Araşdırma

Türkiyə hərbi baza qurmaq istəyir: Rusiya nədən narahatdır?

Ruslar Şuşa Bəyənnaməsindən deyil, Türkiyənin Azərbaycanda hərbi baza qura biləcəyi ehtimalından ciddi narahatdırlar. İstər rus mediası, istər siyasətçiləri, deputatları açıq şəkildə deyirlər ki, Bakı Moskavnın başının üzərindən iş görür və buna imkan vermək olmaz.

Rusiyanın bu yaxınlaşmadan narahat olması əbəs deyil. Kreml yaxşı bilir ki, Türkiyə indiyə qədər Cənubi Qafqaza iqtisadi və siyasi cəhətdən yerləşə bilib. Söhbət təkcə Azərbaycandan getmir. Həmçinin Ankara Gürcüstanda da ciddi təsir imkanlarına və böyük investiyaya malikdir. Hərçənd indiki məqamda Tbilisidə türklərin varlığı Rusiya üçün faciə deyil. Çünki Kremlin özünün də Tbilisidən hər hansı gözləntiləri yoxdur.

Bəs, rusları narahat edən nədir? Birinci səbəb odur ki, Türkiyə Azərbaycanda iqtisadi və siyasi anlamda var olduğu kimi, hərbi anlamda da var olacaqsa, hədəf bununla bitməyəcək. Sırada Orta Asiya var və Ankara artıq bu iddiasını təkcə media ilə deyil, həmçinin yeni çəkdiyi filmlərlə izhar etməyə başlayıb. Ona görə ki, Orta Asiya Türkiyə üçün mövqelənmək, güclənmək və böyük bazarlara sahiblənmək üçün əlverişli coğrafiyadır. Burada təkcə, zavod və fabriklərə sahiblənmə, tikinti işlərində öndə olma, ticarət işlərində həlledici mövqeyə sahiblənmə deyil, həm də enerji resursları üzərində nəzarət və iri tranzit yollarına sahiblənmə strateji hədəfdir. Kreml yaxşı bilir ki, əgər Türkiyə Azərbaycandakı kimi, Orta Asiyada da yerləşərsə, o zaman o, strateji baxımdan ciddi itkilərlə üzləşməli olacaq. Yekunda isə bu proses həmin coğrafiyanın əldən çıxmasına gətirib çıxaracaq.

İkinci qorxusu ondan ibarətdir ki, Türkiyə Şimali Qafqazda da nüfuz sahibi olmağa çalışacaq. Zatən, zaman içində Şimali Qafqazda öz mövqelərini lokal olaraq qurmağı bacaran Ankara, Azərbaycanda öz hərbi varlığını təsis etməklə, bu coğrafiyaya da müdaxiləsiz dura bilməyəcək. Məqsəd dinlə və ya iqtisadi əlaqələrlə bağlantısı yoxdur. Bu sırf siyasi anlam daşıyır və hədəf Şimali Qafqazda var olmaqla, Rusiyanın daxilində təsiq rıçaqlarını ələ keçirməkdir.

Sual oluna bilər ki, Türkiyə niyə Tatarıstanı deyil, Cənubi Qafqazı seçir? Xatırladım ki, Tatarıstan hər nə qədər türk respublikası olsa da, Cənubi Qafqaz qədər Türkiyəyə yaxın olmayıb. Hələ Osmanlı dönəmində bu coğrafiyada əksər din xadimləri Sultana biət edir, onu Xəlifə hesab edir, onun fərmanlarına diqqət edirdilər. Tatarıstanda isə belə bir halın yaşandığı indiyə qədər mümkün olmayıb.

Üçüncü ehtiyat etdiyi səbəb isə odur ki, Azərbaycanda Türkiyənin hərbi bazasının olması Tbilisidən sonra, Bakının da tam nəzarətdən çıxması demək olacaq. İranla quru əlaqələrinin qalması, cənub sərhədlərində müşahidə aparmaq imkanlarını itirmək, eyni zamanda, Azərbaycan vasitəsi ilə Türkiyəyə Orta Asiyaya körpü açılmasına imkan vermək, Kreml üçün böyük səhv hesab olunur.

Bəs, Türkiyə Azərbaycanda hərbi baza quracaqmı? Və ya qura biləcəkmi? Ankara indiki məqamda bunu çox istəyir. Gələcək planlarının maneəsiz icra edilməsi, asanlıqla transferlər həyata keçirmək üçün bu olduqca əhəmiyyətli amildir. Lakin Türkiyə hələ ki, Rusiya ilə münaqişə yaratmaq, düşmənçilik etmək və lokal toqquşmalara getməık fikrindən uzaqdır. Bunu şərtərndirən çoxlu səbəblər var. Bu sırada iqtisadi, hərbi resurslar arasında tərs mütənasibliyə diqqət yetirmək kifayət edir.

Lakin bu heç də o demək deyil ki, Türkiyə hərbi baza qurmaq üçün israr etməyəcək. Şübhəsiz, məqsədinə çatmaq üçün bütün imkanlarından yararlanacaq. Böyük ehtimalla həmin prosesdə ABŞ da Türkiyəyə dəstək verməkdən çəkinməyəcək. Çünki bir NATO ölkəsinin hərbi kontingentinin Rusiyanın ən həssas regionuna yaxın coğrafiyada yerləşdirilməsi Vaşinqtonun da marağındadır.

Bununla paralel olaraq, hal hazırda Ankaranın əsas müttəfiqi olan London da bu prosesdə maraqlı tərəf kimi çıxış edir. Əgər diqqət etsəniz, Qarabağda BP-nin günəş enerjisi işləyən stansiyalar inşa etmək təşəbbüsü əsasən Zəngilan və Cəbrayıl bölgələrini əhatə edir. Bu həmin coğrafiyadır ki, Londonun israrla istədiyi Zəngəzur Dəhlizinin əsas qolu buradan keçəcək. Eyni zamanda, ingilis minaaxtaranlarının Azərbaycana təmənnasız köməklik göstərməsi də bu istəyin təzahüründən irəli gəlir.

Bütün bunlar Azərbaycan üçün risklər yaradırmı? Təbii ki, yaradır. Bakı təkbaşına Rusiya ilə hər hansı bir münaqişəyə getməkdə qəti maraqlı deyil. Həm də o gücün sahibi deyil. Eyni zamanda, onu öz tərəfinə çəkən güclərin də hansı səviyyədə dəstək verdiklərini hesablamağa çalışır. Yəni, indiyə qədər etdiklərindən sonra daha riskli bir dönəmdə də eyni addımı atıb, atmayacaqlarını müəyyənləşdirməyə çalışır.

Şübhəsiz, Azərbaycan Türkiyə ilə birlikdə hərəkət etməkdə maraqlıdır. Bu, onun üçün həm təminatdır, həm də güclənmək üçün əsas. Lakin rəsmi Bakı təkbaşına o qərarı vermək iqtidarında da deyil ki, Türkiyənin Azərbaycanda baza qurmasına birmənalı olaraq “hə” desin. Zaman içində, əlverişli məqamlar yaranan kimi, bu addımı atacağı da istisna deyil. Yəni, hər şey zamana bağlıdır.

Fərda Uğur,

JAMAZ.İNFO

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button