Sosial

Şuşalılar kanalizasiyasız, şəraitsiz evlərdə qalıblar

Pirşağı qəsəbəsində yerləşən “Qızılqum” sanatoriyasına getmək üçün bir neçə nəqliyyat vasitəsi dəyişməli oluruq. Məqsədimiz Xocalı hadisələri ərəfəsində ordan düşən məcburi köçkünlərlə görüşməkdir, amma qarşımıza çıxan sadəcə dağılmış, tərk edilmiş binalardır. Bizi gətirən taksi şoferinin dediyinə görə, sanataoriyada şərait əlverişli olmadığından 1990-cı illərdən burda yaşamış xocalılar artıq Ramanaya köçürülüb. 

Xocalıdan bir ailə tapmaq ümidi ilə məhəlləyə giririk. İçərisində yaşayış olan dağınıq, şəraitsiz evlərə baxa-baxa irəliləyirik. Evlərin birindən qadın çıxır, gözlərini qıyaraq diqqətlə bizə baxır. O, Şuşa köçkünüdür, adı Bəsirədir. Ondan ətrafda xocalılı yaşayıb-yaşamadığını soruşuruq.

“Kanalizasiya sistemi yox idi, sanatoriyanın binası yaşayış üçün əlverişsiz idi, ona görə onları burdan köçürüblər. Burada bircə biz qalmışıq, şuşalılar”.

Bəsirə xala burda qızıyla bərabər yaşadığını söyləyir. “Özüm şəkər xəstəsiyəm, dərmanlarıma pul çatdırıb ala bilmirəm. Qızımın da 18 yaşı var. Qız uşağıdı, bu yaşda harada işləyə bilər ki? Aya 33 manat köçkün pulu alıram. Başqa gəlirim yoxdu. Qaldığımız yer də yaşanılası vəziyyətdə deyil. Özünüz də görürsüz”.

Bəsirə xala danışa-danışa bizi qonşularının, Şuşanın Quşçular kəndindən olan Səfərovlar ailəsinə gətirir.

Yaşadıqları üzündəki qırışlardan oxunan, kədərli baxışları olan bir kişi yaxınlaşır. O, Səfərovlar ailəsinin başçısı Əlif Səfərovdur.

Əlif Səfərov

Xocalıları xəbər alırıq, yadına keçmiş hadisələr düşür. Müharibə vaxtı Xocalılara necə arxa çıxdıqlarından danışır. “Ermənilər Xocalıya hücum çəkəndə Quşçular camaatı xocalıların ilk köməyinə çatanlardan olub. Mən, qardaşım Təhməz və xalamoğlu Əmiraslan birlikdə silahlanıb köməyə getmişdik”.

Əlif kişi o günlərdən danışdıqca gözləri yaşarır. Onu daha artıq kövrəltməmək üçün mövzunu dəyişirik, Pirşağıdakı şuşalıların nə zaman köçürələcəyini soruşuruq. “Əvvəl bizi köçürəcəklərini deyirdilər, amma qələbədən bəri bir söz demirlər. Müraciət də etmişik. Bu saat Bakıda bina tikilmir. Dövlət bütün gücü rayonlara verir. Burdan bizi köçürmək dövlət üçün də, xalq üçün də mənasızdı. Keçən il bir kişi gəldi, bizə müəyyən diplomatik suallar verdi: “Hara köçəcəksiz? Nə işlə məşgul olacaqsız Şuşada? və s. Bu sualları niyə verdiklərini də demədilər. Düşündüm, yəqin elə təəssürat yaratmaq istəyirlər ki, köçkünlər öz torpaqlarına qayıtmaq istəmir”.

Əlif Səfərovun həyat yoldaşı Almaz xala dolanışığın ağırlığından danışır.

Almaz Səfərova 

“63 yaşım var. Özüm pensiya almıram, kişi də xəstə. Bir pensiyaya baxırıq. O da kişinin dərmanlarına gedir. İş üçün hara mürəciət etsəm də, yaşım çoxdu deyə götürmürlər. Olduğumuz ev də yaşanılası vəziyyətdə deyil. Bir az külək olan kimi dam örtükləri az qalır uçsun. Yata bilmirik ki, birdən dam aşar qalarıq altında”.

Daha sonra yaşıl gözlü, gülərüz, səliqə-sahmanlı bir xanım yaxınlaşır. Ağcagül Səfərova Əlif Səfərovun bacısıdır. O da bizi evinə dəvət edir. İçəri addım atanda bir anlıq yerin yaş olduğunu düşünürür, ayaqlarımız get-gedə nəmlənir elə bil. Daş döşəmənin üstünə salınmış xalı ayaqlarımızı isitmir, ayaqlarımız donur.

Ağcagül Səfərova

İkisi uşaq olmaqla, beş nəfərin yaşadığı evdə sadəcə kiçik bir elektrik qızdırıcısı yanır. “Xankəndidə iki mərtəbə evim var idi. Şuşada dörd il içində binadan ev almışdım. Gəl ki, 30 ildə burda heç nə edə bilməmişəm. Bax görürsüz nə şəraitdə yaşayırıq? Bizi köçürmədilər ki, birbaşa Şuşaya aparacaqlar. Amma nə vaxt aparacaqlar, bilmirəm”.

Ağcagül Səfərovasa yaşadıqları ərazidə kanalizasiya sistemi olmadığını, yaxınlıqda yerləşən villa sahiblərinə pul ödəyərək bir hamam-tualet üçün kanalizasiya çəkdirə bildiklərini deyir.

Hazırda ailənin 16 nəfər üzvü ancaq həmin hamam-tualetdən istifadə edir.

Bununla bağlı rəsmi qurumlara dəfələrlə müraciət etsələr də, faydası olmayıb.

Çətinliklərdən yorulduğunu söyləyən Ağcagül Səfərovanın səsi titrəyir: “Sorğu keçirirlər ki, qaytarılan torpaqlara gedəcəksiz? Elə pis təsir edir, necə yəni gedəcəksiz? İnanın gedəndə torpağını da öpəcəm”.

O, dogma şəhərinə qayıdacağı gün illərdir başının üstündən asdığı sevimli xalçasını Şuşadakı məscidlərdən birinə nəzir verəcəyini bildirir.

Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, mənzil fondunda boş yaşayış sahələri yoxdur.

Eyni zamanda qurumdan məcburi köçkünlər üçün yeni yaşayış sahələri tikilmədiyi vurğulanır.

“Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar yeni yaşayış sahələri ilə təmin olunacaqlar”, – Komitədən deyilir.

Şuşalıların konkret nə zaman qaytarılacaqları isə dəqiq məlum deyil. Ötən il orda bir neçə yaşayış binasının tikintisinə başlanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button