Ölkə içi

Siyavuş Novruzov: “Ramiz Mehdiyev dövləti nüfuzdan salmağa çalışır”

“Son günlər cəmiyyətdə müzakirə mövzusuna çevrilən məsələlərdən biri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında yaranmış vəziyyətdir. Alimlər, ziyalılar bu elm ocağında hökm sürən durumu kəskin tənqid edirlər, idarəetmə böhranına, elm sahəsinə verdiyi zərərə görə AMEA prezidenti Ramiz Mehdiyevi istefaya çağırırlar”. JAMAZ.İNFO Avropa.info-ya istinadən xəbər verir ki, bunu son günlər AMEA prezidenti Ramiz Mehdiyevlə bağlı yaşanan proseslərə münasibət bildirərkən deputat Siyavuş Novruzov deyib. O, Ramiz Mehdiyevin son açıqlaması ilə milli maraqları hədəf aldığını bildirib.

“Təfərrüatlara keçməmişdən əvvəl AMEA-nın Azərbaycanın ictimai-siyasi həyatında və dövlətçilik tarixində rolu ilə əlaqədar şəxsən özümün də iştirakçısı olduğum bir neçə vacib məqamı diqqətə çatdırmaq istəyirəm. İsmailliyə binası olaraq tanınan AMEA-nın Rəyasət Heyətinin binası müstəqillik dövrümüzün ən əlamətdar – önəmli hadisələrinə şahidlik edib desəm, qətiyyən yanılmaram. Ötən əsrin 90-cı illərinin əvvəlində burada baş tutan iclaslarda xalqımızın və dövlətçiliyimizin xilası naminə çox vacib təşəbbüslər irəli sürülüb, milli mövqe ortaya qoyulub. Xüsusilə də, Ümummilli Lider Heydər Əliyevin Böyük Qayıdışı və ölkəmizin Qurtuluşu naminə. O zaman Azərbaycan xalqının maraqlarının qorunması, dövlətçilik mənafeyinin müdafiəsi məqsədilə yaradılmış Əlincə Cəmiyyətinin ilk iclası 1990-cı ilin mayında bu binada keçirilmişdi. 1992-ci ilin iyul ayında keçmiş sosial təminat naziri Əli Nağıyevin rəhbərliyi ilə keçirilən iclasda Yeni Azərbaycan Partiyasının yaradılması və müdrik dövlət xadimi, təcrübəli siyasətçi və vətənpərvər şəxsiyyət Heydər Əliyevin təsis olunacaq partiyaya rəhbərlik etməsi məsələsi təklif və müzakirə olunmuşdu. Eyni ilin 24 oktyabr tarixində Naxçıvanda AXC-Müsavat cütlüyünü dövlət çevrilişinə cəhd etdiyi bir vaxtda AMEA Rəyasət Heyətinin binasında Heydər Əliyevin Hüquqlarını Müdafiə Komitəsi Zahid Qaralovun sədrliyi ilə iclas keçirmişdi. Akademiklərdən Eldar Salayev, Ziya Bünyadov, Ramiz Rzayev, Fərəməz Maqsudov, professorlardan Hacıbala Abutalıbov, Səfiyar Musayev, Həsən Mirzəyev, Əli Nağıyev, Vaqif Şadlınski, ictimai xadimlərdən Xəlil Rza, Siruz Təbrizli və bir çox ziyalı şəxslərin iştirak etdiyi tədbirdə çevriliş cəhdi qətiyyətlə pislənmiş, Azərbaycan dövlətçiliyinin xilası naminə Heydər Əliyevə qətiyyətli dəstək ifadə olunmuşdu. 1994-cü və 1995-ci illərdə də ölkəmizdə dövlət çevrilişi cəhdləri ilə əlaqədar həmin binada keçirilmiş toplantılarda Azərbaycana qarşı yönəlmiş qərəzli planlar, təhlükəli ssenarilər pislənmiş, sağlam və birmənalı mövqe sərgilənmişdi. Bu və digər faktlar AMEA-nın elm məbədi olmaqla yanaşı, dövlətçiliyin keşiyində əzmlə dayandığını təsdiqləyir. Bundan öncə AMEA-ya rəhbərlik etmiş və şəxsən ünsiyyətdə olduğum ziyalılar – Eldar Salayev, Fərəməz Maqsudov, Mahmud Kərimov və Akif Əlizadə postsovet məkanında və dünyada tanınmış nüfuzlu şəxslər olmaqla yanaşı, Azərbaycan elminin inkişafına layiqli töhfə veriblər. Çoxları şahiddir ki, kifayət qədər sadə həyat tərzinə malik olan bu ziyalılar Akademiyaya piyada gəlib-gedirdilər. İndi isə AMEA prezidentinin silahla, mühafizə dəstəsi ilə işə gəlməsindən bəhs olunur.

Təəssüflər olsun ki, belə bir tarixə malik olan Akademiyada bu gün milli inkişaf naminə elmi məsələlər deyil – pul mənimsəmək, qayda-qanun pozmaq kimi problemlər müzakirə olunur. Ən əsası, aparılan müzakirələr Azərbaycan dövlətçiliyinə, ictimai-siyasi mühitə, siyasi sistemə qarşı yönəlib. Daha dəqiq desək, AMEA-nın rəsmi saytında dərc olunmuş cavab xarakterli yazıda əksini tapan sözlər, fikirlər özündə təhlükəli məqamları ehtiva edir, Azərbaycanın milli maraqları hədəfə alınır.

Elm xadimləri, ziyalılar, ictimai-siyasi personalar tərəfindən son günlər səsləndirilən tənqidi fikirlərə həmin bəyanatda siyasi məzmun verilməyə, rəng qatılmağa çalışılır. Həm diqqəti yayındırmaq, həm də siyasi mühitə zərbə vurmaq məqsədilə hakimiyyətin, dövlətin siyasətini ictimai rəyə mənfi fonda təqdim etməyə cəhd göstərilir. Məsələn, hakimiyyətin qollarından biri olan – ali qanunverici hakimiyyət funksiyasını yerinə yetirən Milli Məclisin legitimliyinin, fəaliyyətinin səmərəliliyinin şübhə altına alınması yolverilməzdir. Bəllidir ki, bəyanatda “özünü buraxmış parlament” adlandırılan Milli Məclisə 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilər Prezident İlham Əliyevin dərin islahatlar strategiyasının mühüm tərkib hissəsi – növbəti mərhələsi olub. O vaxt Milli Məclisə yeni – növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüşdü. Elə Ramiz Mehdiyevin də üzvü olduğu YAP Siyasi Şurasının iclasında partiyanın deputatlarının da iştirakı ilə bu məsələ müzakirə edilmiş və Milli Məclisə müraciət ünvanlanmışdı. Parlamentin iclası zamanı isə mən çıxış edərək bu məsələni diqqətə çatdırmışdım. Partiyamızın təşəbbüsü dəstəklənmiş və yekunda Milli Məclis tərəfindən Azərbaycan Prezidentinə müraciət edilmişdi. Dövlət başçısı isə yeni çağırışları, milli maraqları, demokratik inkişaf və strateji islahatlar kursunu əsas götürərək müvafiq qərar qəbul etmişdi. Nəticədə parlamentə şəffaf seçkilər keçirildi, Milli Məclisin tərkibinin üçdə biri xalqın iradəsi əsasında dəyişdi, yeni siyasi konfiqurasiya formalaşdı. Qeyd etmək istərdim ki, Avropanın inkişaf etmiş ölkələrində, o cümlədən qardaş Türkiyədə də belə müsbət təcrübə – presedent var və bu, demokratik inkişafın, milli tərəqqinin mühüm amili kimi qiymətləndirilir. Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, VI çağırış Milli Məclisə seçkilər Azərbaycanda siyasi sistemin inkişafına çox mühüm töhfədir. Belə olan halda, bəyanatda seçkilərin legitimliyini şübhə altına almaqla, parlamenti ironiya ilə “özünü buraxmış” adlandırmaqla nə demək istəyirlər, hansı mesajı verirlər? Görünən odur ki, dövlət başçısının islahat kursu ilə əlaqədar mənfi rəy yaratmağa çalışırlar.

Digər tərəfdən, növbədənkənar parlament seçkilərinin keçirilməsi YAP Sədri cənab İlham Əliyevin siyasətinin gələcək hədəflərə hesablandığını, uzaqgörən olduğunu göstərdi. Həmin ilin payızında Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatının – Vətən müharibəsinin başlanması, eləcə də dünyada pandemiyanın pik həddə çatması bu baxımdan xüsusi qeyd edilməlidir. Azərbaycan demokratik islahatların tərkib hissəsi olan bu addımı atmaqla – seçkiləri vaxtından əvvəl keçirməklə digər strateji hədəflərini vaxtında və yüksək səviyyədə yerinə yetirdi. Onu da nəzərə almaq lazımdır ki, yeni siyasi konfiqurasiya nümunəsi olan Milli Məclisdə təmsil olunan qüvvələr Vətən müharibəsi zamanı Ali Baş Komandanın qətiyyətli siyasətinə birmənalı dəstək ifadə etdilər, reallıqların dünya ictimaiyyətinə çatdırılmasında – informasiya təxribatlarının qarşısının alınmasında və erməni yalanlarının ifşasında mühüm rol oynadılar.

Bunlarla yanaşı, bəyanatda hakimiyyətin faydalı və səmərəli təşəbbüslərindən olan siyasi dialoq prosesinin, həmçinin yeni siyasi konfiqurasiyanın, ictimai-siyasi mühitin ləkələnməyə çalışılması qəbuledilməzdir. Siyasi dialoq prosesi, hakimiyyətlə müxalif partiyalar arasında təmasların yaradılması, fikir mübadilələrinin, müzakirələrin aparılması Azərbaycan Prezidentinin siyasi iradəsini əks etdirir. Dövlət başçısının iradəsi əsasında Prezident Administrasiyasında müvafiq struktur islahatlarının aparılmasından sonra siyasi partiyalarla iş sahəsində yeni mərhələ başlandı, islahat xarakterli – siyasi sistemin inkişafına yönəlmiş mühüm addımlar atıldı. Yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, partiyaların qərargahlarla təmin olunması, dialoq prosesinin sistemli şəkildə aparılması və digər faktlar bu reallığın tərkib hissəsidir. Bütün bunlar həm də siyasi birliyin və milli həmrəyliyin güclənməsinə əhəmiyyətli töhfələr verdi. Biz bu gerçəkliyi Vətən müharibəsi zamanı gördük. Bəyanatda “avtobus və ya cib müxalifəti” adlandırılan siyasi qüvvələr Azərbaycan Prezidentinin ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda prinsipial mövqeyinə qəti dəstək və birlik ifadə etdilər, müraciətlər, bəyanatlar imzalayaraq ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib rol oynadılar. Onların bir qismi Milli Məclisdə təmsil olunur, bəziləri ictimai-siyasi proseslərdə fəal roy oynayan, digərləri isə gənc siyasətçiləri sıralarında birləşdirən perspektivli siyasi qüvvələrdir. Belə olan halda, Azərbaycan siyasi mühitinin iştirakçılarının “cib, yaxud avtobus müxalifəti” adlandırılması Azərbaycan siyasətinə, xalqın iradəsinə ciddi hörmətsizlikdir.

Vətən müharibəsində və bu gün milli həmrəylikdən özünü kənarda saxlayanlar, yalan məlumatlar yayan, Azərbaycana qarşı kampaniya aparanlar isə AXCP, Müsavat kimi qurumlar, xaricdə məskunlaşmış antimilli ünsürlərdir.

Görünən odur ki, AMEA səlahiyyətlərini aşaraq – bütün sərhədləri keçərək ictimai-siyasi mühitə zərbə vurmağa, ictimai rəydə hakimiyyətin, dövlətin mənfi obrazını formalaşdırmağa çalışır. Amma onlar unutmamalıdırlar ki, heç kim Azərbaycanı hədəf seçə, yaxud Prezidentin uğurlu siyasətinə, dövlətə, dövlətçiliyə qarşı çıxa bilməz.

Azərbaycan hüquqi dövlət və demokratik ölkədir, hər kəsin söz azadlığından yararlanaq öz fikrini ifadə etmək haqqı var. Elm xadimləri, ziyalılar, ictimai-siyasi personalar bu məsələ ilə əlaqədar öz yanaşma və mövqelərini ortaya qoydular, müxtəlif rəy və qənaətlər səsləndirildi. İndi söz AMEA-nın Rəyasət Heyəti və Ümumi yığıncağındadır”, – deyə Novruzov qeyd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button