Siyasət

Zəngilan və Qubadlıda sakitlik, Kəlbəcərdə atışma: Səbəb nədir?

2021-ci ilin noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən qəbul edilən üçtərəfli bəyanatda sərhədlərin müəyyənləşməsinə dair ikitərəfli komissiya yaradılması barədə razılıq ifadə olunub.
İlkin etapda Azərbaycanla Ermənistan arasında ikitərəfli komissiyanın forma və məzmununun tez bir zamanda həllini tapacağına ümidlər olsa da, sonrakı gedişatların xarakteri fərqli mənzərə ortaya qoydu.
Azərbaycan birinci Azərbaycan-Ermənistan müharibəsinin doğurduğu münaqişəni bitirməyə nail olub və əvvəllər işğal altında qalan sərhədlərinə çıxış əldə edib. İndi baş verən prosesləri – atışmaları – konflikt kimi dəyərləndirmək yanlışdır, bunlar sadəcə postkonlikfkt dövrünün yaratdığı reallıqlardan doğan mübahisəli məsələlərin nəticəsidir.
Düşünmək olar ki, sərhəd mübahisəsi Zəngilan və Qubadlıda özünün nəzəri və praktiki həllini tapıb, yəni Azərbaycan istədiyinə nail olub, son zamanlar sərhədin bu zolağında hər hansı ciddi insident qeydə alınmayıb.
Bu nə deməkdir?
O anlama gəlir ki, Zəngilan və Qubadlıda Ermənistan təklif edilən sərhəd xəttinə razılıq verib, daha doğrusu buna məcbur olub. Həmin ərazilər üzrə hərbi xidmətin Dövlət Sərhəd Xidmətinə verilməsi də, onu göstərir ki, problem demək olar ki, həllini tapıb. Görünür, bu ərazilər üzrə delimitasiya və demarkasiya prosesi ağrısız keçəcək.
Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycanın nəzarətində olması, Azərbaycanın bu yolda gömrük və polis postları qoyması da ona dəlalət edir ki, Ermənistanın bu zona üzrə müqavimət, lap dəqiqi desək, etiraz göstərmək gücü qalmayıb.
Ancaq Ermənistan Kəlbəcər və Laçında “düyün nöqtələri” yaratmağa can atır, Azərbaycan isə əvvəlcədən bunu hesabladığına görə, həmin zona üzrə strateji yüksəkliklərə mövqelənməyi hərbi prioritet sırasına əlavə etmişdi.
Xarici işlər naziri Ceyhun Bayramov ikitərəfli komissiya ilə bağlı danışarkən bildirmişdi ki, Ermənistan bu komissiyanın işə başlaması üçün ilkin şərtlər irəli sürüb.
Bakı isə heç bir şərt qəbul etmir, əksinə şərtini qəbul etdirir. İrəvanın ön şərtinin detalları açıqlanmasa da, bu versiyanı söyləmək üçün əsaslar var ki, İrəvan Azərbaycan qoşunlarının Kəlbəcər və Laçındakı sərhəddən geri çəkilməsini istəyir.
Bu isə mümkün deyil, qoşunların geri çəkilməsi Ermənistana vaxt verməkdən başqa bir şey olmaz, indi nəinki geri çəkilmək, əksinə irəli gedərək digər strateji yerlərdə də möhkəmlənmək Bakı üçün hava-su kimi lazımdır.
Fikir verək, son iki gündə Ermənistan eyni istiqamətdə atəş açır: Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutur.
Bu onu göstərir ki, həmin ərazilər üzrə hansısa hərəkətlilik var, Ermənistan isə qıcıqlanır və əsəbində boğulur, ara-sıra atəş açmaqla hirsini atdığı mərmilərlə boşaldır.
Laçın və Kəlbəcər istiqamətlərinə düyün atmaq istəyən Ermənistanın isə Bakının şərtləri altında razılaşmalar əldə etməsi qaçılmaz hala gəlir.
Ceyhun Bayramov demək istəyir ki, bu zonalar üzrə Ermənistanın həzm etmədiyi nöqtələr mövcuddur.
NƏTİCƏ:
1. Ermənistan Laçın və Kəlbəcər istiqamətindəki sərhəd məsələsində cığallıq edir,
2. Azərbaycan ikitərəfli komissiyanın işini öz şərtləri əsasında quracaq,
3. Ermənistanın Laçın və Kəlbəcərdəki “düyünləri” özü açmağa məcbur qalacaq.
Aqşin Kərimov

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button