Siyasət

Əliyevin Stoltenberqlə görüşündə nələrdən danışıla bilər? – ŞƏRH

“Bakının NATO-ya üzv ölkələrlə əməkdaşlığı genişlənəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin NATO Baş katibi Yens Stoltenberqlə olacaq görüşünü şərh edərkən deyib.
Ekspert bildirir ki, Azərbaycanın NATO ilə əməkdaşlığı əsasən hərbi quruculuq sahəsini əhatə edir:
“Azərbaycan öz ordusunu Türkiyə rodusu formasında qurur. Türkiyə isə ordusunu NATO standartına uyğun qurub. Digər tərəfdən, Azərbaycan heç zaman NATO-ya üzvlük və ya inteqrasiya haqqında qəti bəyanat verməyib. NATO+Azərbaycan formatı da göstərir ki, burada bərabər hüquqlu əməkdaşlıq formatı mövcuddur. Bura həm təlimlərdə, hazırlıq kurslarında iştirak və s. daxildir. Eyni zamanda, Azərbaycan bir neçə NATO ölkəsi, əsasən də Türkiyə ilə hərbi sənaye istiqamətində əməkdaşlığı da gücləndirir”.
Həmsöhbətimiz düşünür ki, müharibə bitəndən sonra Bakının NATO-ya üzv ölkələrlə əməkdaşlığı genişlənəcək:
“NATO-da münaqişəyə qədər tərəflərə silah satmamaqla bağlı rəsmi olmasa da, bir qayda mövcud idi. Münaqişə bitdikdən sonra isə, Azərbaycan da NATO-nun ən yeni hərbi texnologiyasına yiyələnmək üçün onunla belə bir əməkdaşlığa üstünlük verə bilər. NATO üçün vacib olan hərbi loqistika məsələsidir. Xəritəyə də baxsaq, görərik ki, vaxtilə Əfqanıstanda NATO qüvvələrinin yerləşdirilməsi üçün Avropa ilə Asiya arasında ən uğurlu yol məhz Azərbaycan üzərindən keçir. Bu istiqamətdə yük daşımaların 60-70 faizi məhz ölkəmiz üzərindən həyata keçirilib. Bu da onu göstərir ki, hərbi loqistika baxımından da NATO üçün Bakı ilə əməkdaşlıq çox vacibdir. Bunun nəticəsidir ki, NATO-nun nəqliyyat komandanlığı dəfələrlə Azərbaycana səfərlər edib. Bu istiqamətdə də potensial mövcuddur”.
F. Məmmədovun fikrincə, Azərbaycan Prezidenti ilə Stoltenberqlə görüşdə hər hansı bir qərarların qəbulu gözlənilmir:
“Amma birgə əməkdaşlıq sahələrinin müzakirə edilməsi mümkündür. Çünki münaqişə bitdikdən sonra əsasən hərbi texniki əməkdaşlıq sahəsi olmaqla yeni əməkdaşlıq perspektivləri açılıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button