Ölkə içi

Razi Nurullayevdən Rövnəq Abdullayevə sual: “Haradan oliqarx oldunuz?”

“Hörmətli Rövnəq Abdullayevin adını çəkib tənqid etməyimin səbəbləri var. Məndən çox soruşurlar ki, kişidən nə istəyirsən?” Avropa.info xəbər verir ki, bunu Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev SOCAR-ın keçmiş prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev haqda danışarkən deyib.

“Zəng etmişdim, saya salıb cavab verməmişdi. Parlamentdə sərt tənqid etdim, sonra telefonumu götürdü. Xahişim bu oldu ki, hərbi qospitalda işləyən bir nəfər bizə çox yardımçı olur, onun köməkliyi ilə nə qədər əsgərə, yaralıya, valideynə kömək etmişik. Bu şəxs müharibə başlayandan bizim yaralılarla bağlı xahişlərin, bir də vəzifə borcunun xidmətində dayanıb. Onun qardaşını işdən çıxarmaq və ya başqa yerə keçirmək istəyirlər. İki bal az toplayıb, yola verin, başqa işə keçirin, amma əmək haqqı azalmasın, çətin vəziyyətdə yaşayırlar. Sadə bir fəhlənin xahişini etmişdim. Dedi ki, yox, biz qanunsuz iş görə bilmərik. Savadı yoxdur ki, bal toplamayıb, saxlamaq olmaz. O biri fəhlələr üsyan edər. Yüz milyonlarla oğurluğa niyə üsyan etmirdi o fəhlələr? Siz haradan oliqarx oldunuz?

3 dəfə də məktub yazıb xahiş etmişəm. Xahiş etdiyim adamların biri kasıb, ağır bir vəziyyətdə yaşayan, üzərində böyük ailə məsuliyyəti olan kimsəsiz biri, qalan ikisi isə səhv etmirəmsə 44 günlük müharibədən yaralanıb qayıdan iki müharibə iştirakçısı. Bunlardan başqa xahişim olmayıb. Hamısına şablon və “yox” cavabı”.

Rövnəq Abdullayeviun özünün də keçmiş deputat olduğunu xatırladan Razi Nurullayev ondan seçicinin xahişini etdiyini söyləyib:

“Bu saymazlığına, laqeydliyinə və hörmətsizliyinə görə də onu adı ilə tənqid edirəm…

…Axı Rövnəq müəllim də deputat olub. Belə görünür ki, o deputat olanda şikayətçi qəbul etməyib, maraqlanmayıb. Başı ağrımasın deyə, çapıb-taladığı pullardan qəpik-quruş paylamaqla yola verib. Parlamentdə də özünü çox lovğa və əlçatmaz aparıb. Bunları mənə danışırlar. Axı hər kəs bilməsə də çoxları bilir ki, vəzifədən öncə necə yaşamısınız və nə işlə məşğul olmusunuz. Ağac bar verdikcə başını aşağı əyər.

İki balın söhbətini aparırsınız və bu qiymət ballarını da kasıb-kusubun başında oynadırsınız. Guya ki, özünüz bal toplayıb vəzifəyə sahib olmusunuz? İmtahan verin, görün özünüz o imtahandan keçə bilərsiniz? Vəzifəyə adamlar, zavodlara müdirlər, direktorlar təyin etmisiniz, onlardan imtahan götürmüsünüz? Bəli götürmüsünüz imtahan, amma o imtahanda sizinlə o şəxsdən başqa heç kim olmayıb. Sualları özünüz tərtib edib, özünüz də cavab vermisiniz, o da başını yelləyib ki, razıyam. O zavod direktorlarının, müdirlərinin də keçmişi əlim altındadır, koks, mazut və digər yan məhsullarla bağlı təfsilatlı informasiyaya da malikəm. Amma, yazmıram, çünki, o qədər yazılıb, paylaşılıb ki. Bir də ki, mənim mübarizəm ayrı-ayrı şəxslərlə deyil. Demək istədiyim budur ki, sizdən bir neçə adla bağlı cavab tələb edəcəklər onsuz da, sizdən soruşacaqlar ki, onlar hansı imtahandan və necə keçiblər?

Qanunçuluq və vəzifəyə sadiqlik baxımından sərt biri olsam da, mən özümü Avropadan, Amerikdan gələn saymıram. Bu ölkədə yaşayırıq, yazılan və yazılmayan qanunlardan da xəbərdarıq. Həyatda çox şeyi bağışlamaq olar. Hörmətsizliyi, sayqısızlığı, yalançılığı və dikbaşlığı isə heç vaxt. Bir də xalqa arxa çevirəni bağışlamaq olmaz. Olmaz və olmaz!”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button