Cəmiyyət

Əvvəl Allah!

İlqar Kamil 
Deyirəm, qardaşım, dərdini danışdın, ürəyini boşaltdın? Çox gözəl. İndi qulaq as, mən sənə zahirən bir-birinə aidiyyatı olmayan bir neçə şey danışacam, sanki bir ovuc pazl tökəcəm masanın üstünə, sən də onları səliqəylə götürəcək, gedib evdə rahat-rahat düz-qoş edəcəksən. Yəni dərdinin portretini sən, özün yaradacaqsan!
Başqa mütəxəssisləri bilmirəm, mənim dəstim-xəttim belədir: birbaşa məsləhət vermərəm, tövsiyə eləmərəm, mənimki bir ovuc pazldır, tökürəm pasiyentimin ovcuna, yollayıram evə. Hə, adam gedər, əlləşər, alındıra bilməz, götürüb yarımçıq portreti gətirər üstümə, onda bəlkə konkret göstərərəm problemin harda oldugunu!
Bir həftə sonra alıb əlinə yarımçıq təsvirini də təşrif buyurub zalım oğlu: müəllim, baxın, bu işi qurmaq üçün filan, filan şeyi elədim, digər pazllar da gördüyünüz kimi öz yerində, hətta bir pritça danışmışdız e, bax onu düşünüb Allahı da nəzərə aldım, amma yenə də təsvir alınmadı ki alınmadı (oxu: narahatlığım həll olmadı).
Qımışıram: başına dönüm, “hətta”mı?! Həyəcanlanır: hə, hə, hətta Allahı da nəzərə aldım, vallah aldım, billah aldım, amma yenə olmadı. Müəllim, bəs problem nədir?
Cavab: əzizim, problem “hətta”dadır. Necə yəni “hətta Allahı da” nəzərə aldın?! Sən birici olmalı olanı sonuncu eləmisən, bu azdı? Sən ən vacib pazlı öz yerinə qoymamısan… Yaxın gəl, fikir ver, bu təsvirdə Allah bax, burda olmalıydı, əvvəldə! Sənsə… ehh, indi bildin məsələ nədir?
Doktor İlahi Qomşei danışırdı ki, bir gün bir tələbə mənə müraciət elədi: ustad, hardan başlamalı? Gülümsündüm: bismillahdan, oğlum, bismillahdan!
Bizsə ən yaxşı halda Allahı da (!) nəzərə alırıq, “hətta Allahı da!” Camaat nə deyər, dostum nə deyər, atam nə deyər, xanımım nə deyər… Və sonda: bura bax ey, bəs görəsən, Allah nə deyər?
Oruc tutmaq məsələyə bismillahdan başlamaqdır!
Allah birincilik davası eləmir, haşa, tez bəniziniz solmasın, sadəcə sistem belədir, nəzm budur, kainatdakı mövcud “pazllar” bunu tələb edir: Yaradan hər şeydən, hər kəsdən əvvəl qoyularsa təsvir alınacaq, və illa, fə la!
Odur ki, ixtiyarında bir dünya pazl -nemət olsun, yetmir, düzülüş çox vacibdir, hətta insani münasibətlərdə belə!
Məsələn, bir dəfə qızımı çağırmışam eyvana ki, beynimdə bir roman var, gəl sujeti sənə danışım, fikrini de. Kef eləyib pirolmuş, sonra ustufca gedib anasının yanına, pəsdən-pəsdən soruşub ki, ana, ata sənə yeni romanı haqda nəsə danışıb? Sujeti dinləyən ilk adam olmadığını bilər-bilməz də gülləri solub. Deyirəm, ay qızım, ay dilimin nəğməsi, birinci ya ikinci adam, fərqi nədir? Tez dodaqlarını sallayır: fərqi çoxdur, lap çox! Ardınca əllərini də açır:
dünyalar qədər!!!

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button