Sosial

Bakının mərkəzindəki otellə bağlı məhkəmə qərarının gizli dəyişdirildiyi iddia olunur

Yasamal Rayon Məhkəməsinin hakimi Fərid Əyyubov məhkəmə zalında elan etdiyi qərarı sənəddə başqa cür yazmaqda ittiham olunur. Bununla əlaqədar həmin işdə tərəflərdən biri hakim haqqında Məhkəmə-Hüquq Şurasına müraciət edib. 
Hakimin qanunu pozduğu əsas gərtirilərək, onun cəzalandırılması tələb olunur.
Söhbət iş adamı Barat Abdullayevlə onun keçmiş həyat yoldaşı Təyminə Yusifova arasındakı əmlak bölgüsüylə bağlı qərardan gedir.
Hakim Fərid Əyyubov Bakının mərkəzində yerləşən “Nemi hotel”lə bağlı keçmiş ər-arvad arasındakı mübahisəyə baxıb.
Yasamal Rayon Məhkəməsində iddianı Təyminə Yusifova qaldırıb.
Barat Abdullayev bu prosesə üçüncü şəxs qismində cəlb olunub. Çünki iddia birbaşa ona qarşı yox, otelin icarədarı Tehran Rzayev və daha bir işçisi Şaiq Əhmədova qarşı qaldırılıb. Son nəticədə məhkəmə iddiaçının xeyrinə qərar verib və otelin boşaldılması haqda qərar çıxarıb.
Barat Abdullayev bildirib ki, hakim qərarı məhkəmə zalında belə elan eləmişdi: “Mirzə İbrahimov küçəsi 9 ünvanında yerləşən əmlakda cavabdehlər Şaiq Əhmədov və Tehran Rzayevin fəaliyyətinə qadağa qoyulsun, onlar qonaq evindən çıxarılsın, bu şəxslər tərəfindən daşınmaz əmlak boşaldılaraq iddiaçıya təhvil verilsin”.
Onun sözlərinə görə, qətnaməni alanda isə bu hissədə Şaiq Əhmədov və Tehran Rzayevin adını görməyiblər.
Orada ümumiyyətlə, əmlakın boşaldılıb Təyminə Yusifovaya təhvil verilməsi yazılıb: “Hakim deyir ki, guya iddianı qismən təmin edib, yəni bu şəxslərin oteldə olmaması qətiləşdirilib. Amma qətnamədə “bu şəxslər tərəfindən boşaldılması” ifadəsi yoxdur. Ümumiyyətlə, otelin boşaldılmasından söhbət gedir. Məhkəmə zalında videoçəkiliş gedir, prosesin audioyazısı aparılır. Audioyazıda da aydın eşidilir ki, qərar elan olunanda o adamların adları çəkilib. Amma mətndə yoxdur”.
İş adamının vəkili Bəylər Məmişov bildirib ki, Məhkəmə Hüquq Şurasına şikayət edib, məhkəmənin audio-video yazısını götürüblər: “Qətnamənin elanı ilə çıxarışın məzmununun müqayisə edilməsi və qanun pozuntusuna qiymət verilməsini xahiş etdik. Bu hallar hakim tərəfindən yol verilmiş kobud qanun pozuntusudur”.
2021-ci ilin yayında da Yasamal Rayon Məhkəməsində çıxarılmış qərarla bağlı bənzər qalmaqal yaranmışdı. Bakı Dövlət Universitetinin keçmiş işçisi İsmixan Mirzəyevin universitetin sabiq rektoru Abel Məhərrəmova qarşı 800 min manatlıq iddiası üzrə qərarın məhkəmə zalında başqa cür elan edildiyi, sonradan qətnamədə dəyişdiyi iddia olunurdu.
Ətrafındakı ustalarla birlikdə Abel Məhərrəmovun evlərində, restoranında təmir, mebel quraşdırma işləri gördüklərini, nə zəhməthaqqı, nə də alınan avadanlıqların pulunun ödənilmədiyini deyən İsmixan Mirzəyev qərar elan olunduğu gün, hətta bu barədə mediaya açıqlama verərək, keçmiş rektora qarşı iddiasının təmin edildiyini bildirmişdi. Sonradan məlum oldu ki, iddia təmin olunmayıbmış.
İsmixan Mirzəyev iddia edirdi ki, Yasamal Rayon Məhkəməsinin hakimi Vahid Hacıyev sonradan qərarı Abel Məhərrəmovun xeyrinə dəyişib: “Qətnaməni elan edəndən sonra hakim Vahid Hacıyev elan etdi ki, iddia təmin olunur. Hətta cavabdeh tərəfin vəkili Altay Əfəndiyevə üzünü tutaraq bildirdi ki, apelyasiya şikayəti etmək hüqunuz var. Sonradan hakim otağına gedib, başqa şey yazıb. Və biz də sevincək məhkəmə binasını tərk etdik. Lakin hakim otağına gedəndən sonra qərarı tamamilə dəyişib qətnaməyə başqa şey daxil edib. Abel Məhərrovun qardaşı Ədliyyə Nazirliyində yüksək vəzifə tutur. Görünür, bu amilin rolu oldu. Biz mübarizəmizi sonadək aparacağıq”.
O zaman Yasamal Rayon Məhkəməsi qərarın sonradan dəyişilməsi haqda iddianı təkzib etmişdi.
Meydan TV

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button