Siyasət

Dəyişimin sifarişçisi əslində kimlər olmalıdır?!

Azad, demokratik seçkilərin keçirilməsi arzusu, liberal iqtisadiyyata söykənən milli-demokratik dövlət quruculuğunun bir sosial tələbat olduğu hər kəsə məlum faktdır. Lakin bu, təkcə siyasətlə məşğul olmaq qərarı vermiş adamlarınmı tələbatıdır?! Dəyişim yalnız siyasət adamlarınımı qayğılandırmalıdır?! Bu ayrı bir mövzudur ki, fizioloji-bioloji tələbatları ödənməyən cəmiyyətlərin sonrakı mərhələlərdə başqa tələbatları da yaranmır. Yəni, öncə mədə-qarın, sonra hüquq və azadlıqlar, ümummilli məsələlər, həmçinin ictimai-siyasi tələbatlar və s. Başqa sözlə ifadə eləsək, ilkin tələbatları ödənən insanların ictimai-siyasi dinamizmi də artan xətlə yüksələcək, burası ilə işimiz yox. Fəqət Azərbaycanda daha betər səbəblər də var axı..
Azərbaycanda qəribəlik burasındadır ki, ölkənin demokratikləşməsi, hüququn, ədalətin qələbə çalması, fundamental insan hüquq və azadlıqlarının təşəkkül tapması, mülkiyyətin müqəddəsliyi prinsipinin bərqərar olmasının sifarişi siyasət adamlarından çox, MİLLİ BURJUAZİYADAN gəlməlidir. Respublikanın yaxşıya doğru dəyişməsi siyasət adamlarından çox, böyük sərvət, iri xarici kapital, kiçik, orta və iri biznes sahibi olan iş adamlarını narahat etməlidir. Ölkənin dövlət idarəetmə sistemindəki dərin problemlərdən dolayı digərlərinə rəğmən daha çox itirəcəkləri şeyləri olan MİLLİ BURJUAZİYA sosial məsuliyyətini dərk edib əlində olan resursların bir hissəsini cəmiyyət həyatına səfərbər etməklə, demokratiyanı maliyyələşdirməyi öz öhdəsinə götürməlidir. Bu təbəqə unutmamalıdır ki, onlar özlərini dövlət və cəmiyyət həyatından ayrı, məsafəli, əlahiddə hiss edə bilməzlər. Ölkənin mövcud durumu ən çox da onları düşündürməlidir. Dünyanın ən mütərəqqi ölkələrindən tutmuş uzun illərdir ciddi inkişaf tempi yaxalayan qardaş Türkiyə, Argentina, Braziliya kimi ölkələrə qədər hər yerdə bu, belədir.
Məsələ burasındadır ki, siyasət işi, mütərəqqi, zəruri bəşəri ideyaların təbliğatı və təşviqatı, o cümlədən insanların bunlara inandırılmasına, ciddi etimad mühitinin yaradılmasına yönələn kampaniyalar üçün kapital lazımdır. Bu kapitalı isə ölkəni Norveç, İsveç, Finlandiya, Danimarka kimi görmək istəyən Milli Burjuaziya səfərbər etməli, xərcləməli, cəmiyyət həyatının hərəkətverici qüvvəsinə çevrilməlidir. Milli Burjuaziya inanmalı və anlamalıdır ki, bu, “çölə atılan kapital” deyil, əksinə, gələcəkdə daha çox qazandıracaq, qazandıqlarını qoruyacaq mütərəqqi idarəetmə sisteminin qurulması üçündür.
Bu olmadan ölkədə ciddi dəyişikliklərin baş verməsini gözləmək sadəlövhlükdür. Sifariş mütləq ölkənin içində formalaşan Milli Burjuaziyadan gəlməlidir. Xaricdən alınan qrantlarla demokratiya, ədalət, hüququn aliliyi ideyasının təbliği heç vaxt effekt verə bilməz, olsa-olsa bu təsir keçici xarakter daşımış olar ki, bunu da son on beş ilin acı təcrübəsindən bilirik. Ölkə iqtisadiyyatının az bir faizini təmsil edən Milli Burjuaziya əlini daşın altına qoymalıdır artıq.
Zəngin insanlar illər boyu əldə etdikləri, yığdıqları hüdudsuz sərvətin, böyük sayda mülklərin tək əldə cəmləşmiş avtoritar siyasi sistem tərəfindən bir gün əllərindən alınacağı (bu proses artıq on ilə yaxındır başlayıb və bu gün də davam verir) əndişəsi ilə, ictimai-siyasi proseslərə son dərəcə həssas yanaşmalı, aktivliyi artırmalıdır ki, dəyişən reallıqlar fonunda həm özünü, həm ailəsini, həm də sərvətini qorumuş olsun! Bütün bunlara siyasi və iqtisadi planda zəmanət verə biləcək siyasi-ideoloji xəttinə inandığı siyasi institutla əməkdaşlıq ona şərait yaradacaq ki, ölkədə demokratik dəyişikliklərin real sifarişçisinə çevrilsin. Prosesin siyasi qanadı isə qarşıya qoyulan hədəfləri icra edəcək əsas qüvvə olacaq.
İndi gəlin görək, varmı bu haqqında danışdığımız həqiqi kapitalist burjuaziyası Azərbaycanda?! Problem ordadır ki, bizim varlı adamlarımız, burjuaziyamız ya tam formalaşmayıb, ya da hər hansı bir xətlə üzü yuxarı hakimiyyət iyerarxiyasının pilləkənləri boyu vəzifə tutan məmurlara bağlıdırlar deyə, “gözü çıxarılmış qardaşının” aqibətinə görə, səslərini çox çıxara bilmirlər. Bəli, Azərbaycanda Milli Burjuaziya, demək olar, yox dərəcəsindədir, ya da görünməyəcək, hiss edilməyəcək qədər çox azdırlar. Əvəzində ölkəmizdə, daha çox 2003-cü ildən sonra təşəkkül tapmağa başlayan Bürokratik Burjuaziya, başqa adla Məmur Burjuaziyası meydana çıxıb. Bu sinif isə, öz hüdudsuz maliyyə kapitalını heç bir iqtisadi fəaliyyətə qoşulmadan, gecəsini gündüzünə qatıb əziyyət çəkmədən, istehsal edib yeni əlavə dəyər yaratmadan, zənginliyini daha çox korrupsiya və rüşvətlə əldə etdiyindən, belələrində nə iş adamı keyfiyyətləri, nə də hər hansısa iqtisadi təşəbbüskarlıq ruhu inkişaf etmədiyindən, ona asan yolla varlanmaq imkanı qazandıran idbar sistemi dəyişmək yox, qorumaq zərurəti yaradır. Bütün bu illər boyu məmur burjuaziyası Azərbaycanı bir respublika kimi neçə on illiklər olmaqla bütün sahələr üzrə təbii inkişafından tormozlayan ciddi faktora çevrildi təəssüf ki. Demokratiyanın və sərbəst bazar iqtisadiyyatının tam oturuşmadığı, inkişaf etmədiyi ölkələrdə bürokratiyanın burjuaziyanın yerini alması isə adi prosesə çevrilir.
Ancaq təbii ki, bu vəziyyət belə davam edə bilməz. Ona görə ki, hazırkı iqtisadi vəziyyət o həddə qədər böhran fazasına daxil olub ki, sürətli inflyasiya və bahalaşma tempi orta təbəqəni təmsil edən biznes subyektləri də ciddi kapital itkisilə üzləşdirməkdədir və hökumətin iqtisadi siyasəti, tətbiq elədiyi model artıq onları da qane eləmir və bir gün bu sektor istər-istəməz siyasi cəhətdən özünü hiss etdirməyə mütləq başlayacaqdır. Kimsə əlindəkiləri itirmək, hökumətin yarıtmaz idarəetmə və çoxdan iflasa uğramış iqtisadi siyasətinə qurban vermək istəməyəcək. Heç şübhəsiz, Biz həm də paralel şəkildə ona nail olmalıyıq ki, idarəetmə sistemi, əsasən də ölkənin real iqtisadiyyatı və biznes mühiti aşırı yük olan bürokratik təsirlərin girovundan qurtulsun.
Cəmiyyətin öz içərisindən demokratiyanın, hüququn aliliyinin, ədalətli və ləyaqətli yaşam standartlarının, gerçək tərəqqinin konkret sifarişçisi olmadığından, siyasi institutların məhdud resurslarla quru təbliğat aparıb cəmiyyəti təşkilatlandırmaq, onun fəallığını, dinamizmini meydana çıxarmaq çətin olacaq. Dinamizm önəmli faktordur və bunun olmadığı toplumlarda istədiyimiz mütərəqqi idarəetmə sistemini qurmaq, praktiki olaraq, alınan iş deyil. Bütün mümkün imkanlarımızı səfərbər edib milli burjuaziyanı siyasi proseslərə dəstək vermək təşəbbüskarlığına təşviq etməliyik ki, arzuladığımız dəyişim prosesini bir az da yaxınlaşdıra bilək.
Rəşad Bakuvi,
Azərbaycan Yüksəliş Partiyasının başqan müavini

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button