Siyasət

Makronun Əliyevlə Paşinyanı görüşdürməsi nəyə hesablanıb? – ŞƏRH

“Makronun təşəbbüsü arxadan atılan daşdır. Onun heç bir əhəmiyyəti olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Brüsseldəki görüşün ardınca dekabrın 15-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbayan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən qeyri-formal görüşü dəyərləndirərkən deyib.
Həmsöhbətimizin fikrincə, Makronun təşəbbüsü, əslində, 2022-ci ildə ölkəsində keçirilən prezident seçkiləri ərəfəsində özü üçün xal qazanmağa hesablanıb:
“Hiss olunur ki, Bakı ilə İrəvan arasında münasibətlərdə normallaşma mühiti yaranır. Bu, özünü Brüssel görüşündə də göstərdi. Paralel proseslərə fikir verirsinizsə, bir tərəfdə Azərbaycan Ermənistan münasibətləri müzakirə predmetidirsə, digər tərəfdən də İrəvan Ankara ilə danışıqlara başlayır. Belə bir vəziyyətdə Fransa Prezidenti də Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etməklə, əslində, 2022-ci ildə ölkəsində keçiriləcək prezident seçkiləri ərəfəsində kiçik də olsa, özü üçün uğur əldə etməyə çalışır. Əslində iki tərəf arasında məsələlər Soçi və Avropa İttifaqının Brüssel görüşlərində müzakirə edilib. Belə bir vəziyyətdə Makronun tərəfləri görüşə dəvət etməsi sadəcə olaraq görüntü xarakterli addımdır”.
N. Miriyə görə, bu addımla Makron həmçinin Merkelin gedişindən sonra Fransa ictimaiyyətində və Aİ-də ölkəsinin liderlik obrazını nümayiş etdirmək istəyir:
“Almaniya kansleri Merkelin hakimiyyətdən getməsindən sonra Avropada liderlik boşluğu yaranıb. Makron isə bu boşluğu öz hesabına doldurmaq istəyir. Ona görə də Makronun həmin təşəbbüsü daha çox Fransanın əhəmiyyətni göstərmək və dünya proseslərinə istiqamət verən ölkə olduğunu nümayiş etdirməyə hesablanmış addımdır. Makron həmçinin Bakı ilə İrəvan arasında yaxınlaşma prosesindən özünün kənarda qalmasından narahatdır”.
Politoloq düşünür ki, Fransa Prezidentinin təşəbbüsdə digər məqsədi prezident seçkiləri ərəfəsində yenidən erməni lobbisinin dəstəyini qazanmaqdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button