Siyasət

“Onlar Qarabağda sülhməramlı missiyadan başqa, hər şeylə məşğuldur”

“Rusiyanın bu məsələdə susqunluğu anlaşılan deyil. Ona sözümüzü deməli, gücümüzü göstərməliyik”. Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Fransa prezidentliyinə namizəd Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə orada yerləşən Rusiya sülhməramlılarının göz yummasına münasibət bildirərkən deyib: 

“Azərbaycan Xarici İşlər Nazirliyi adından notanın biri də Rusiyanın Bakıdakı səfirliyinə təqdim edilməlidir. Çünki onlar dəfələrlə Bakının razılığı olmadan, onun hüququnu pozaraq, başqa dövlətin vətəndaşlarını Azərbaycan ərazisinə buraxıblar. Bu səbəbdən onlara çatdırmalıyıq ki, rus sülhməramlılarının ərazimizdə qalması ilə bağlı məsələyə baxa bilərik. Məsələyə Milli Məclisin müvafiq komitələri də münasibət bildirərək, müraciət hazırlamalıdır. Siyasi partiyalar da məsələyə reaksiya sərgiləməlidir. Çünki Moskva 3 dəfə üçtərəfli bəyanat imzalasa da, bir neçə şərtləri hələ də pozmaqda davam edir. 2020-ci ilin noyabrın 10-da imzalanan bəyanamədən 14 ay keçməsinə baxmayaraq, onun 4-cü bəndi hələ də yerinə yetirilmir. Hələ də Qarabağın Azərbaycanın nəzarətində olmayan ərazisində 15 mindən çox qanunsuz erməni dəstələri, Livan və digər ölkələrdən gələn erməni əsilli terrorçuları qalmaqdadır. Rusiya sülhməramlıları buna nəinki göz yumur, hətta onlara şərait yaradır. Azərbaycan Müdafiə Nazirliyi də susmayaraq, bəyanat verməlidir”.
Həmsöhbətimiz hesab edir ki, yaranmış vəziyyətlə bağlı olaraq məsələni həmçinin BMT-də də qaldırmalıyıq:
“Bir sözlə, Azərbaycan belə qanunsuz hərəkətlərin olmaması üçün öz sözünü deməlidir. Nə qədər ki, susacağıq, bu, Rusiyaya sərf edir. Qarabağı Azərbaycan öz gücü ilə həll etdiyi kimi, xaricdən qanunsuz olaraq həmin əraziyə gələnlərin qarşısını almaq məsələsini də özümüz həll etməliyik. Başqa yol yoxdur. Sülhməramlılar burada sülhməramlı missiyadan başqa, hər şeylə məşğuldur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button