Siyasət

Türkiyə-Ermənistan münasibətlərində hərəkətlənmə: Ankara Bakıdan xəbərsiz addım atmır

44 günlük müharibədə Azərbaycanın qazandığı şanlı qələbə bölgədə sülhün bərqərar olmasına, bir vaxtlar bir-birinə düşmən gözü ilə baxan qonşu ölkələr arasında münasibətlərin normallaşmasına stimul verməkdədir. Ağır iqtisadi-sosial durumda olan Ermənistan artıq anlamağa başlayıb ki, qonçuları, xüsusən də Türkiyə və Azərbaycanla normal münasibətlər qurmadan heç zaman düşdüyü çətinlik və problemlərdən yaxa qurtara bilməyəcək.
Bu günlərdə Böyük Millət Məclisində çıxış edən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşdırılması üçün qarşılıqlı nümayəndələr təyin ediləcəyini bildirib.
O habelə, yaxın zamanlarda İrəvana çarter reyslərinə də başlanılacağını da açıqlayıb.
Ermənistanın Xarici İşlər Nazirliyi də Çavuşoğlunun həmin açıqlamasına münasibət bildirərək qeyd edib ki, İrəvan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək. Aydın məsələdir ki, digər məsələlərdə olduğu kimi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində də Bakı ilə Ankara arasında sıx koordinasiya var. Yəni aydın məsələdir ki, Ankara İrəvanla atacağı bu addımı əvvəlcədən Bakı ilə razılaşdırıb. Prosesin bu cür cərəyan etməsində Azərbaycan da maraqlıdır. Bakı Vətən müharibəsindən sonra dəfələrlə rəsmi şəkildə bəyan edib ki, regional kommunikasiyaların açılması, həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlıdır. Ermənistanın 3+3 formatına cəlb edilməsi təklifi də məhz Türkiyə və Azərbaycan liderləri tərəfindən irəli sürülüb. Bütün bunlar onu göstərir ki, Bakı və Ankara sözün həqiqi mənasında İrəvanla münasibətləri normallaşdırmağa çalışır.
Azərbaycan həmçinin Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində işlərə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Yeni reallıqlar bunu diktə edir. Ankara ilə İrəvan arasında yaşanan pozitiv siqnallar da elə yeni reallıqdan doğan hadisədir. Belə ki, bölgədə sülhün olması, kənar qüvvələrin öz maraqları naminə burada “at oynatması”nın qarşısını almaq üçün region ölkələri arasında normal qonşuluq münasibətləri yaranmalıdır. Prosesin bundan sonra necə cərəyan edəcəyi birmənalı şəkildə Ermənistanın mövqeyindən asılıdır. Bunun üçün də Ermənistan əvvəlki aqressiv siyasətindən əl çəkməli, qonşu dövlətlərin suverenliyini, ərazi bütövlüyünü tanımalıdır. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqla İrəvan qarşısına çıxan bu imkanları doğru qiymətləndirməlidir.
Bütün hallarda birmənalı şəkildə aydındır ki, strateji müttəfiq olaraq Türkiyə və Azərbaycan bundan sonra da Ermənistana münasibətdə atacaqları addımları yaxından əlaqələndirəcəklər. Hər halda, mövcud situasiya ondan xəbər verir ki, regionda sülhün, əməkdaşlığın bərqərar olması üçün əlverişli mühit formalaşır. Hansı ki, bu mühitin formalaşmasında da əsas rolu Azərbaycanla Türkiyə oynayır. Onların iştirakı, bir-birilə koordinasiyası, istəyi və ya razılığı olmadan belə bir əlverişli mühit yarana bilməzdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button