Sosial

Bir məcburi köçkün ailəsinin hekayəsi: “Erməni qız dedi ki, Qarabağı satmısınız”

Bu qaçqın yataqxanasının uçuq divarları neçə insan hekayəsinə şahidlik edib. Uzun illərdir ki, xarabalıqdan fərqlənməyən belə yataqxanalara taleyindən küsmüş neçə insan sığınıb.  Bura o qədər bozdur ki, nə gülüş səsi eşidilir, nə uşaq qışqırığı. Heç həyətdə söhbət edən adamlar da yoxdur: hamı bir balaca otağa sığınıb ümidlə sabahı gözləyir.  

Burada kimi dindirsən, dərdi təzələnir, danışmağa ürək dolusu sözü var.  28 ildir ki, Yasamaldakı məcburi köçkün yataqxanasında yaşayan, heç müharibə vaxtı da öz kəndini tərk etməyən 61 yaşlı Südabə Əmiraslanova ilə söhbətləşirəm.

“Otağın bir küncündən ya siçovul çıxacaq, ya tavan uçacaq, ya da döşəmə dağılacaq…” 

Südabə xala məni gülərüzlə qarşılasa da, evinə dəvət edəndə gözləri dolur. Deyir ki, hər dəfə evinə qonaq gələndə utanır. Elə bilir ki, otağın bir küncündən ya siçovul çıxacaq, ya tavan uçacaq, ya da döşəmə dağılacaq.

O, tək yaşayır. Əri öləndən bəri heç bu balaca otağa da sığışa bilmir.

Dediyinə görə, tez-tez Ağdamı, orada qoyub gəldiyi xoşbəxtliyini yada salır: “Cavan idim, atam Salman məni dostu Mahmud kişinin oğluna nişanlamışdı. Yoldaşımla ikimiz də Paravənd kəndindən idik. Atam aqronom idi, anamın “qəhrəman ana” medalları vardı. Ailədə 12 uşaq olmuşuq, amma bir dəfə də olsun, aclıq çəkməmişik. Həmişə evimizə yemək yekə torbalarda, qutularla gəlib. İndi gəlib yaman yerə düşmüşük…”

“Ermənilərlə canbir olmuşuq” 

Südabə xala danışır ki, kəndləri Ağdərəyə yaxın yerdə yerləşirmiş, özləri də orda yaşayan ermənilərlə yaxşı yola gedirmişlər. Hətta onun qardaşının kirvəsi də elə erməni olub: “Ermənilərlə canbir olmuşuq. Kirvəmizin arvadı erməni qadın tez-tez bizə gəlirdi. Çox işlədiyimi görüb anama deyirdi ki, ay arvad, bu qızı az işlədin. Erməni qonşularımız deyirdi ki, bizim sizinlə işimiz yoxdur, aranı qatan Yerevan erməniləridir. Biz yox, amma onlar müsəlmanın düşmənidir. Onlar bizi bir-birimizə qırdıracaqlar.  İndi nazirlikdən-zaddan gəlirlər ki, ermənilərlə birgə qala bilərsinizmi? Deyirəm, niyə qalmırıq ki?”.

Südabə Əmiraslanova danışır ki, Qarabağda müharibə başlayanda onlar heç yerə tərpənməyiblər, müharibənin axırıncı gününədək əri, böyük oğluyla birgə kənddə qalıblar: “Dədəmgil xəbər gətirdilər ki, ermənilər Xocalını qırıb, camaat köçüb, hamı yataqxanalara yığışıb. Dedilər ki, gəlin biz də gedək, bura qədər gələcəklər.  Anam Saatlıdan idi, heç xoşlamırdım oranı. Ora gedəndə deyirdim, ay Allah, elə bil yerlə göy qovuşub. Dədəm, qaynatamgil balaca oğlumla qızımı götürüb Saatlıya getdilər. Mən dedim, heç yerə gedəsi deyiləm, ölsəm də, elə burdaca ölüm”.

Yeddi oğul istərəm… 

Südabə xala deyir ki, müharibə vaxtı kənddə onun kimi daha 2 qadın qalıbmış: “Kənddə 3 gəlin qalmışdıq: Tovuz, Sevda, mən. Evdə yemək bişirər, təndirə çörək yapardım. Böyük oğlum Elşən yeməklərdən əsgərlərə pay aparır, ərim Şahlar da dağlarda ermənilərlə vuruşurdı”.

“Bir gün Sevdayla heyvanın qabağında durmuşduq, göydən bir duman yüksəldi. Dedim, ay Sevda bu nə dumandır belə, nə olub görəsən? Sən demə, dərələrin arasında ermənilər bizimkiləri mühasirəyə alıbmış. Bir azdan ərim gəldi ki, ermənilər bizi mühasirəyə almışdı. Bizimkilər mühasirəni yarıb bizi xilas etdilər, amma özləri öldülər… O gecə kəndimizin yeddi igidi öldü. Taleh, Qabil, Rizvan… digərlərinin adların hamsını xatırlamıram. O yeddi oğlanın meyiti sellefonlarda gətirildi, elə onlar öləndən 3-4 gün sonra da ermənilər kəndi aldı. Bir kino var idi e: “Yeddi oğul istərəm”. Bax mənim ağlım ölənə qədər o yeddi oğulda qalacaq”, – deyə Südabə Əmiraslanova kövrəlir.

“Erməni qız dedi ki, Qarabağı satmısınız” 

“Müharibənin qızğın vaxtlarında elə bil Qarabağ erməniləri də çöndülər. Can deyib, can eşitdiyimiz adamlar da bizə düşmən kəsildilər. Bizim kənddə  iki polis vardı: Şəriflə Qərib. Bir sarı erməni qızını tutmuşdular. Qız polislərə dedi ki, torpağınızı satmısınız, Qarabağ bizimdir. Şərif qızı tutdu ki, səni öldürəcəyəm, o sözü işlətmə. Qız da dilini kəsmədi, dedi ki, Qarabağ bizimdir”, – Südabə xala belə deyir.

O danışır ki, hər gün evlərinin yanındakı Xaçın çayında qablarını yumağa gedirlərmiş, bir gün ordan qayıdanda qardaşının kəndə gəldiyini görür: “Qardaşım gəlib yoldaşıma dedi ki, Şahlar, uşaqları qorxutma, amma onlar gələndə çaqqal səsi çıxarır, ulaya-ulaya gəlirlər. Elə bil, gəldiklərinin işarəsi budur. Elə bundan 3-4 gün sonra evdəydik, gecə idi. Eşitdik ki, həmin o Xaçın çayı tərəfdə çaqqallar ulayır. Ərim evdə yox idi. Böyük oğlumu elə ev paltarındaca götürdüm, mal-heyvanı da qabağıma qatıb evdən uzaqdakı tikiliyə girdik. 2-3 gün burda qaldıq. Sonra yoldaşım dedi ki, 3 uşağa yazıqdı, onların həyatı ilə oynaya bilmərik, gəl çıxıb gedək”.


 “Gecələr üstümüzə yağış yağırdı”

Bundan sonra onların ailəsi evdən əşyaları da götürmədən yola düzəliblər. Bir müddət Güllücə kəndindəki fermada qalıblar: “Mehdi Hüseynin kinosunda (“Uzaq sahillərdə” – red.) millət piyada kənddən qaçmırmı? Yenə onlar özləriylə yemək götürmüşdü, biz onu da eləməmişdik. Qışın günündə üst-başımız açıq qalmışdıq, gecələr üstümüzə yağış yağırdı. Yenə Allah canını sağ eləsin, qonşumuzun maşını vardı, yastıq gətirdilər ki, uzanın gecəni burada yatın, amma yorğanımız yoxdur. Birtəhər gecələri eləcə yola verdik”.

Südabə xala, nəhayət, ailəsilə birgə Yasamaldakı məcburi köçkün yataqxanasında yerləşir. Ağdamda ikimərtəbəli evlərini, neçə baş mal-qarasını qoyub gələn ailə burda illərlə kasıblıq çəkir.

Şahlar kişiyə veteranlıq statusu düşsə də, o müavinət almaqdan imtina edir. Deyir ki, torpağını qoruduğu üçün dövlətdən pul alası deyil.

“Uşaqlar deyir, ay nənə, bizim nə vaxt yaxşı evimiz olacaq?” 

Şahlar kişinin Qarabağın işğaldan azad edildiyini görməyə də ömrü yetmir. 3 uşaqla təkbaşına qalan Südabə xala isə övladlarıyla sınağa çəkilir: “Balaca oğlum oğurluq üstündə tutuldu, elə buranın bəlasına düşdü. Böyük oğlum da xəstədir, mədəsində problem var, ağır bir şey götürən kimi qan qusur. Heç bilmirik dərdi nədir, həkimə getməyə pul yoxdur, nəvəmin gözündə çəplik var, o da eləcə qalıb… Qızım da evlidir, özü getdi də, məndən olsa, verməzdim…”


Südabə xala deyir ki, evdə tək qalıb deyə, oğlugil ona tez-tez baş çəkirlər. İki nəvəsi isə qadının evdəki tək təsəllisidir: “Uşaqlar sinif yoldaşlarının evlərinə gedirlər, onların evlərini görürlər. Bura gələndə deyirlər, ay nənə, bizim nə vaxt yaxşı evimiz olacaq? Balaca oğlan karandaşı əlinə alıb divara şəkillər çəkir, kağızları rəngləyib yapışdırır. Dəymirəm, onsuz da bu yazıqlara bir şey verə bilməmişik”.

Südabə xala kövrəlir, səsi qırılır,  udqunaraq özünü toparlamağa çalışır: “Utanıram. Bu yaşımda evdə siçovul qovlayıram. Haradan gəlib, hara düşdük? Kaş elə oradan meyitim çıxaydı, bu günləri görməzdim…”
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun 2019-cu ildəki açıqlamasına görə, Azərbaycan əhalisinin 1,2 milyonu və ya 12,4 %-i qaçqın və məcburi köçkünlərdir. Dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır.

Toplum TV

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button