Ölkə içi

Müdafiə Nazirliyində müşavirə: Qarabağda əməliyyat şəraiti müzakirə olunub

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı nazirlik yayıb.

Məlumatda deyilir ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. “Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Nazir hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin daim təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib”.

Bundan başqa, Zakir Həsənov bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə real döyüş şəraitinə uyğun intensiv təlim və praktiki məşqlərin keçirilməsi, həmçinin hərbi hissələrin qarşısında duran döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olması barədə göstəriş verib. “General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqinə şəxsi heyətin hər an hazır olması barədə komandir və rəis heyətinə tapşırıq verib.

Nazir yüksək dağlıq və sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin sağlamlığının gücləndirilməsi və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button