Sosial

Meyxana uşaq bağçalarına da girdi: Yeraltı sənətin körpələrin yanında nə işi? – VİDEO

“NurAy” uşaq bağçası ictimai qınağa tuş gəlib.
Qaynarinfo xəbər verir ki, buna səbəb meyxana ifaçısı Rüfət Nasosnunun sözügedən bağçaya dəvət olunmasıdır. Meyxanaçı kiçik yaşlı uşaqlara repertuarında olan ifalardan söyləyib. Onların arasında “Bağışla, ömrüm, bağışla” da olub.
Meyxana ifaçısı məktəbəqədər təhsil müəssəsində olan görüşünün videosunu sosial şəbəkə hesabında paylaşıb. “Ən gözəl günlərdən. “NurAy” uşaq bağçasının dəvəti ilə uşaqlarla görüşdüm… Mahnı uşaqlara aid olmasa da, arzuları məni görmək idi. Çox sevindim”, – o bildirib.
Məsələ ilə bağlı “NurAy” uşaq bağçasının icraçı direktoru Leyla Fətəli ilə əlqaə saxladıq. Direktor bizi sona kimi dinlədi və “10 dəqiqədən sonra yığarsınız, danışarıq”, – dedi. Sonra isə dəfələrlə zəng etsək də, direktor telefonu açmadı.
Meyxana ifaçısı Rüfət Nasosnunun sözlərinə görə, bağçaya uşaqların istəyi ilə gedib:
“Burada nə var axı? İnsanlar eynilikdən bezir və çox vaxt boşanmaların səbəbi də burdan qaynaqlanır. Mən bunu paylaşmışam. Bir nəfər də onu sosial şəbəkədə paylaşaraq Təhsil Nazirliyinin səhifəsini tağ edib. Burada Təhsil Nazirliyi ilə bir şey olmadığından əks reaksiya verilməyib. Məsələnin sonu bağçanın bağlanması ola bilər. Fikirləşin, bu, kimə xeyir verəcək? Nəticədə 10 nəfər işsiz qalacaq, 10 nəfərin ailə vəziyyətində cətinlik yaranacaq, 10 nəfər stresə düşəcək. Orada adam var, ailə başçısıdır, ailə dolandırır. Bu məsələnin bir tərəfi, ikinci tərəfi də körpələrdir. Onlar həm müəllimlərinə, həm də bağçaya, oradakı həyat tərzinə öyrəşib. Və təsəvvür edək, qəfildən körpələr bağçaya getmir. Mən reklamı sevən adam deyiləm. Kiminsə reklamını edirəm, amma öz işlərimi reklam etməyi qəti sevmirəm. Siz orada olanları görəydiniz bir – bəlkə 20 il cavanlaşdım. İnsanlar bir-birini təmənna ilə sevir. Uşaqların sevgisi təmənnasızdır. Uşaq istəyirsə, onun istəyini nəzərə almalıyıq. “Bağışla, ömrüm, bağışla”da məna var. Uşaq mahnıda nəyi öyrənir? Birincisi, kiminsə haqqına girib gözlətmək olmaz, ikincisi, əgər kimisə gözlətmisənsə, ondan üzr istəməlisən. Bütün hər şeyin dayaq nöqtəsi sevgidir. Çox məktəblərə girəndə divarlarda “Leyli və Məcnun”un miniatürlərini görürük, ona uşaqlar da baxır. Əslində “Leyli və Məcnun” da eşq macərasıdır”.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bağçada verilən tərbiyə ilə uşaqlarda cəmiyyətə sosial uyğunlaşma, kollektiv daxilində birgə fəaliyyət və ünsiyyət mədəniyyət formalaşır:
“Lakin bağçanın təşkil etdiyi fraqmentdə biz bunu görə bilmirik. Bir vacib məqamı qeyd edim ki, məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur. Amma dəvət edilən şəxsin musiqisi bu imkanlara malik deyil. Baxmayaraq ki, uşaq bağçası özəldir, bütün hallarda qaydlara riayət etmək lazımdır. Uşaq bağçalarında təhsil uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirilir, ümumi təhsilə hazırlığını təmin edir. Lakin bağçanın dəvət etdiyi sənət adamının ifa etdiyi musiqidə biz bunu görə bilmirik”.
Kamran Əsədov onu da əlavə edib ki, 1-3 yaşlı uşaqlarla işləyə biləcək ixtisaslı kadrların, tərbiyəçilərin ciddi çatışmazlığı mövcuddur.
Bahar Rüstəmli

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button