Siyasət

İlham Əliyev İran və Ermənistanı tənqid etdi

“Ermənistan İranla əlbir olaraq işğal altında olan ərazilərdən Avropaya narkotrafik üçün istifadə edib”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı zamanı deyib.
Prezindentin sözlərinə görə, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra keçən bir il ərzində Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb: “Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.
İlham Əliyev çıxışında Ermənistanın Şuşa şəhərində işğala qədər mövcud olan 17 məscidin 16-sını dağıtdığını bildirib:”Ermənistan Şuşa şəhərində işğala qədər mövcud olan 17 məscidin 16-sını dağıdıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin yardımı ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib”.Prezident qeyd edib ki, işğal edilmiş ərazilərdə evlər və binalar kərpic-kərpic sökülüb, Ermənistana və İrana satılıb: “Təbiətə də böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb”.
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında minalanmış ərazilər məsələsinə də toxunub.“Müharibədən sonra Azərbaycanın 150-dən çox vətəndaşı minaya düşərək həlak olub, yaxud ciddi xəsarət alıb.Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir.“İşğaldan azad edilmiş ərazilərdə otuz il ərzində demək olar ki, bütün binalar, tarixi abidələr məhv edilib. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qalan iki məsciddə ermənilər donuz və inək saxlamaqla qəsdən müsəlmanların heysiyyatını təhqir ediblər”.
Prezident çıxışında həmçinin qeyd edib ki, müharibə və münaqişə tarixdə qaldı: “Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistanla sülh sazişinə dair danışıqlara başlamağa da hazırıq.Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümid edirik ki, Ermənistan bu tarixi şansı əldən verməyəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button