Ölkə içi

İlqar Məmmədovun təklifinə üç reaksiya

Tofiq Yaqublu: “Absurd açıqlamalar verib, sonra da onları malalamaqla məşğul olmaq savadlı olmaq demək deyil”

Natiq Cəfərli: “Bütün icra başçılarının seçkilərin saxtalaşmasında birbaşa əli və iştirakı yoxdurmu?”

Fəzail Ağamalı: “”Maraqlıdır, Natiq Cəfərli bizə qarşı səsləndirdiyi bu iddiaları Erkin Qədirliyə də şamil edirmi?”

ReAl Partiyasının sədri İlqar Məmmədov icra başçıları korrupsiya ittihamı ilə həbs olunmuş rayonlarda (Neftçala, Biləsuvar, Şəmkir, İmişli, Kürdəmir və Cəlilabad) seçkilərin saxta keçirildiyini deyib və bunu hakim Yeni Azərbaycan Partiyasına qarşı törədilmiş “mümkün ədalətsizlik” adlandırıb. 

“Qəribədir ki, bütün Milli Məclisdə yerlərin 58 faizinə malik olan YAP burada cəmi 50 faizlə, demək olar ki, azlıqda qalır, yəni çoxluq təşkil etmir. Müxalifət isə indi Milli Məclisdə cəmi 10 faizə malik olsa da, bu siyahıdakı yerlərin 36 faizi onundur. Yəni həmin rayonlarda seçki YAP-ın əleyhinə saxtalaşdırılmış kimi görünür. Bu rəqəmlər seçkidəki anormallıqdan, YAP-a qarşı törədilmiş mümkün ədalətsizlikdən xəbər verir və ATƏT-in rəyinə əlavə qüvvədir.  Sözügedən qəribəlik bütün bu dairələr üzrə təkrar seçkilərin keçirilməsi üçün daha bir məntiqi əsasdır”, – İlqar Məmmədov “Feysbuk” səhifəsində belə yazıb.

O, həmin rayonlardakı dairələr üzrə deputatların siyahısını da açıqlayıb.

 

“Hakim Yeni Azərbaycan Partiyası:

 

– 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi – Əmiraslanov Əhliman,

– 67 saylı Cəlilabad şəhər seçki dairəsi – Həsənov Malik,

– 68 saylı Cəlilabad kənd seçki dairəsi – Nəsirov Elman,

– 98 saylı Şəmkir şəhər seçki dairəsi – Qafarova Sahibə,

– 99 saylı Şəmkir kənd seçki dairəsi – Həsənov Nurlan,

– 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi – Bayramov Kamran,

– 102 saylı Samux-Şəmkir seçki dairəsi – Səfərov Nizami.

 

Ana müxalifət – Vətəndaş Həmrəyliyi Partiyası:

 

– 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi – Hüseynov Rafael,

– 61 saylı Neftçala seçki dairəsi – Rüstəmxanlı Sabir,

– 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi – İbrahimli Fəzail.

Digər müxalifət (Ana Vətən və Milli Cəbhə Partiyaları):

– 60 saylı Salyan-Neftçala seçki dairəsi – Ağamalı Fəzail,

– 79 saylı İmişli seçki dairəsi – Nurullayev Razi.

 

Partiyasızlar:

– 57 saylı Kürdəmir seçki dairəsi – Ağazadə Əminə,

– 66 saylı Biləsuvar seçki dairəsi – Məhərrəmov Bəhruz.

Partiya sədri daha sonra qeyd edib ki, statusu sarkazmdır, ancaq konkret nəyə sarkazmla yanaşdığını açıqlamayıb: “Sarkazm düyməsini burada tapa bilmədim, amma bütün bunlar həm gülməlidir, həm də ölkəmizə yaraşmır”.

ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli “Toplum TV”-yə deyib ki, İlqar Məmmədovun yazdığı status sarkazmdır: “Başa düşdük ki, Tofiq Yaqublu anlamır, adamın savadı yoxdur, siz axı savadlı insansınz. İkincisi də, bütün icra başçılarının seçkilərin saxtalaşmasında birbaşa əli və iştirakı yoxdurmu? Bunu hamımız bilirik ki, bütün seçkilərin saxtalaşdırılmasında əsas rolu icra hakimiyyətləri oynayır, mərkəzdən tapşırıqları onlar icra edir. Barələrində cinayət işi açılmış icra başçılarının seçkilərdə əlinin olma ehtimalı kifayət qədər yüksəkdir”.

N.Cəfərli iddia edir ki, Razi Nurulayev və Fəzail Ağamalı tapşırıqla deputat seçiliblər: “Azərbaycanda hakimiyyətin mane olmadığı şəxslərin deputat seçilməsi mümkün deyil. İndi bilirəm ki, haqlı olaraq Erkin Qədrli məsələsinə toxuna bilərsiniz. Son bir ildə dilimiz qabar çıxartdı ki, Erkin Qədirliyə mane olmadılar. Adam cəmi 1962-2000-ə yaxın səslə deputat seçilib. Təbii, əgər istəsəydilər, mane ola bilərdilər, amma müxtəlif səbəblərə görə mane olmadılar”.

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Natiq Cəfərlinin onunla bağlı fikirlərinə belə reaksiya verib: “Əvvəla, biz onunla heç bir elmi diskussiyada iştirak eləməmişik. Kimin savadlı, kimin savadsız olduğu məlum deyil. İkincisi, biz siyasətçiyik və hakimiyyət uğrunda mübarizə aparırıq. Üçüncüsü, elə bil ki, Azərbaycan çempionatının ikinci divizionunda oynayan adam futbol tarixini və statistikasını Messidən yaxşı bilir, indi o, Messidən yaxşı futbolçu olur? Elədirsə, qoy mən də Natiq bəyin savadsızlığını göstərim: deməli, İlqar bəy deyir ki, icra başçıları həbs olunmuş rayonların deputatları istefa verməlidir. Bu, gülünc, absurd və savadsız yanaşmadır. Natiq bəy də onun dediklərini müdafiə edir. Baxın, görün kimdir savadsız? Ümumiyyətlə, absurd açıqlamalar verib sonra onları danmaq, malalamaqla məşğul olmaq savadlı olmaq demək deyil”.

“Biz hakimiyyət uğrunda mübarizə aparırıq, ölkədə demokratik cəmiyyət qurmaq istəyirik. Bəyan edirik ki, bu ölkəni bir ailə idarə edir, korrupsiyanın başında İlham Əliyev dayanır, deputatları o təyin edir və bu xalqdan 10 milyardlarla pul oğurlanıb. Bunları deyə bilmirlərsə, yazdıqlarımızda nöqtə-vergül axtarmasınlar”, – Tofiq Yaqublu vurğulayıb.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qeyd edib ki, N.Cəfərli Erkin Qədirliyə də eyni münasibəti bildirməlidir: “Maraqlıdır, Natiq Cəfərli bizə qarşı səsləndirdiyi bu iddiaları, bu münasibəti mənim hörmət bəslədiyim, həmkarım Erkin Qədirliyə də şamil edirmi? Bunu ondan mütləq soruşmaq lazımdır”.

Milli Məclisin deputatı Razi Nurullayev isə Natiq Cəfərlinin fikirlərinə münasibət bildirmək istəməyib.

 

Toplum.TV

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button