Sosial

“Gecə klubunda balon qazından istifadə üçün sövdələşmə olub”

Bakının mərkəzində yerləşən “Location” gecə klubunda partlayış təlükəsizliklə bağlı məsələni yenidən gündəmə gətirib. Partlayışa səbəb kimi maye qaz balonun (propan) olduğu deyilir. Təhlükəsizlik qaydalarına görə zirzəmilərdə yerləşən kommersiya obyektlərinə təbii qaz xəttinin çəkilməsi qadağandır. Mətbəxin elektrik enerjisi ilə idarə olunması daha baha başa gəldiyi üçün, kafe-restoranlar qaz balonuna üstünlük verirlər. Lakin bu da qanunsuz addımdır. Bəs maraqlıdır, müvafiq nəzarət orqanları məşhur gecə klubuna nəzarət etməyib? Əgər nəzarət olunubsa, propan istifadəsinin qarşısı niyə alınmayıb? Bu halda sahibkar, yoxsa nəzarət edən qurum məsuliyyət daşımalıdır?

Mövzu ilə əlaqədar Modern.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Məmmədov nəzarətin və məsuliyyətin artırılmasına ehtiyac olduğunu vurğulayıb. Deputat deyib ki, belə bir hadisənin olması, qazdan doğru istifadə edilməməsi kimi dəyərləndirilməli və bu cür hallarının təkrarlanmasının qarşısı alınmalıdır.

 

O xatırladıb ki, fevral ayında Milli Məclisdə “Qaz təchizatı haqqında” Qanuna dəyişikliklər qəbul edlib: “Qanun elə dəm qazından zəhərlənmə və qaz partlayışı hallarının profilaktikasını nəzərdə tutur. Bu, bütövlükdə istifadə edilən, doğru şəkildə dövlət tərəfindən çəkilmiş qaz xətlərinə aiddir. Zirzəmilərdə və digər icazə verilməyən obyektlərdə, qaz çəkilişi mümkün olmayan yerlərdə “propan”, yəni balon qazlardan istifadə olunur. Bu isə yolverilməzdir. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi və aidiyyəti digər orqanlar məşğul olacaq. Belə halların qarşısını almaq üçün mübarizə və maarifləndirmə genişləndirilməlidir. Qapalı məkanlarda, icazəsiz yerlərdə balonlardan istifadə edilməməlidir. Bunu qulaqardına vuranlar çoxdur. Elektrik enerjisinin nisbətən bahalı olmasını bəhanə edərək, “propan” istifadə edirlər. Bu isə belə nəticələrə gətirib çıxarır. Bu hadisə bizi kədərləndirir və məsuliyyətin artırılmasına ehtiyac olduğunu bir daha sübut edir”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə düşünür ki, hadisəyə görə, hər iki tərəf – həm nəzarət edən qurum, həm də sahibkar cəzalandırılmalıdır: “Nəzarət orqanları adətən bu cür gizli yolla qaz balonlarından istifadə edilən yerləri bilirlər. Çünki bu kütləvidir, qanunla qadağan olsa da, riayət edilmir. Azəriqaz tərəfindən zirzəmilərdə yerləşən obyektlərə texniki şərt verilməyib, qaz təchizatı yoxdur. Ona görə gizli şəkildə balonlardan istifadə edirlər. Nəzarət edən orqanlar vaxtlı-vaxtında yəqin ki, yoxlayırlar. Görünür, arxada hansısa sövdələşmə olub ki, propan istifadəsinin qarşısı alınmayıb”.

S. Məmmədovun fikrincə, istənilən halda hadisənin baş verməsində sahibkarın daha çox məsuliyyəti var: “Gecə klubunun işçisi dünyasını dəyişib. Bu istehsalatda bədbəxt hadisədir, bununla bağlı da ortada məsuliyyət mövcuddur. Əməyin mühafizəsi qaydaları pozulub. Sahibkarın və cavabdeh şəxslərin məsuliyyəti var. Araşdırılma aparılmalıdır ki, nəzarət etməli orqanlar niyə nəzarət etməyib. Günahkar şəxslər məsuliyyətə cəlb edilməlidir.

Bu hadisədən sonra zirzəmilərdə fəaliyyət göstərən obyektlərin bağlanması gündəmdə deyil. Zirzəmi, yarımzirzəmi, birinci mərtəbələr hər yerdə istifadə olunur. Sadəcə texniki tələblər var, bunlara əməl etmək lazımdır. Qazdan başqa istilik vasitələri də var. Texniki şərtlərə əməl etməklə elektrik enerjisindən istifadə etmək mümkündür. Bağlanmaqdan söhbət gedə bilməz. Nəzarət orqanları nəzarəti gücləndirməli, təhlükənin qarşısı alınmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button