Siyasət

Hikmət Hacıyev: “Ermənistan ərazi bütövlüyünü tanımaq bəndini qəbul edərsə, danışıqlara başlaya bilərik”

“Münasibətləri normallaşdırmaq üçün Azərbaycan Ermənistana “Helsinki razılaşmalarının prinsiplərini özündə əks etdirən” beş bəndlik sənəd verib”. JAMAZ.İNFO xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” telekanalına müsahibəsində deyib.

“Biz Ermənistan tərəfinə sülh müqaviləsinin, Ermənistan və Azərbaycan arasında potensial sülh müqaviləsinin əsas prinsiplərini təqdim etdik. Onlar beynəlxalq hüququn norma və prinsipləri əsasında formalaşır və mehriban qonşuluq münasibətlərinin əsasını təşkil edir. Əgər siz (Ermənistan) mehriban qonşuluq münasibətləri qurmaq istəyirsinizsə, hər şey birinci və ən mühüm qərardan başlayır: Ermənistan və Azərbaycan aralarında olan ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımalıdırlar. Həmçinin ərazi bütövlüyünə qarşı güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən çəkinmək lazımdır”, – Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycana qarşı bu ərazi iddialarına son qoymalıdır. “Bundan sonra, buna əsaslanaraq, davam edə bilərik”.

Hacıyev Türkiyənin də Ermənistanla diplomatik səviyyədə əlaqə yaratmağa başladığına diqqət çəkib. “Biz bu prosesi dəstəkləyirik, lakin eyni zamanda bu prosesin iki istiqamətinin sinxron və paralel inkişafı prosesini dəstəkləyirik: Ermənistan-Azərbaycan, eləcə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button