Sosial

“Kubinka”da aşkar narkotik alveri, səksəkədə yaşayan valideynlər – REPORTAJ

Bakının “Kubinka” adıyla tanınan məhəlləsində az qala hamı “qadağan olunmuş” maddələrin adını əzbər bilir. Günün günorta çağında, tinlərdə, qapısız-pəncərəsiz daxmaların qaranlığında “mal” alınıb-satılır, sövdələşmələr aparılır, necə deyərlər həm də düz şəhərin göbəyində.

“Toplum TV” həmin məhəllədən reportajı təqdim edir.

Məhəllədə yaşayan valideynlər övladlarına görə narahatdırlar, gözləri önündə neçə gəncin məhv olduğuna şahiddirlər deyirlər.

“Peyğəmbər kimi uşaqlar idi, elə döndülər ki…”

60 yaşlı Rübabə Rufullayevanın 2 övladı həbsdədir. Böyük oğlunun 38 yaşı var. 8 ay əvvəl narkotik satıcısı kimi həbs edildiyini, 30 yaşlı oğlunun isə 6 ay əvvəl istifadəçi kimi saxlanıldığını deyir.

“Böyük oğlum həbs olunandan 15 gün sonra yoldaşım rəhmətə getdi. 61 yaşı vardı, dözmədi ürəyi. Ataları olanda yenə qabağa dururdu. Ondan 2 ay sonra da kiçik oğlum Ceyhun həbs olundu.  Bir qızla qalırdı, oda saldı oğlumu”.

Hələlik onun oğullarına hökm oxunmayıb.

R.Rufullayeva böyük oğlunun Rusiyadan gələndən sonra bu yola düşdüyünü bildirir.

“2-3 ayın içində uşağın başını yedilər. Burda belədir, əvvəl-əvvəl dostları təklif edir. Bir-iki dəfədən sonra artıq öyrəşirlər. Peyğəmbər kimi uşaqlar idi, elə döndülər ki…”,-ana kövrələrək deyir.

Məhəllədə söhbət etdiklərimizin bəzisi adının gizli saxlanılmasını istəyir, ya təhlükəsizliklərinə görə narahatdırlar, ya da adlarının belə bir mövzuda hallanmasını istəmirlər.

Market sahibi qadın danışır ki, məhəllədə narkomaniya artıq insanların həyatının bir parçasına çevrilib.

“Təkcə ailələr yox, bütün məhəllə, hamı “ondan”dır. Hansı evə girsəz narkoman görərsiz. Tək-tük, 20 nəfərdən biri narkoman olmaz. Qalan hamısı eyni vəziyyətdədir”.

Bəs övladlarınızı bu mühitdə necə qoruyursuz? Adını söyləmək istəməyən qadın sualımıza belə cavab verir: “Heç nə. Artıq öyrəşmişik. Satan da, alan da, çəkən də burdadır. Saat 3-4 olanda burda qaynaşma olurdu. Polis çoxunu həbs etdi. Bir gündə, yalan olmasın, beşin sürüyüb aparırlar. Amma bir həftədən sonra da buraxırlar”.

Kəlbəcərdən məcburi köçkün  qadın isə övladlarını gecə-gündüz nəzarətdə saxladığını söyləyir: “Bura narkomanlar yuvasıdır. İki qızım var, bağlı qapı arxasında saxlayıram, heç qonşuya getməyə qoymuram. Polislər burdakı vəziyyəti elə yaxşı bilirlər ki… “Dolya”sını alır, buraxırlar”.

 “Polisə necə deyim ki, gəl bunların hamısını apar?”

Adını demək istəməyən başqa qadın da 11 yaşından təkbaşına böyütdüyü oğlu universitetdən gələnə qədər narahat qaldığını deyir.

“Uşaq vaxtından qorumuşam, indi də özü diqqət edir. Amma yenə də çox narahatam. Elə ana-ata var, fikir vermir. Təkcə öz balam üçün yox, hamının uşağı üçün yanıram. Gəlib kimisə polis aparanda ətrafdan “Əcəb oldu, ölsün” deyirlər. Amma mən onu deyə bilmirəm. Hamı uşağını əziyyətlə böyüdür”.

Qadının ən böyük arzusu burdan köçməkdir: “Bunu birdəfəlik yığışdırmırlar axı. Burdan tutur, ordan buraxır. Niyə buraxırsız? Bir tədbir görün də”.

O deyir ki, bu qədər adamdan da şikayət etmək olmur: “Mən polisə necə deyim ki, gəl bunların hamısını apar?

43 yaşlı Həsən Novruzov narkotik istifadəçilərinin çoxunun kirayənəşin olduğunu söyləyir: “O maşını yuyan mənim oğlumdur. Həmişə gözümün qabağındadır. Gərək insanın düşüncəsində, qanında olmasın. Gəlib iynə vurub yatırlar burda. Oğluma deyirəm ki, görürsən nə gündədirlər, sən də vursan o günə düşərsən”.

“Əvvəl “prob” üçün təklif edirlər”

Məhəllədə gəzdiyimiz müddətdə gənclərlə də danışmağa çalışırıq. Onlardan biri Tural Qasımlıdır, istifadəçi olmadığını bildirir. Dediyinə görə, gecəqonduları sökəndən sonra narkomanların sayı azalıb.

“Ən çox “patı”, “kola”, “kokos” satılır. 35 yaşım var. Gözümü burda açmışam, burdakıların necə məhv olduğunu görmüşəm. Görürlər ki, pulu var, əvvəl “prob” üçün təklif edirlər. Sonra həmin adamın hesabına öz tələbatını da ödəyir. Adama nə edir özününkü edir. Ağlı olan adam bilir ki, bu yol deyil. Saf adam özünü salır zibilə. Qadınların da patıdan istifadə etdiyini çox eşidirk. “Dağlılar” məhəlləsinə gedin, orda satıcılar, alıcılar daha çoxdur”.

Tural Qasımlının dediyi “Dağlı” məhəlləsində də olduq, amma öncə rəsmi  mövqeləri və rəqəmləri çatdıraq.

DİN: “Keçən il “Kubinka”da narkotik əleyhinə 22-dən artıq tədbir həyata keçirilib”

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin “Toplum TV”-yə dediyinə görə, polis təkcə “Kubinka”da yox, narkotik vasitələrlə əlaqəli şəxslərin toplaşdığı hər yerdə vaxtaşırı əməliyyat-axtarış tədbirləri həyata keçirir.

“Keçən il isə “Kubinka”da narkotik vasitələrlə əlaqədar 22-dən artıq tədbir həyata keçirilib və satışda şübhəli bilinən şəxslər istintaqa cəlb edilib. Eləcə də müalicəyə ehiyacı olan şəxslərin müvafiq xəstəxanalara yerləşdirilməsi təmin edilib”,-DİN rəsmisi belə söyləyir.

Onun sözlərinə görə, bütün cəza tədbirləri əməllərə adekvatdır. Yəni sakinlərin “polislər tutur, bir həftədən sonra buraxır” iddiası əsassızdır.

“Bu kimi tədbirlər cəmiyyətdə fikir yaradır ki, təqsirkarlar sərbəst buraxılıb”

“Narkotik vasitələrlə əlaqəli cinayət qanunvericiliyinin 234-cü maddəsinə müvafiq olaraq, narkotik maddələr istehlak miqdarından artıq olduqda cinayət məsuliyyəti yaradır. Ən yüngül cəza kimi şəxs barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 1 aya qədər inzibati tənbeh tədbiri tətbiq olunur. Digər təqsirkarlar barədə isə qanunamüvafiq olaraq həbs, polis nəzarətinə verilmə və başqa yerə getməyin qadağan olunması kimi tədbirlər seçilir. Bu kimi tədbirlər cəmiyyətdə fikir yaradır ki, təqsirkarlar sərbəst buraxılıb. Amma belə deyil. Yüngül cəza alan şəxslərlə bağlı residiv yaranarsa, onlar barədə prosessual qanunvericiliyin tələbinə uyğun həbs qətimkan tədbiri seçilir”.

Elşad Hacıyev hüquq-mühafizə orqanlarının narkomaniya ilə mübarizəsinin effektiv olduğunu hesab edir. O deyir ki, ötən il cinayət məsuliyyətinə cəlb edilənlərin sayı 6391, 2020-ci ildə isə 4880 olub. DİN rəsmisinin fikrincə, bu say narkotik vasitələrlə əlaqəli cinayət icra tədbirlərinin səmərəli olduğunu, kampaniya xarakteri daşımadığını və daimi olduğunu göstərir.

 

“Narkomaniya ilə mübarizə ölkənin gələcəyi ilə əlaqəli olan məsələdir və polis əməkdaşları heç vaxt buna etinasız yanaşa bilməz. Əks halda həmin əməkdaş barədə ciddi intizam tədbirləri görülür”, DİN-in sözçüsü belə qeyd edir.

Rəsmi rəqəmlər

Azərbaycan BMT-nin “Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyası”na, “Psixotrop maddələr haqqında 1971-ci il Konvensiyası”na, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il Konvensiyası”na qoşulub.

Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nı təsdiqləyib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2021-ci ilin 11 ayı ərzində hüquq-mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə 8095 cinayət faktı aşkarlayıblar. Onlardan 3066-sı narkotik vasitələrin qanunsuz satışı, 4553-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 375-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi ilə bağlı olub.

Bundan başqa, dövriyyədən ümumilikdə 6 ton 582 kiloqram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələrin müsadirə olunduğu qeyd edilir.

Komissiyanın “802 qaynar xətt”inə ötən il daxil olan 1130 müraciətdən 204-nün narkotik vasitələrin qanunsuz dövriyyəsi, 359-nun narkotik asılılıqdan müalicə, 567-sinin digər məsələlərlə bağlı olduğu deyilir.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədovun sözlərinə görə, keçən il qeydiyyata alınan narkotik maddə istifadəçilərinin sayı 33 min 788 nəfər olub. Onlardan 618-i qadındır, 9-u 15-17 yaşlarda, 12969 nəfəri isə 18-34 yaşlar arasında pasiyentlərdir.

 “Dağlılar” məhəlləsi…

…“Dağlılar” məhəlləsindəki evlərin çoxu sınıq-sökükdür, bəzilərində heç həyat əlaməti yoxdur. Tinlərdə iki-iki, üç-üç adamlar toplaşıb, nədənsə danışırlar. Nimdaş paltarlı, döyməli bu adamların bizə diqqətlə baxdığını hiss edirik. Görünür, gəlmə olduğumuzu anlayıblar.

Sökük evlərdən birinin pilləkənlərində gözünün makiyajı üzünə dağılmış bir qız oturub, yanındakı oğlanla söhbətləşir.  Onların da yanında qollarında döymə olan  orta yaşlı adam dayanıb. Qarşılarında sellofan torbalarda ot-ələf var. Uzun müddət bizi müşahidə etdikdən sonra oğlan səslənir:

-Göyərti var, istəmirsiz?

-Neçəyədir?

-Sizə pulsuz.

Yaxınlaşırıq. “Havayı olan” göyərtinin nə olduğunu öyrənməyə çalışırıq. Deyir ki, həyətdən yığılıb, toyuq-cücəniz varsa, aparın.

Söhbətləşdiyimiz gəncin 21 yaşı var, onun dediyinə görə, artıq burda yaşamır. Danışır ki, ətrafında yetəri qədər narkotikə qurşanmış adam olsa da, özü istifadə etmir.

Ciblərində gizlətməyə çalışdığı əllərinə baxaraq deyirik:

-Maraqlı döymələriniz var.

-Hə.

-İçəridəndir?

-Hə…

Nəyə görə həbs edildiyini danışmasa da, “uşaqlıq səhvi” olduğunu bildirir.

Əynində köhnə-kürüş paltar, qara papaqlı, ağzında tək-tük dişləri olan təxminən 30 yaşlarındakı kişi bizi süzərək axsaya-axsaya uçuq daxmaya tərəf gedir.

-Deyirsiz ki, ətrafınızda belə adamlar çoxdur. Onlardan bir az danışa bilərsiz? Narkotikə qurşandıqdan sonra hansı dəyişikliklər olur?

-Aqressiv və baxımsız olurlar.

-Eləmi?,- axsaq adamı göstəririk.

-Hə…

Söhbətimizi burdaca yekunlaşdırırıq. Bayaq  harasa yoxa çıxan orta yaşlı adam yenidən yanımıza qayıdır, 21 yaşlı gəncdən pilləkənlərin üstündəki ot-ələf torbalarının niyə burda olduğunu soruşur. Söhbətin davamını dinləmədən ordan uzaqlaşırıq. Onsuz da sual cavabsız qalmışdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button