Sosial

“Elə adam var ki, gəlib 1 kartof dilənir”- Bazardan reportaj

“Toplum TV”-nin əməkdaşı Bakıda ən ucu bazar kimi tanınan, adına el arasında “Vasmoy bazarı” deyilən “8-ci km bazarı”na baş çəkib. Qiymət artımından sonra alıcıların təəsüratlarını soruşub, bazar qiymətlərinin ciblərinə uyğun olub-olmamasıyla maraqlanıb. 

Bu bazarda alıcıdan çox satıcı var. Satıcılar piştaxtalarının arxasında oturub müştərilərini səsləyir, onları xoş sözlərlə alış-verişə şirnikləşdirirlər: “Ay camaat, gəlin, məndən alın. Ad günümdü, sevindirin”, “Gəlmisən, al. Siftəni qaytarma”.

Satıcılardan bəziləri də səssizcə köhnə kreslolarda oturub çay içir, mallarını səliqəyə salırlar.

“Uşaqların meyvəsini azaltmışam”

Elə bazarda qarşılaşdığımız ilk alıcı Lamiyə Mehdiyeva qiymətlərdən narazılıq eləməyə başlayır. O deyir ki, hər şeyin qiyməti artıb.

“20 manatlıq alış-veriş edirəm, 5 günə qurtarır. Uşaqlar meyvə xoşlayır, bahadır deyə, ala bilmirəm. Evə girən maaşla alış-verişə xərclədiyimiz pul üst-üstə düşmür. Maaşın çoxunu ərzağa xərcləyirik, qalan şeylərə pul çatdırmaq olmur”.

“Kafe-restoran olmasa, dolana bilmərik”

Toyuq əti yığılan piştaxtaların qabağı tamamilə boşdur.  Alıcılar qiymət soruşub, toyuqları o üzə-bu üzə çevirib gedirlər.

Satıcı 67 yaşlı Əjdər kişi deyir ki, yanvardan bəri alıcıların sayı azalıb. Onun sözlərinə görə, toyuq əti bahalaşmayıb, qiymətlər elə əvvəlki kimidir, sadəcə adamlar artıq əvvəlki qədər alış-veriş etmirlər.

“Toyuğu 4 manat 50 qəpiyə alırıq, 5 manata satırıq. Hər toyuqdan 50 qəpik çıxarırıq. Neyləyək, gedib oğurluq eləməyəcəyik ha. Kafe-restoranlar birdən gəlir 50-60-nı götürürlər. Onlar olmasa, dolana bilmərik”, – yan piştaxtanın arxasında dayanan satıcı söhbətə qoşulur.

Əjdər kişi isə günə 4-5 toyuq satmaqla dolandığını söyləyir. Deyir ki, yaşı keçsə də, pensiya ala bilmir. Ona görə də həyətindəki toyuqlardan kəsib satır. Bu yolla az da olsa, gündəlik yemək pulunu çıxara bilir.

– Ördəyin kilosu neçəyədir?

-12, 13 manat.

-Bir dənəsi?

-Hə…

Ördək ətinin qiymətini öyrənən qadın yavaşca burdan uzaqlaşır.

“Heç nəyi qoyduğumuz qiymətə sata bilmirik”

Elşən Kərimov balıq məhsulları, xəngəl, noxud satmaqla məşğuldur. Onun sözlərinə görə, Həştərxandan gələn balığın qiyməti 7 manatdan 9 manata qalxıb. Elşən də üstünə 1 manat qoyub, 10 manata satdığını bildirir. Halbuki əvvəl 2 manat daha çox qazanırmış.

O danışır ki, noxudun qiyməti isə ikiqat bahalanıb. Əvvəl kilosu 2 manata satılan noxudun qiyməti indi 5 manatdır. Onun söylədiyinə görə, keçən il əkin az olub deyə, qiymətlər də artıb.

“Camaat nə deyir, düz deyir. Bu, əyləncə deyil ki, imtina edəsən, camaat yeməlidir. Gəlirlər, qiymətlərə baxıb şikayətlənirlər, amma başa düşürlər ki, bizlik deyil, qiyməti biz qoymuruq. Onsuz heç nəyi qoyduğumuz qiymətə sata bilmirik. Adamlar qiyməti endirirlər. Biz də 5-10 qəpik artıq qiymət qoyuruq ki, endirim edəndə heç olmasa, özümüzə də nəsə qalsın”.

“Evdə ət olmayanda uşaqlar küsür”

Fikrət əmi qəssabdır. O deyir ki, ətin qiyməti qalxmasa da, alıcıların sayı 2 dəfə azalıb.

Onun dediyinə görə, burda mal ətinin kilosu 11 manat, quzununku isə 14 manatdır.

“Əvvəllər 5 kilo ət alan adam indi 2 kilo alır, 3 kiloluq ətin pulunu da qoyur qırağa ki, işığın, qazın pulunu versin”.

Bu vaxt Səidə adlı alıcı  mağazanı tərif etməyə başlayır. Söyləyir ki, 10 ildir, burdan ət alır.

“Pensiya-maaş almıram. Oğlum, qızım pul göndərirlər. Evdə ət olmayanda uşaqlar küsür. Uşaq məktəbə gedəndə kotlet aparmaq istəyir, toyuq bişirəndə şikayətlənir. Amma buna da şükür edirəm, başdan ayağa sağlamam. Həkimə pul xərcləmirəm, yerinə gəlib ət alıb yeyirəm”.

“Elə adam var ki, gəlib 1 kartof dilənir”

Camaatın qiymətindən ən çox narazılıq elədiyi məhsul kartofdur. Türkiyə, İran kartofunun topdansatış qiyməti 1 manatdırsa, yerli kartofun qiyməti 1.20-1.60 azn arasında dəyişir. Türkiyədən, İrandan gətirilən katofun qiyməti 20 qəpik, yerlilərinki isə azı 30-40 qəpik artıb. Satıcıların sözlərinə görə, alıcılar daha çox yerli karoflara üstünlük verirlər.

Adının çəkilməsini istəməyən satıcılardan biri danışır ki, məhsulların qiymətini bəzən alıcılara baxıb dəyişirlər: “Soğan 60-70 qəpikdi, görürük imkanı yoxdur, 50 qəpiyə veririk. Elə adam olur ki, heç pulu olmur, gəlib bir kartof dilənir. Biz də veririk, gedir”.

Satıcı yarızarafat, yarıciddi əlavə edir: “Tərifləməyin ey, bahalıqdan yazın, camaatın əziyyət çəkməyindən yazın. Millət acından ölür”.

Elə bu vaxt bir qadın əlində aptek sellofanıyla piştaxtaya yaxınlaşır. 1 manatlıq kartof alıb, sakitcə bazardan uzaqlaşır.

Burda diqqət çəkən daha bir məqam da olur. Saatlarla bazarda gəzməyimizə baxmayaraq əli dolu sellefonlarla gəzən bir nəfər də gözə dəymir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button