Siyasət

AY Partiyadan ABŞ və Fransaya etiraz

“Ukraynada separatçılıqdan qaynaqlanan dünya geosiyasi tarazlığını təhdid edən hadisələrə adekvat münasibətdən fərqli olaraq, Azərbaycanda uzun illərdir davam edən erməni separatçılığına yanaşmada ikili standart təəssüf doğurur”. Jamaz.info xəbər verir ki, bu barədə Azərbaycan Yüksəliş Partiyasının bəyanatında deyilir. Bəyanatda daha sonra bildirilir:

“Son günlər Qarabağda hərbi-siyasi vəziyyət yenə gərginləşməkdədir. Azərbaycan Yüksəliş Partiyası hesab edir ki, əslində, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsinin bəndlərinin hələ də icra olunmaması bölgədə vəziyyəti gərginləşdirən başlıca amillərdəndir. Xüsusilə Bəyannamənin 4-cü bəndi – Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı birliklərinin Qarabağ ərazisindən qeyd-şərtsiz çıxarılması və ya tərksilah olunmasında israr edən rəsmi Bakı, Azərbaycanın suveren ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası Sülhməramlı Kontingentinin bu istiqamətdə öz üzərinə düşən öhdəlikləri icra etmədiyi halda, bu işi öz imkanları vasitəsilə həyata keçirəcəyini dəfələrlə müxtəlif siyasi platformalarda bəyan edib.

Azərbaycan üçün bu narahatlığı artıran bir sıra məqam var ki, bunlardan ölkə hüdudlarında dövlət suverenliyinin tam bərqərar olunması, həmçinin bölgənin hərbi təhlükəsizliyinin təmini məsələləri öndə gəlir. Paradoksal görünsə də, Qarabağda ermənilərin əlində silah rahat hərəkət etdiyi bir vaxtda, Azərbaycan tərəfindən bölgədə çox böyük miqyasda yenidənqurma və bərpa işləri aparılır.  Belə bir vəziyyətdə Azərbaycan hökumətinin öz vətəndaşlarının, konkret olaraq, 30 ildir, dədə-baba yurdundan didərgin salınmış qaçqın və köçkünlərin doğma ev-eşiklərinə təhlükəsiz şəkildə köçürülməsini təşkil etmək ciddi risklər yarada bilər. Bu mənada 4-cü bənd dərhal icra olunmalıdır. Prosesin uzandığı indiki məqamda rəsmi Bakının suveren haqlarına söykənərək, Qarabağ İqtisadi Rayonuna daxil olan, hazırda erməni vətəndaşlarımızın yaşadığı yaşayış məntəqələrində qanunsuz silahlı birliklərin tərksilah olunması, o cümlədən onların ölkəmizin suveren ərazilərində qanunsuz olaraq qurduqları döyüş-müşahidə postlarının, səngərlərin tamamilə sıradan çıxarılaraq zərərsizləşdirilməsi prosesinə başlaması Rusiya Federasiyası ilə yanaşı, çox maraqlıdır ki, ABŞ və Fransa rəsmilərini də narahat etməyə başlayıb. Belə bir narahatlığı Yunanıstan hökuməti də bildirib. Rusiya və Qərb ölkələri heç bir hüquqları olmadan Azərbaycan dövlətinə ordusunu 10 noyabr üçtərəfli bəyannaməsinin imzalandığı günkü mövqelərə geri çəkməyə çağırış edir.

Daha çox təəccüb doğuran məsələ isə ABŞ və Fransa rəsmilərinin bir-birinin ardınca Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, az qalsın, təhdid sayılacaq tonda mövqe sərgiləməsidir. Azərbaycanın, xüsusilə ermənilər yaşayan suveren ərazilərində yuridiksiyasını bərpa etməsi onun müstəsna hüququdur. Ukraynada baş verənlərlə müqayisə etsək, ABŞ və Fransanın həmin ölkə ilə bağlı ortaya qoyduğu siyasi iradəni Azərbaycana münasibətdə görməmək haqlı olaraq bizdə ciddi suallar yaradır. Xüsusilə, Qərbin hazırda Rusiyaya qarşı apardığı siyasətin nüvəsində Ukraynanın bölünməsi, konkret olaraq Luqansk və Donetsk separatçı “respublikalarının” Rusiya tərəfindən bir dövlət olaraq tanınması prosesinin dayandığını bilirik. Kollektiv Qərb, xüsusilə bu məsələdə daha fəal olan ABŞ və Fransa Ukraynanın bölünməsini, onun şərqində açıq separatçılıq nümunəsi olan hansısa qondarma “respublikaların” yaranmasını yolverilməz hesab edərək, Kremlin beynəlxalq hüququn fundamental prinsiplərini pozduğunu bəyan etməklə, Rusiyaya qarşı, demək olar, bütün sahələri əhatə edən “cəhənnəm sanksiyaları” tətbiq etməkdədir. Lakin illərdir analoji problemlə qarşılaşan ölkəmizə qarşı münasibətdə ikili standart təəssüf doğurur!

İstər Ukrayna, istərsə Azərbaycan illərdir, separatizmdən və işğalçılıq faktından əziyyət çəkir. Beynəlxalq ictimaiyyətin bu eyni hala fərqli yanaşma ortaya qoymasının altında xristian təəssübkeşliyindən irəli gələn ciddi səbəblər yatsa da, beynəlxalq hüquqa zidd olan mövqe sərgiləmək heç bir halda qəbul oluna bilməz. Xatırladaq ki, Korsika illərdir müstəqillik uğrunda mübarizə aparır, Fransa ona bu haqqı tanıyırmı?

Rəsmi Bakı Azərbaycan vətəndaşlarının daşıdığı vətəndaşlıq statusunu tam formada ermənilər üçün də tanımağa hazır olduğunu elan edib. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan vətəndaşlığı statusu ermənilərin Qarabağda arzuladıqları qondarma “status”dan, eləcə də Ermənistan vətəndaşı statusundan qat-qat üstün imtiyaz və güzəştdir.

AY Partiya bildirir ki, ABŞ və Fransanın timsalında dünya ictimaiyyəti Azərbaycanın müstəqil dövlət, öz ərazisində suveren hüquqlarını bərpa etməkdə tam haqlı olduğunu anlamalıdır. Azərbaycan ordusu suveren ərazisində hərəkət edib və dislokasiya edildiyi mövqelərdən geri çəkilməyəcək. Bu vacib proses bölgəmizdəki erməni silahlı dəstələri tərksilah olunana qədər davam edəcək.

Azərbaycan Yüksəliş Partiyası bəyan edir ki, ABŞ və Fransanın Azərbaycanla bərabərhüquqlu dövlətlər kimi münasibətləri hər sahədə dərinləşdirmək fürsətlərinin olduğu bir vaxtda, ikitərəfli əməkdaşlığa ciddi ziyan vuran bu son çağırışları kökündən yanlış mövqedir. Heç bir dövlətin Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünə və suverenliyinə şübhələr yaradacaq açıqlamalar və bəyanatlar verməyə haqqı yoxdur. Əks halda, bu, regional və qlobal miqyasda birgə ciddi layihələr icra edən ölkələrimiz arasında münasibətlərin pozulmasına zəmin yarada bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button