Ölkə içi

Polkovnikdən Prezidentə müraciət – “Acınacaqlı şəraitdə yaşayıram”

Astara şəhər sakini ehtiyatda olan polkovnik Rəşad Həsənov Prezident İlham Əliyevə müraciət edib.

Müraciətin bir surəti də Xeber365.com-a daxil olub.

Rəşad Həsənov yazır ki, 22 il Silahlı Qüvvələrdə xidmət edib. Həmçinin 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. 23 oktyabr 2020-ci il tarixində mərmi partlayışı nəticəsində baş və kürək nahiyələrindən xəsarət alıb. Hərbi xidməti dövründə 9 medalla təltif olunub.

Ehtiyatda olan polkovnik daha sonra yazır:

“Hal-hazırda Astara şəhərində yerləşən 2 saylı hərbi şəhərcikdə yaşayıram. Həmin şəhərcikdəki bərbad vəziyyətlə bağlı müxtəlif vaxtlarda bütün dövlət orqanlarına müraciət etmişəm. Lakin heç bir tədbir görülməyib.  Düzünü desəm ki, çox acınacaqlı vəziyyətdə yaşayıram.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən 2014-cü il tarixdə 20 il xidmət müddətim bitdiyi üçün evlə təmin olunmalı idim.

Həmin Fərmanın tələblərinə əsasən ailə üzvlərimin sayına görə və polkovnik rütbəsində olduğuma görə mənə 4 otaqlı mənzil verilməli idi”.

Rəşad Həsənovun sözlərinə görə, sözügedən Fərmanın tələbləri yerinə yetirilməyib:

“Hal-hazırda yaşadığım binanın dam örtüyü bərbad vəziyyətdə olduğu üçün yağan yağışlar birbaşa mənzilimə damır.Binanın kanalizasiya sistemi olmadığı üçün üfünət iyindən nəfəs almaq olmur. Maliyyə Nazirliyinə mövcud vəziyyətlə bağlı müraciət etdim, lakin onlar sanki məni «cəzalandırmaq» məqsədilə cavab məktubunda mənim siyahıda adımın 864-cü olduğunu bildirirdilər. Sonradan Maliyyə Nazirliyi ilə telefon əlaqəsi saxladım. Mənə verilən məlumata görə, adım siyahıda Müdafiə Nazirliyi tərəfindən təqdim edilib.

Bildiyimə görə, siyahı mənzil  komissiyasının sədri Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vaxtında əsgər və maxelerin xidmət yerlərinə bölgüsü ilə məşğul olan general-mayor Rasim Babayev baxırdı.

Onun mənzil komissiyasındakı fəaliyyətinə polkovnik rütbəsində olan, 17 il döyüş bölgəsində xidmət edən, Vətən müharibəsi iştirakçısı, döyüşlərdə xəsarət alan mənim kimi zabiti siyahıda 864-cü yerləşdirilməsi ilə qiymət vermək olar.

Əgər mənzillər ədalətli bölünürsə, onda niyə hərbi qulluqçularlın xidməti nəzərə alınmır.

Məgər mən döyüşlərdə şəhid olmalı idim ki, mənə mənzil versinlər? Onsuz da sağlamlığını itirmiş diri şəhidəm də.

Mənzillərin necə və nə cür bölünməsi ilə bağlı əlimdə əsaslı sübutlar olmadığı üçün başqa söz deyə bilmərəm.  Amma inanıram ki, gec və ya tez prokurorluq orqanları bütün gizli məqamlara aydınlıq gətirəcək.  Axı mən bərbad vəziyyətdə yaşayıram. Yağan yağış birbaşa mənzilimə damır. Hər dəfə yağış yağanda övladlarımın üzünə baxmağa utanıram. Niyə komissiya bu şərtləri nəzərə almır?”

 

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button