İttifaqının məqsəd və məramı fərqlidir. Münaqişlərin həlli missiyası ATƏT-in üzərində olsa da onun da rolu xeyli azalıb. 26 ildir aparılan danışıqlar müsbət nəticə verməyib və müharibə qaçılmaz olub. Odur ki, yenidən Avropanın vasitəçiliyi ilə danışıqlar prosesində müsbət nəticələrə ümid azdır. Ermənistanı sülhə məcbur etmək üçün Avropanın hansısa uğurlu planı olarsa bu, faydalı ola bilər. Əks halda nəticəsiz danışıqlar prosesinə yeni qüvvələrin cəlb edilməsi zərərlidir”.

Deputat Fazil Mustafa isə hesab edir ki,  Aİ indiki vəziyyətdə heç nə vəd etmir: “Aİ vasitəçilik missiyasını çox uğursuzluqla yerinə yetirib və bu istiqamətdə obyektiv mövqe sərgiləməyib. Aİ bu görüşdə də qeyri- obyektiv mövqe tutarsa, daha bu müzakirələrin Azərbaycan üçün heç bir əhəmiyyəti olmayacaq. Sadəcə olaraq Azərbaycan indi də görüşdən imtina etmədiyini, müzakirəyə açıq olduğunu, bölgədə sülhün bərqarar olmasını istədiyini göstərən bir iradə nümayiş etdirib”.

Fazil Mustafa – Açıq mənbələrdən götürülüb

Avropa İttifaqı tərəflərin konsensusa gəlməsi üçün hansısa addımlar ata bilərmi sualına Nəsimi Məmmədli belə cavab verib: “Aİ-nın münaqişə tərəfləri arasında nizamlayıcı effektli mexanizmləri və təsir alətləri yoxdur. Tövsiyə xarakterli addımlar atıla bilər”.

Bunu da oxu: Azərbaycan Demokratiya sammitində iştirak etməməklə nə itirir?

Siyasi ekspert bildirib ki, Ermənistan Aİ ilə saziş imzalayıb və strateji tərəfdaşdır, Aİ-dan böyük maliyyə dəstəyi alır.

“Aİ-nın regionda sülhə və əməkdaşlığa töhfəsi Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə çağırması və sülh müqaviləsinə razılaşdırması olar. Tərəflər arasındakı illərlə davam edən humanitar problemlərin həllinə və tərəflər arasında inteqrasiya məsələlərinə dəstək verə bilər”,-deyə o bildirib.

Xatırlatma

İlham Əliyev və Nikol Paşinyan sonuncu dəfə Rusiya prezidenti Vladimir Putinlə Rusiyanın noyabrın 26-da Soçi şəhərində keçirilən üçtərəfli görüşdə bir araya gəliblər.

Görüşün yekunu olaraq Rusiya, Azərbaycan və Ermənistan liderləri əvvəlki öhdəliklərini və razılaşmalarını təsdiq ediblər. Bu, regional kommunikasiyaların, iqtisadi əlaqələrin bərpa edilməsi ilə bağlıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button