Ölkə içi

Münasibətlər normallaşsa, Ermənistan soyqırım iddiasından əl çəkə bilərmi?

“Türkiyə-Ermənistan münasibətləri normallaşsa da, İrəvan dövlət səviyyəsində belə, qondarma soyqırım iddiasından əl çəkməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ankara ilə İrəvan arasında diplomatik və iqtisadi əlaqələrin qurulması fonunda Ermənistanın qondarma “erməni soyqırımı” kimi əsası olmayan iddialarından əl çəkib-çəkməyəcəyinə aydınlıq gətirərkən deyib:
“İstənilən halda bu, baş verməyəcək. Malı-mala qatmaq lazım deyil”.
Həmsöhbətimiz bildirir ki, qondarma soyqırım məsələsi ABŞ, Fransa və Rusiyada məskunlaşan erməni diasporunun ortaya atdığı və qızışdırdığı məsələdir:
“Bu, diaspor məsələsi olmasından öncə isə qondarma erməni soyqırımı silahından istifadə edib, Türkiyəni aşağılamaq, itaətə gətirmək istəyən Amerika, Fransa və Rusiya hökumətlərinin mövqeyidir. Yəni məsələ yalnız Ermənistandan asılı deyil. İrəvan rəsmiləri bu məsələdə təkbaşına qərar verə bilməz. Odur ki, Ermənistana qarşı belə bir tələb irəli sürülsə də, İrəvan bildirəcək ki, hər bir erməninin “ağzını yuma” bilməz. Yəni İrəvan bütün hallarda bundan imtina etməyi vətəndaşlarına qadağan edə bilməz”.
Ekspertin fikrincə, ola bilsin, komissiya yaradılıb hadisənin tarixi öyrənilənə qədər İrəvan hökumət səviyyəsində rəsmən məsələni qaldırmaya bilər:
“Ona görə də hətta Türkiyə ilə münasibətlər normallaşsa belə, İrəvan dövlət səviyyəsində belə, qondarma soyqırım iddiasından əl çəkməyəcək. Onlar buna getməyəcəklər”.
Z. Əlizadə düşünür ki, mövcud yanaşma davam etsə də, həmin mövqe Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına, diplomatik təmsilçiliyin qurulmasına, ticari əlaqlərin başlanmasına maneə olmayacaq:
“Əlbəttə ki, qondarma soyqırımın gündəmə gətirilməsi Türkiyəyə təzyiq vasitəsidir. Ancaq Türkiyə artıq çoxdan bu təzyiqə öyrəşib, ona görə də belə addımlar onun mövqeyinə qətiyyən təsir etmir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button