Sosial

Kərəm Həsənov sumqayıtlı məmurun “Dalğa”sını vurdu: Memarlıq İdarəsində yoxlama

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq İdarəsində yoxlamalara start verilib. Bu barədə JAMAZ.İNFO-ya İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda deyilir ki, idarənin fəaliyyətinin yoxlanılması barədə göstəriş prezidentin müşaviri Kərəm Həsənovdan gəlib. Belə bir göstərişin verilməsi isə səbəbsiz olmayıb. Belə ki, sözügedən idarənin rəhbəri Adil Xudadatov uzun müddətdir rəsmi və qeyri-rəsmi şəkildə həmin quruma rəhbərlik edib. Bu müddət ərzində onun bir çox qalmaqallı işlərdə adı hallanıb. Xüsusən, Sumqayıtda tikinti işləri görmək istəyin sakindən tutmuş, sahibkara qədər hamısının “qorxulu yuxusu” olaraq tanınıb.

Məlumatlara görə, Xudadatovun adının “qara siyahıya” düşməsinin əsas səbəbi daha bir qalmaqallı məsələyə qarışmasıdır. Mənbə iddia edir ki, sözügedən şəxs qısa müddətdə şəhərdə tikinti işlərinin aparılması üçün tələb etdiyi məbləği artırıb. Nəticədə, bir neçə ay bundan əvvəl 3-5 min manata başa gələn işlər, hazırda 10-15 min manata çatdırılıb. Məsələ ilə bağlı sahibkarlar daha çox şikayətçi düşüblər və onlar kiçik işlərə görə, bu qədər pul verməyin haqsızlıq olduğunu deyiblər. Xudadatovun cavabı isə çox maraqlı olub: “Bilirsiz ki, torpaqlarımız işğaldan azad olunub. Orada tikinti işləri aparmaq lazımdır. Biz də bu pulları yığıb, Qarabağda tikinti işləri görəcəyik”.

Yəni, Memarlıq İdarəsinin rəisi bununla iddia edib ki, yığdığı pulları guya, Qarabağdakı tikinti üçün alır. Halbuki belə bir şey yoxdur və olsa belə, bu işlər Xudadatov kimi şəxslərə həvalə olunmaz. Digər tərəfdən, Adil Xudadatov bununla hakimiyyət dairələrini pis vəziyyətdə qoyub ki, söhbət yuxarı instansiyalara gedib çıxıb. Nəticədə, onun fəaliyyətinin yoxlanılmasına qərar verilib.

JAMAZ.İNFO-ya danışan mənbə bildirir ki, Adil Xudadatov aldığı pulların böyük qismini özünə götürərək, imkanlarını genişləndirməklə məşğuldur. Onun dediyinə görə, hazırda sözügedən idarə müdirinin həm Sumqayıt İcra Hakimiyyətində, həm də Memarlıq İdarəsində kabinetləri var. Həmin kabinetlərə çəkilən xərclərin məbləği isə milyon manata yaxındır. Buraya bahalı mebellərdən tutmuş, xaricdən gətirilmiş aksesuarlara qədər hər şeylə rastlaşmaq olmaz. Həm də olduqca yüksək zövq və vaha qiymətə aparılan təmir işləri də daha çox qazancın olmasından xəbər verir.

Lakin Adil Xudadatov hər iki kabinetini bir kənara qoyaraq, Sumqayıtdakı “Dalğa” restoranında məskən salıb. Mənbə bildirir ki, həmin restoranda özünə bahalı otaq hazırlatdıran idarə müdiri, bütün işlərini oradan idarə edir. Müavini Kənan adlı şəxslə birlikdə “Dalğa”da sahibkarları, sakinləri qəbul edən Xudadatov, “qara işlərini”, yəni, pul alış-verişlərini orada həyata keçirir. Üstəlik, yığdığı pulların ünvanına çatmasını da oradan reallaşdırır.

Gələn məlumatlara görə, yoxlama ilk olaraq Sumqayıt Memarlıq İdarəsində bir sıra neqativ halları üzə çıxarıb. Üstəlik, Adil Xudadatovu “Dalğa”da belə axtararaq, tapıb. Amma prosesin xeyli dərinləşəcəyi, Adilin “şirindillik” etməsinin də heç bir fayda vermədiyi də məlumatlar sırasındadır.

Qeyd edək ki, Azərbaycanda məmurların qanunsuzluqlarla məşğul olması qeyri-adi hadisə deyil. Son günlər xeyli sayda icra başçısının, nazir müavinlərinin, və digər kateqoriyadan olan məmurların həbs edilməsi də bunun əyani sübutlarından biridir. Adil Xudadatov kimi məmurların sayı isə nə azalır, nə də tükənir. Əksinə, əlverişli şərait yaranan kimi, daha da çoxalmağa başlayırlar. Bu cür yoxlamaların və ya həbslərin nə kimi fayda verəcəyi isə sual altındadır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button