Siyasət

Tural Abbaslı: “Parlament oliqarxların, alverçilərin yeri deyil”

“Biz hər zaman qeyd edirdik ki, parlament oliqarxların, alverçilərin və biznesmenlərin yeri deyil. Parlament qanunverici orqandır və dövlətin ali idarəedici orqanlarından biridir. Belə insanların orada təmsil olunması nəticədə belə hallara gətirib çıxarır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında “Ağ Partiya”nın sədri Tural Abbaslı deyil. O, Feyziyev qalmaqalı ətrafında baş verən hadisələrə münasibət bildirib.

Xatırladaq ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev jurnalistləri təhqir etdiyinə görə, Mətbuat Şurasındakı vəzifəsindən istefa edib.

T. Abbaslı qeyd edib ki, Feyziyev məsələsini maraqlı edən tərəf odur ki, tək burada varlılardan söhbət getmir, həm də iqtidarın sayəsində varlı olanlar, iqtidara xidmət edən başqa düşərgəyə hücum edir: “Yəni o adı çəkilən jurnalistlərin içərisində kifayət qədər iqtidarın mövqeyini müdafiə edən jurnalistlər də var. Bu, bilirsiniz nədir? ABŞ-da belə bir sosial tədqiqat keçirilmişdi ki, cibində 100 dollar olan amerikalı özünü ölümsüz və hər şeyə qadir hesab edir. Bu, psixoloji bir vəziyyətdir.  İndi bu adamın cibində 100 yox, milyonlar var və bir adam ki, 13 milyon manatına bir gündə əl qoyulsun və o, buna adi hal kimi baxsın, bu adam üçün hansısa jurnalistin və dövlət anlayışın nə dəyəri ola bilər? Onlar üçün dövlət, dəyər, anlayışı hamısı puldur və belə insanları, bir daha qeyd edirəm ki, dövlət idarəçiliyindən uzaqlaşdırmaq lazımdır. Bu, düşüncə tərzidir və bu, artıq tərbiyə olunası, düzələsi və dəyişdiriləsi məsələ deyil”.

Müxalifətçi onu da vurğulayıb ki, bu kimi insanları idarəçilikdən və rəhbərlikdən uzaq tutmaq lazımdır: “Ümumiyyətlə, parlamenti buraxmaq lazımdır. Feyziyev hadisəsi də bizim dediyimiz hadisələrdən biridir. Bundan qabaqki millət vəkillərinin çıxışları, bəyanatları elə Feyziyevinki kimi olub. İstər cəmiyyətə, istərsə də mediaya qarşı müxtəlif bəyanatlar olub. Təzəsi çıxanda köhnəsi unudulur bizdə. Ona görə də, təsadüfi insanların dövlət idarəçiliyindən uzaqlaşdırılması lazımdır. Feyziyev, bizim Avropa İttifaqında, eləcə də, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir və bu adam bizi Avropada təmsil edir. Hansı ki, biz hələ də Qarabağ məsələsini Avropada həll etməmişik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button