Sosial

Naxçıvanda ərzaq malları bahalaşıb

Naxçıvanda ərzaq mallarının qiyməti kəskin bahalaşıb. JAMAZ.İNFO “Gündəlik Naxçıvan”a istinadən xəbər verir ki, bu barədə yerli sakinlər məlumat verib.
Qiymət artımı əsasən ət, süd, yağ məhsullarında müşahidə olunur. Çörəyin isə çəkisi hiss olunacaq dərəcədə aşağı salınıb. Naxçıvan şəhər sakini Qənbər Məmmədyarov deyir ki, son həftələr marketlərdə qiymətlər günbəgün, sürətlə qalxır: “Bir həftə əvvəl toyuq ətinin qiyməti 4,5 manatdan 5 manata, 3 manatlıq günəbaxan yağı 5 manata,” Teksun” yağı 11 manatdan 14 manata qalxıb. Çörəyin qiymətini saxlasalar da çəkisini azaldıblar. Dünənə kimi 30 qəpiklik çörək 330 qram idisə, bu gün 280 qramdır. Yəni bir gündə çəki 50 qram azalıb. Mal ətinin qiyməti də 9 manat 50 qəpikdən 11 manata qalxıb. Bu əhalinin onsuz da ağır olan sosial vəziyyətini bir az da ağırlaşdırır. Artıq vəziyyət dözülməz həddə çatıb”.
Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən Şərur rayon sakini də bahalaşmadan narazıdır: “Kilosunu 5 manat 50 qəpiyə aldığım Naxçıvan kolbasası bir gecənin içində qalxıb 6 manat 80 qəpik oldu. Bir ay əvvəl isə, həmin kolbasanın qiyməti 4 manat 50 qəpik idi. Qiymətlər bu qədər sürətlə artır. Qarşıdan qış gəlir, kommunal xərclər də artıb. Ötüşdürə bilmirik. Bunlar hər şeyi monopoliyaya alıblar. Bütün bu məhsulları özləri Naxçıvanda istehsal edir. Əsas böyük marketlər də öz əllərində. İstədiklərini edirlər. Qiyməti qaldırmağa heç bir əsas yoxdu əslində. Sadəcə bizi soyub, ciblərini daha da doldururlar. Biz kasıblarsa necə dolanacağımızı, nə edəcəyimizi bilmirik.”
Rəsmi məlumata görə Naxçıvandakı yerli müəssisə və fabriklər 90 növdə, 280 çeşiddə ərzaq məhsulları istehsal edir. Bu isə muxtar respublika əhalisinin ərzağa olan təlabatının 90 faizdən çoxunu ödəyir. Bu müəssisələrin isə yerli hakim ailənin nəzarətində olduğu bildirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button