Araşdırma

Paşinyan və Koçaryan “Zəngəzur Dəhlizi” barədə nə düşünür?

Ermənistanda növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinə start verilib. JAMAZ.İNFO xəbər verir ki, hazırda mübarizə iki blok arasında gedir. Onlardan biri Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyası, digəri isə keçmiş prezident Robert Koçaryanın rəhbəri olduğu “Haystan” blokudur.

Qeyd edək ki, “Gallup” Beynəlxalq Təşkilatının keçirdiyi son sorğunun nəticələrinə görə, Paşinyan seçkilərdə 22.5 faiz, Koçaryan isə 20.3 faiz səs yığa biləcək. Lakin bu ilkin nəticələrdir və prosesin gedişatı boyunca vəziyyətin dəyişəcəyi istisna deyil.

Bildirək ki, hazırda hər iki tərəfin əsas təbliğatı 44 günlük Qarabağ müharibəsinin nəticələri, Azərbaycan-Ermənistan sərhəddində baş verənlər, Zəngəzur dəhlizi məsələsi və əsirlərlə bağlıdır. Tərəflər mümkün qədər bu mövzuları daha çox qabartmaqla, daha çox səs toplayacaqlarını düşünürlər.

JAMAZ.İNFO bildirir ki, hazırda gündəmdə olan məsələlərdən biri olan Zəngəzur Dəhlizi məsələsinə hər iki favorit namizədin baxşıları fərqlidir. Nikol Paşinyan və tərəfdarları deyir ki, Azərbaycanla nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasına qarşı deyillər. Onlar Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat yolunun açılmasına da etiraz etmirlər. Lakin bu yol dəhliz şəklində olmamalıdır. Hətta onlar Moskvada imzalanmış razılaşmalada belə dəhliz sözündən istifadə edilmədiyini bəyan ediblər.

Bu əsnada, kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın fəaliyyəti də dayandırılıb. Paşinyan bunu belə izah edib ki, Azərbaycan əsirləri verməyəcəyi təqdirdə, bu danışıqlar aparılmayacaq. Rəsmi Bakı isə saxlanılan erməni hərbçilərinin əsir deyil, diversnat olduğunu ciddi şəkildə sübutlarla ortaya qoyaraq, onlar barəsində cinayət işi qaldırıb. İndiyə qədər əsir götürülən 70-dən çox diversant barəsində açılmış cinayət işlərindən 15-i məhkəməyə göndərilib. Bu isə onu deməyə əsas verir ki, diversantların məsələsi hələlik bazarlıq predmeti deyil.

Digər namizəd Robert Koçaryan isə bu gün Mehridə keçirdiyi görüşdə bəyan edib ki, əsirlər qaytarılmayacağı təqdirdə, digər məsələlərin müzakirəsi mümkün deyil. “Nə qədər ki, əsirlərimiz Azərbaycanın əlindədir, digər məsələlərlə bağlı hər hansı danışıq aparılmamalıdır. Xüsusən də, “dəhliz” məsələsi müzakirə edilə bilməz. Əmin olun ki, kommunikasiyalar qısa müddətdə açılmayacaq. Azərbaycanın hansısa gözləntiləri var. Lakin həmin gözləntilər iyunun 20-nə kimidir. Həmin vaxta kimi onlar istədiklərini ala bilməyəcəklər. İyunun 20-dən sonra isə bu artıq mümkün olmayacaq”.

Hər iki tərəfin açıqlamalarının publikaya hesablandığına diqqət yetirsək, o zaman qarşımızda belə bir mənzərə yaranar ki, əslində, həm Paşinyan, həm də Koçaryan Zəngəzur Dəhlizinin açılmasında məcburi qaydada maraqlıdırlar. Yəni, Paşinyan bununla bağlı öhdəlik götürüb, Koçaryan isə Kremldən gələcək zəngə bağlı adamdır və onların təlimatlarını yerinə yetirəcək.

Lakin namizədlərin bu dəhlizin açılması ilə bağlı tələb və ya istəklərində fərq yaranacaq. Əgər Paşinyan yolun dəhliz deyil, adi nəqliyyat yolu olmasını istəyirsə, Koçaryan buna heç bir ad qoyulmamasına çalışacaq. Daha dəqiq ifadə eləsək, Koçaryan bu gün böyük sözlər danışsa da, sabah icra edəcəyi direktivi gizlətmək üçün cəmiyyətin gözünü boyamağa cəhd edcək.

Qaldı, bölgədə yaşayan ermənilərə, onların durumu aydındır. Onlar üzdə hər nə qədər Azərbaycan və Türkiyə islə sərhədlərin açılmasına, münasibətlərin qurulmasına qarşı olsa da, iqtisadi əlaqələrin bərpasına qarşı deyillər. Əksinə, Ermənistanda son günlər keçirilən sorğulardan çıxan nəticələr də onu deməyə əsas verir ki, sıravi erməni daha yaxşı yaşamaq, xaricdən daha çox mal gətirməklə və xaricə daha çox mal sataraq, pul qazanmaq istəyir. Çünki istər Koçaryan, istərsə də Paşinyan hakimiyyəti dövründə sıravi erməni nəinki varlana bilib, hətta iqtisadi cəhətdən daha ağır duruma düşüb. İndi isə onu nə Qarabağ, nə hakimiyyət, nə klanlararası mübarizə, nə də digər işlər maraqlandırmır. Onu maraqlandıran daha çox satıb, daha çox qazanmaqdır.

Bu faktorun özü isə həm Paşinyanın, həm də Koçaryanın əlinə oynayır. Ona görə də, seçkinin nəticlərindən asılı olmayaraq, erməni cəmiyyətinin istəyi dəyişməyəcək. Əksinə, o, bu işləri onun üçün görə biləcək birini hakimiyyətə gətirməyə çalışacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button