Ölkə içi

Vəkil: “Saleh Rüstəmov xüsusi nəzarətə götürülüb”

33 gündür aclıq aksiyası keçirən AXCP fəalı Saleh Rüstəmovun vəziyyəti ağırlaşıb. Bu barədə onun vəkili Bəhruz Bayramov dekabrın 8-də “Toplum TV”-yə açıqlamasında danışıb.

“Bu gün qardaşları Saleh Rüstəmovla görüşdülər. Eşitdik ki, Saleh bəy xüsusi nəzarətə götürülüb. Mən ərizə yazmışdım ki, həkim müayinəsi üçün şərait yaradılsın. Qəbul edilib və dünən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən xüsusi həkim briqadası Saleh bəyə baş çəkib” – deyə Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, görüşdə həkim Adil Qeybulla da iştirak edib.

“Çəki itirib və orqanizmi zəifləyib”

Həkim-cərrah, professor Adil Qeybulla “Toplum TV”-yə bildirib ki, Saleh Rüstəmovun hazırda həyatı üçün təhlükə yoxdur: “Biraz çəki itirib, zəifliyi var, danışığında və hərəkətlərində müəyyən qədər çətinlik çəkdiyi hiss olunur. Amma bu gün həyatı üçün təhlükə yoxdur, çünki müalicə müəssisəsindədir, artıq ona neçə gündür intensiv şəkildə dəstək müalicəsi aparılır. Məsələnin həlli yolu istiqamətində addımlarımız davam edir. Ümid edirəm ki, hər şey yaxşılıqla qurtarar”.

Adil Qeybulla 

“Prezident Administrasiyasına vəziyyət barədə məlumat vermişik”

Noyabrın 19-da Saleh Rüstəmovun azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edən hüquq müdafiəçilərindən biri Novella Cəfəroğlu “Toplum TV”-yə müraciətlərinin müsbət nəticələrinin olacağına inandığını deyib. “Biz bu gün səhər tezdəndən həbsxana ilə əlaqə yaratmışıq. Həm Fuad Ələsgərova (Prezidentin köməkçisi-red), həm də Prezident Administrasiyasına vəziyyət barədə məlumat vermişik, görək onlar nə qərar verəcək. Hər yerə müraciət etmişik, hər yerə. Saleh bizim yaxın dostumuzdur, ən çox sevdiyim insandır. 3 ildir, o, həbsxanada olandan bəri bu işlə məşğuluq. İndi də çox narahatıq. Deputatlar da müraciət edib prezidentə. İnşallah, müsbət nəticələr olar” – deyə Novella Cəfəroğlu qeyd edib.

Novella Cəfəroğlu

O, edilən müraciətlərin nəticəsi ilə bağlı suala cavabında bildirib ki, bu haqda hələ ki, heç bir məlumatı yoxdur, sabah nəticəsi bilinəcək.

Saleh Rüstəmovun son durumu ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqova müraciət etdik. O isə sualları Tibb Baş İdarəsinə ünvanlamağımızı istədi. Tibb Baş İdarəsindən isə məlumat almaq mümkün olmadı.

Xatırlatma

AXCP fəalı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan ali məhkəmə cəza müddətini 2 ay azaldıb. Saleh Rüstəmov azadlığa buraxılması tələbilə noyabrın 6-dan etibarən aclıq aksiyası keçirir.

O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.

Bir qrup ziyalı, jurnalist və hüquq müdafiəçisi Saleh Rüstəmovun azadlığa buraxılması üçün ölkə rəhbərliyinə müraciət edib. Müraciətlərə hələlik müsbət cavab verilməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button