Ölkə içi

Putin Stalinin yolu ilə gedir!

Gəlin, bir az tarixə boylanaq və bəzi paralellər aparaq. Əslində, baş verənlər Putinin xüsusi aqressor ilhamını haradan aldığını təxmin etmək üçün bir pəncərə açır.
Rusiya 2022-ci il fevralın 24-də qonşusu Ukraynaya 2014 işğalından sonra yenidən hücum edir, beləliklə, slavyan qardaşları arasında başlayan müharibə, müşahidə qabiliyyəti güclü olan kəsim üçün tarixdə baş vermiş başqa bir müharibəni mütləq xatırlatmışdır – Stalinin 1939-cu ildə Finlandiyaya qarşı başlatdığı müharibəni!
Tarixçilər daha dəqiq bilər, bu müharibə tarixə “qış müharibəsi” kimi düşmüşdü. Eynilə Ukrayna ilə müharibə də yola salmaqda olduğumuz qışın son ayı – fevralda başladıldı. İlk oxşarlıq elə buradan başlayır.
Hələ o vaxt da Finlandiyaya qarşı “Qış müharibəsi”nin başlıca səbəbi – bəlkə də inanmayacaqsınız – sən demə, Sovet İttifaqının təhlükəsizlinin təmin edilməsi zərurətindən doğmuşdu. İosif Stalin narahat idi ki, Leninqrad (indiki Sankt-Peterburq) fin sərhədinə çox yaxında yerləşir və o, tələb edirdi ki, bu sərhədin yerini dəyişmək lazımdır. Finlər isə öz torpaqlarından pay vermək niyyətindən uzaq idilər, çünki yaxşı anlayırdılar ki, sovet diktatorunun əsl niyyəti və məqsədi Finlandiyanı ələ keçirmək, daha sonra isə onları, Allah bilir, dünyanın hansı bucağınasa sürgün etməkdir. Baxmayaraq ki, Finlandiya və SSRİ arasında bir-birinə hücum etməmək barədə pakt var idi və Leninqrad üçün heç bir təhlükə yox idi, o zaman sual yaranırdı – fin torpaqlarından pay istəmək hansı məqsədləri güdə bilərdi? Məsələ burasında idi ki, Stalin əldə olunacaq yeni torpaqlarda, eynən 2014-cü ildə Krımda olduğu kimi, Sovet hərbi bazalarını yaratmağı planlaşdırırdı, bu isə növbəti mərhələlərdə Finlandiyanı tamamilə işğal etmək üçün plazdarma çevrilə bilərdi.
Başa düşəndə ki, finlər torpaq güzəştlərinə getməyəcəklər, Sovet dövlətinin xarici işlər naziri Vyaçeslav Molotov qonşu ölkələrin nümayəndə heyətilə görüşdə belə demişdi: “Biz, vətəndaş cəmiyyəti olaraq, hər hansı tərəqqiyə nail ola bilmədik. İndi son sözü əsgərlər deyəcək”. SSRİ-nin partiya media orqanı olan məşhur “Pravda” yazırdı: “Biz siyasi kartofçuların istənilən oyununu kənara atıb öz yolumuzla gedəcəyik, nə olursa olsun! SSRİ-nin təhlükəsizliyini təmin edəcəyik, nə olursa olsun, məqsədə gedən yolda hər cür maneələri aşacağıq”.
Bütün bunlara baxmayaraq, Finlandiya çox təmkinli xarici siyasət xəttinə sadiq idi və müharibənin başlaması üçün heç bir səbəb vermirdi. Belə olduqda əsəblərin tarıma çəkildiyi Kremldə artıq fərqli düşünməyə başlamışdılar, nə isə bir bəhanə lazım idi. O zaman SSRİ, xislətinə uyğun olaraq, öz ərazisinə artilleriya atəşi təşkil etdi və… bunda Finlandiyanı günahlandırdı. Beləliklə, hücum etməmək barədə razılaşma Kreml tərəfindən pozuldu, 1939-cu il noyabrın 30-da müharibə başladı. Bu zaman Stalin fərqli taktika seçərək formal olaraq Finlandiyaya birbaşa hücum etmədi. O, işğal olunmuş ərazidə kollaborasionistlərin (işğalçı ilə iş birliyinə girmiş xain, satqın qüvvələr) müvəqqəti hökumətini yaratmışdı və onlara hərbi yardım edirdi. Görürsünüz, necə də, bu gün Ukraynada baş verənlərlə eyni səsləşir, elə deyilmi?! Alın, bu da sizə “LXR” və “DXR” qruplaşması! Sadəcə, ad bir az fərqli idi: “Finlandiya demokratik respublikası”. Sovet hökuməti bir məsələdə yanlış qənaətdə idi, onlar əmin idilər ki, bu müharibə çox uzun çəkməyəcək. “Əgər bizi dinləməsələr, o zaman toplardan bircə dəfə atəş açmaq kifayət edəcək ki, finlər əllərini yuxarı qaldırsınlar və onlardan tələb olunanlarla razılaşsınlar”, – deyə Nikita Xruşşov özündənrazı vurğulayırdı.
Tarixə “qış müharibəsi” kimi düşən bu ədalətsiz savaşda SSRİ-nin uğursuzluğu həm də onda oldu ki, finlər onlardan qorxmadılar, işğalçı ilə müharibəyə isə, mübaliğəsiz bütün fin xalqı qalxmışdı. Münaqişənin əvvəllərində Sovet İttifaqının Finlandiyaya basqısına çox etinasız yanaşan beynəlxalq ictimai rəy, Xelsinki bombardmanlara məruz qaldıqdan sonra dəyişməyə başladı, ölkəyə xarici hərbi yardımların ardı-arası kəsilmədi, hətta Sovet qoşunları ilə vuruşmaq üçün könüllülər də Finlandiyaya axışırdı.
Bu gün Ukrayna müharibəsində də sıx-sıx müşahidə etdiyimiz məşhur “Molotov kokteyli” – kimyavi yanıcı qarışığı o vaxt Finlandiya-SSRİ müharibəsinin əsl simvoluna çevrilmişdi. Döyüşə atılmış hər bir fin bu icadla düşmən tanklarına od vurub sıradan çıxara bilirdi. Bəs niyə “Molotov”? Ona görə ki, daha çox məhz Kreml təmsilçisi Vyaçeslav Molotov finləri müharibə ilə hədələyirdi. Müharibə isə uzanırdı.
Belə olduğu halda, Finlandiya hökuməti Stalinə sülh bağlamaq üçün danışıqlar masasına oturmağı təklif elədi. Diktator ona görə razı oldu ki, Sovet İttifaqının Finlandiyanı işğal etməsi ilə bu ölkədə heç kim barışmayacaqdı, hətta Qırmızı Ordu paytaxt Helsinkiyə daxil olsaydı da belə! Buna görə də Stalin müvəqqəti olaraq Finlandiyadan geri çəkilmək qərarı verdi, baxmayaraq ki, onu ərazisinin bir hissəsindən artıq məhrum etmişdi. Məsələ burasında idi ki, düşmənə qətiyyətli müqavimət Stalin kimi bir yırtıcının geri çəkilməsi üçün həlledici rolunu oynamışdı. Gürcü diktator Finlandiyanı işğal etmək planından vaz keçə bilmişdi.
Artıq İkinci Dünya Müharibəsindən sonra Finlandiya neytrallıq siyasətini elan etdi. Amma indi – Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etdiyi bu günlərdə – Finlandiyanın baş naziri Sanna Marin deyib ki, “İndi böyük müharibə təhlükəsi uzun illər ərzində heç vaxt olmadığından daha realdır. Milli təhlükəsizlik məsələsi kəskinləşərsə, Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır”.
Finlandiya baş nazirinin bu qəfil bəyanatına Moskvanın reaksiyası isə özünü çox gözlətmədi. Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bəyan elədi ki, finlərin belə bir qərarı Rusiya tərəfdən “cavab addımları tələb edən ciddi hərbi-siyasi nəticələr doğura bilər”.
Elə buna görədir ki, “qış müharibəsi”ndən bu günə qədər keçən səkkiz dekadalıq bir dövrdən sonra da, onun əlamətlərini və ruhunu hələ də müasir Rusiya dövlətinin siyasətində görmək mümkündür. Putin bu gün Ukrayna ilə məhz Stalinist qaydalarla müharibə aparır, onun məmurları isə Finlandiyanı növbəti müharibə ilə hədələyir. Bu, elə keçmişlə yaşamaq deməkdir – sadəcə məsələ burasındadır ki, hələ də ölülər dirilərin varlığını zəhərləməkdədir.
Yuxarıda tarixi faktları xatırlatmaqda məqsədim budur ki, Stalinin o vaxt Finlandiyaya, Putinin isə bu gün Ukraynaya elan etdiyi ədalətsiz müharibədəki paralelləri rahat görə bilək.
Elə o vaxt da, qısa müddətdə sərhəd ərazilərinin əhəmiyyətli bir hissəsini işğal edən işğalçı ölkənin qoşunlarını, dövlətini müdafiə edən xalqın cəsarətli müqaviməti nəticəsində dayandırmaq mümkün olmuşdu. Təcavüzkarın ilkin ritorikası isə bu dəfə 82 il əvvəlkindən daha sürətlə dəyişdi desək, yalan olmaz. Necə ki, o zamanlar Moskvada deyirdilər ki, “Finlandiya burjua hökuməti naməlum istiqamətə qaçıb”, indi də Putin hərbçiləri “faşistlərin və narkomanların hökumətinə” tabe olmamağa, silahı yerə qoymağa çağırıb. Tanış ritorikadır, deyilmi?! Ən gülməlisi isə o idi ki, sonda Stalin və Molotov, göründüyü kimi, heç yerə qaçmayan məhz həmin “fin burjua hökuməti” ilə danışıqlar aparmağa məcbur oldular. İndi də Ukraynada qanuni yolla seçilmiş hökuməti devirmək məqsədi Kreml tərəfindən qəfil unuduldu və Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparmağa etiraz etmədi və Zaxarovanın ağzından tələm-tələsik bəyan etdilər ki, “Kievdə hökuməti devirmək Kremlin məqsədlərinə daxil deyil”.
Bütün bunlar Putinin hərbi-siyasi uğursuzluğunun bariz sübutudur. Aydındır ki, Xarkov, Kiyev, Odessa, Çerniqov, Mariupola zəfər coşğusu ilə girməyə cəhd edən ordunu ukraynalıların “Putinə dəstək sevincilə qarşılaması” məqsədinə nail ola bilmədi rəsmi Moskva. Rus qoşunlarını indi duz-çörəklə deyil, alışıb-yanan “Molotov kokteyli”, “Javelin”lər, odlu silahlar ilə qarşılayır Ukrayna xalqı. Dünənə kimi hələ də dinc sakin hesab olunan insanlar ya torpaqlarını müdafiə etmək üçün silaha sarılırlar, ya da, əgər buna bacarıq və gücləri çatmazsa, Ukraynanın qərbinə, oradan da məhz NATO ölkələrinə üz tuturlar, bir sözlə, “qurtarıcıları” tərəfindən artıq çoxdan yandırılmış ev-eşiklərini tərk edirlər. Uzun sözün qısası, əzablı, keçməkeşli qaçqınlıq həyatını “qardaş qucağından” üstün tuturlar. Məlumatlar var ki, Avropada Ukraynadan olan qaçqınların sayı artıq üç milyona yaxınlaşır və bu rəqəmin yeddi milyona (ölkə əhalisinin haradasa 18-20%-i) çatacağı ehtimal olunur.
İşin ən maraqlı və heyrətamiz tərəfi budur ki, 1939-cu ildə Finlandiyada Karl-Qustav Mannerheym kimi, prezident Vladimir Zelenski də bu faciəli saatlarda Ukraynanı tərk etmədi. O, ölkəni idarə etməkdə davam edir, dünya dövlətlərinin liderləri ilə gündəlik danışıqlar aparır, Ukrayna xalqına tez-tez müraciət edir, onları müqavimətə ruhlandırır. Bəli, indi rahat söyləmək olar ki, bu təvazökar və sırf xalqın arasından çıxdığı şübhə doğurmayan Böyük İnsan azad seçkilərdə onu prezident seçmiş ölkənin əyilməz şücaətinin şəxsi simvoluna çevrilə bilib.
Ukrayna qoşunları, NATO ekspertlərinin fikrincə, inadla və məharətlə döyüşür. Ukrayna qərargah zabitləri komandanlıq və nəzarəti peşəkarcasına idarə etməyi bacardılar, nəticədə on yeddi gün ərzində Ukrayna ordusunun hər hansı mühüm hərbi birləşməsini mühasirəyə almaq mümkün olmadı. 1941-ci ilin yayında SSRİ-nin qərb hissəsində Vermaxt (Wehrmacht) tərəfindən uğurla həyata keçirilən alman blitskriqi (blitskrieg) 2022-ci ilin fevral-mart aylarında elə həmin Ukrayna torpaqlarında alınmadı. Hərbi ekspertlər (mən burada mütəxəssis deyiləm) xüsusi təəccüb hissi ilə Rusiya ordusunun davam edən aşağı döyüş qabiliyyətini qeyd edirlər. Məhz 1939-40-cı illərdə də, Sovet-Fin müharibəsi zamanı da belə idi. “Qırmızı Ordu”, göründüyü kimi, “tayqadan Britaniya dənizlərinə qədər” hamıdan ən güclü olmaq üstünlüyündən uzaqdır, hətta Finlandiyanın “burjua-kulak” kiçik ordusundan da güclü deyilmiş.
Eyni zamanda, necə ki, Sovet-Fin müharibəsində idi, indi də Ukraynaya beynəlxalq yardım daim artmaqdadır və Rusiya, on beş ölkənin birləşdiyi SSRİ-dən fərqli olaraq, hərbi əməliyyatları təkbaşına aparmalı olur. Buna qarşılıq, demək olar ki, bütün dünya birliyi tərəfindən Putin administrasiyasının reallıq hissindən məhrum hərəkətləri, qərarları pislənir. Ən son, BMT Baş Assambleyasının 2 mart 2022-ci il tarixli 11/1 saylı qətnaməsinin səsverməsi də buna bariz nümunə idi. Ölkə daha Avropa Şurası üzvü də deyil, biabırçı şəraitdə oradan uzaqlaşdırıldı. Hazırda Rusiya dövlətinin suveren Ukrayna ərazilərində insanlıq adına və beynəlxalq hüquq adına törətdiyi cinayətlərlə əlaqədar olaraq, Beynəlxalq Haaqa Məhkəməsində təqdim olunmuş faktlar əsasında dinləmər başlayıb. Bu da ayrı bir rüsvayçılıqdır.
Rusiya iqtisadiyyatını və maliyyə sistemini sürətlə çökdürən misli görünməmiş sanksiyalar isə ölkəni çox yaxın gələcəkdə defolta sürükləyir. Dünya liderləri, xüsusilə ABŞ prezidenti Co Bayden, Britaniya baş naziri Boris Conson və Almaniya kansleri Olaf Şolz şəxsən Putini müharibəyə başlamaqda günahlandırırlar, o cümlədən onun Ukraynadakı hərəkətlərini “qulaqardına vurulan, qəsdən edilmiş yaramazlıq” adlandırırlar. Dünya faktiki Rusiyadan üz döndərib. Yüzlərlə xarici şirkət Rusiyanı tərk edir, yüz minlərlə, hətta milyonlarla rus vətəndaşı işsiz qalmaq təhlükəsilə üz-üzədir. Rus rublu hər gün daha çox dəyər itirməklə bir kağız parçasına çevrilməsi gün uzaqda deyil. İngilis dokerləri qanlı neftə bulaşmaq istəmədiklərini bildirərək, Rusiya tankerlərini boşaltmaqdan imtina edirlər. Doğrudur, Qərb hökumətləri öz cəmiyyətləri ilə müqayisədə daha ehtiyatlıdırlar, fəqət 1939-40’cı illərdə olduğu kimi, onlar vətəndaşlarının çağırışı ilə getməyə məcburdurlar. İqtidar və müxalifət partiyaları hər yerdə anti-Rusiya ritorikasında yarışır. Belə demək mümkünsə, dünyanın əksər ölkələrində ictimai rəy çox uzun müddətə Rusiya üçün uduzulmuş hesab oluna bilər.
Bunlar müharibənin, az qalsın, üç həftə olacaq ilkin fazasının nəticələridir. Rus “dərin adamları” hələ də ölkələri Rusiyanın məğlubiyyətindən xəbərsizdirlər, bir növ dərk etmirlər, o cümlədən hələ də xarici model maşınlarının qapısına şövqlə “Z” hərfi yazırlar, amma aralarında elələri də tapılır ki, elə bil artıq hiss etməyə başlayıblar ki, “nəsə düz getmir axı”. Rəsmi televiziya təbliğatının səylərinə baxmayaraq, baş verənlər barədə məlumatlılıq, şübhəsiz ki, çox yaxın gələcəkdə özünü hiss etdirəcək. Yeri gəlmişkən, bu ucuz təbliğat getdikcə daha az inandırıcıdır və ləngdir. Aydındır ki, son vaxtlar Kremlə bağlı “cəsur teleaparıcılar”ın özləri də baş verənlər, o cümlədən şəxsən onlara tətbiq olunan sanksiyalar nəticəsində mənən öldürülüb.
Əminliklə qeyd edək ki, daha savadlı təbəqə və gücə yaxın elita artıq hər şeydən xəbərdardır. Onlar bu müharibənin uğursuzluğunun fərqindədirlər və çoxları Putinin, az qala, uzun sürən hakimiyyətinin müvəffəqiyyətsizliyini yaxşı dərk edirlər. 2004-cü ildə “20-ci əsrin ən böyük geosiyasi faciəsi kimi SSRİ-nin dağılması” ilə bağlı deyilən bu sözlərdən tutmuş, 2022-ci ilin fevral-mart aylarında Ukraynada gedən döyüşlərə qədər bir-birini tamamlayan bir telə tutunub müasir Rusiya. Ancaq bu incə tel hər an qırılmaq həddindədir. “Torpaqların tamamlanması” və “Böyük Rusiya – SSRİ”nin dirçəldilməsi siyasəti məhz indi Ukraynanın çöl torpaqlarında tam bir çöküş yaşamaqdadır, iflasa uğramaqdadır. Şübhəsiz, Ukraynaya xain hücum Putin hakimiyyəti üçün bir “Axilles dabanı”na çevrilməkdədir.
Əlbəttə, ağlı üstündədirsə, həm indi Ukraynada, həm də tutduğu uzunmüddətli bolşevik-çekist rekonstruksiyalı siyasətində məğlub olan Putin istefa verməlidir. Bu böyüklükdə zəngin Rusiyanı vizyon sarıdan naşı olan müflis-siyasətçi idarə edə bilməz. Demokratiyanın avtokratiya ilə əvəzlənməsi ilə “hakimiyyətin şaquli rekonstruksiyası”nın yenidəninşası təcrübəsi ölkənin çiçəklənməsi ilə deyil, dəhşətli uğursuzluqla başa çatdı. Dövlət başçısının səlahiyyətlərindən könüllü olaraq imtina etməsi Putinə şəxsi cəsarətini (oxu: kişiliyini) nümayiş etdirməsi üçün, bəlkə də, son şansdır. Diqqətli tarixçilər təsdiqləyər, məhz “Folklend avantürası”nın uğursuzluğundan sonra Argentina diktatoru da belə etmişdi. Bəlkə də sadəlövhlük edirəm, ancaq ümid sonda ölər zənn edib düşünürəm ki, bu istefa Rusiya Federasiyasına normal həyatın çətin və uzunmüddətli bərpasına, Ukrayna və bütün dünya ilə barışığa yol aça bilər. Məsələ burasındadır ki, Finlandiya və SSRİ arasında 1940-cı ilin martında bağlanmış Moskva Müqaviləsi kimi oxşar bir nəticə bu dəfə işləməyə bilər. Həmin dövrdə baş verənlərlə paralelliyin bitdiyi yer də məhz elə budur. Çünki indi Rusiya üçün beynəlxalq qüvvələrlə münasibətlər balansı, 1940-cı ildə SSRİ ilə müqayisədə çox pisdir.
Ukrayna ilə müharibənin davam etdirilməsi, ola bilsin, indiki mərhələdə Kreml üçün hərbi-texniki cəhətdən hələ ki, mümkün görünür. Lakin fakt budur ki, hər yeni gün bu müharibənin humanitar, iqtisadi və siyasi xərcləri Rusiya üçün həndəsi silsilə ilə artacaq. Və XXI əsrdə tayı-bərabəri olmayan bu qanlı avantüranın təşəbbüskarının vəzifəsindən könüllü getməsi perspektivlərinin qlobal miqyasda getdikcə daha dəhşətli ssenarilərlə əvəzlənəcəyi kimsədə şübhə doğurmur.
Rəşad Bakuvi,
Azərbaycan Yüksəliş Partiyası Başqanının İqtisadi Məsələlər üzrə Müavini

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button