Cəmiyyət

Azərbaycan Avropa Məhkəməsinin (AHİM) qərarlarını niyə icra etmir?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi bu il də ona çatacaq kompensasiyanı almadığını deyir.

2014-ci ildə qanunsuz həbs edilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi onun xeyrinə 2 qərar çıxarıb, amma indiyədək bu qərarların icrası ləngiyir.

Bu barədə dəfələrlə Prezident Adminstrasiyasına müraciət etdiyini söyləyən S.Həzi indiyədək ona tutarlı cavab verilmədiyini bildirir.

AXCP sədrinin müavini hesab edir ki, kökumət onunla bağlı ayrı-seçkiliyə yol verir.

“Aihmaz.org” saytının məlumatına görə, 2011-ci ildən bəri ümumilikdə 41 belə qərarın icrasına nəzarət qapadılmış elan edilib. 2012-ci ildə 1, 2018-ci ildə 18, 2019-cu ildə 16, 2020-ci ildə isə 6 qərarın icrasına nəzarət qapadılıb. İcrası başa çatan işlərdən 5-i “aparıcı”, 36-ı isə “təkrarlanan” işlər olub.

2011-ci ildən bəri isə icra edilməyən qərarların sayı ilbəil artıb. İcrası yubanan təkrarlanan qərarların sayı 2011-ci ildə 22, 2012-ci ildə 38, 2013-cü ildə 48, 2014-cü ildə 72, 2015-ci ildə 102, 2016-cı ildə 115, 2017-ci ildə 143, 2018-ci ildə 131, 2019-cı ildə 155, 2020-ci ildə 190, 2021-ci ildə isə 202 olub.

Azərbaycandan fərqli olaraq, qonşu ölkələrdə  Gürcüstanda 10 ildə 150-yə yaxın qərar icra mərhələsinə daxil olub. Gürcüstan hökuməti həmin qərarların 85-ni tam icra edib. Ermənistanda 140 işdən 84-ü tam icra edilib.

Nikbin proqnoz

Milli Məclisin deputatı Fazil Mustafa bu barədə nikbin düşünür, o hesab edir ki, Azərbaycan hökuməti də mərhələli şəkildə öhdəliklərini yerinə yetirəcək.

“Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyır, qəbul olunan qərarlara da adekvat münasibətini ortaya qoyur. Son vaxtlar Real-çılar və başqalarına qarşı çıxarılan qərarlara münasibətdə konkret addımlar atılıb. Başqa presedentlər olmasaydı onda düşünmək olardı ki, bu istiqamətdə iş görülmür. Amma büdcə imkanları, maliyyə məsələləri və başqa məsələlər nəzərə alınaraq müsbət işlər görülür. Yəqin yaxın zamanlarda da müsbət dəyişikliklər olacaq”, – deputat belə söyləyir.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevsə “Azadlıq Radiosu”na açıqlamasında  kompensasiyaların ödənişində bəzən gecikmələr olsa da, Avropa Məhkəməsinin qərarlarının icra olunduğunu deyir.  Ə.Nuriyev bildirir ki, bu ləngimə də hüquqi prosedurlardan irəli gəlir və  işlərə yenidən baxılması üçün müəyyən prosessual hərəkətlər həyata keçirilməlidir.

“Azərbaycan bu parametr üzrə ən pis göstəricilərə malik olan Avropa Şurası ölkəsidir”

Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını araşdıran hüquqşünas Xalid Ağaliyev deyir ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı 300-dən artıq qərarı icra pilləsinə göndərilib və həmin qərarların icrası Avropa Şurası Nazirlər Komitəsinin nəzarəti altındadır.

Onun sözlərinə görə, indiyə kimi həmin qərarlardn 55-dən çoxu icra edilib, həmin qərarların icrasına nəzarət qapadılıb. Hazırda icrası davam edən qərarların sayı azı 264-dür. Bu qərarların əksəriyyəti son 8 ildə elan edilmiş qərarlardır.

“İcrasını gözləyən elə qərarlar var ki, qəbul edilməsindən 10 il vaxt keçib”, – hüququşünas əlavə edir.

X.Ağəliyev misal da gətirir: “AİHM-in belə qərarlarından biri media ilə bağlıdır, Ağazadə və Kəbirli Azərbaycana qarşı işi üzrə. Həmin qərarın icrası tələb edir ki, hökumət böhtan və təhqirə görə, cinayət məsuliyyətini ləğv etsin. Ancaq buna əməl edilməyib”.

Onun sözlərinə görə, Azərbaycan AİHM-in qərarlarının ən yaxşı halda 20%-ni icra edib. Yerdə qalan qərarların icrası yubanır.

“Xeyli məhkəmə qərarları var ki, Qarabağ problem ilə əlaqəli idi. Məcburi köçkünlər Bakıda xeyli mənzillərə yerləşmişdilər. Həmin mənzillərin qanuni sahibləri AİHM-ə şikayət etmişdi və onların mülkiyyət hüquqlarının pozuntusu tanınmışdı. İcradakı problemlərin qabarıq olmasında bu işlərin də cüzi rolu var”.

Hüquqşünas Əsabəli Mustafayev deyir ki, əvvəlki illərlə müqayisədə hökumət kompensasiya məsələsini həll etsə də, üumumən AHİM-in qərarları zəif icra edilir.

“2016-2018-ci illərdə demək olar ki, heç kimə kompensasiya verilməmişdi. Sonradan müsbət hal kimi kompensasiyaların bir qismi ödənməyə başladı. Ancaq 2009-cu ildən Qafqaz Məmmədov, Mikayıl Məmmədovla bağlı qərar qəbul olunub, Azərbaycan tərəfi icranı ləngidir”.

Avropa Məhkəməsinin qərarları hansı müddətdə icra edilməlidir? İcra ləngidikdə və qapadıldıqda Azərbaycanı nə gözləyir?

Xalid Ağəliyevin sözlərinə görə, AİHM qərarlarının icrası məcburidir.

“Avropa Şurasına üzv olan, AİHM-in yurisdiksiyasını qəbul edən ölkələr bununla bağlı öhdəlik götürürlər. Qərarların icra edilməməsi Avropa Şurası qarşısında götürülmüş öhdəliklərə əməl edilməməsi mənasına gəlir. Burda qərarın mütləq icrasını təmin etmək aləti mövcud deyil. Qərarlar icra edilmirsə, dövlətin Şura qarşısında götürdüyü öhdəliklərə əməl etməməsi məsələsi gündəmə gələ bilər. Bu halda adətən, dövlətlərə xəbərdarlıq edilir ki, öhdəliklərə əməl edilməsindəki problem aradan qaldırsın”.

Ə.Mustafayev deyir ki, öhdəliklər yerinə yetirilmədiyi halda Avropa Şurası Azərbaycana sanksiyalar tətbiq edə, ən pis halda ölkənin qurumdan çıxarılması gündəmə gələ bilər.

Hələlik qurumun təcrübəsində belə bir sanksiya tətbiq olunmayıb. Sadəcə ölkənin səs vermə hüququnun dondurulması, tədbirlərdə iştirakının məhdudlaşdırılması və s. kimi addımlarla kifayətləniblər.

“Məsələn, İlqar Məmmədov işinin icrası ilə bağlı Avropa Şurasında müəyyən sanksiyaların tətbiqi məsələsi gündəmə gəlmişdi. Buna görə də hökumət məcbur qalıb işi Ali Məhkəmənin pleniumuna çıxartdı, sonra da ona bəraət verdi.

Bu ilin sonunda Avropa Şurası Nazirlər Komitəsi yenidən Azərbaycana qarşı müəyyən sanksiyaların hazırlanmasına başlamışdı. Bu da İlqar Məmmədov işinə daxil olan digər şikayətçilərin işinə baxılmaması ilə əlaqədar idi.  Bundan sonra noyabrın 19-da 4 nəfər NİDAÇI-nın işinə baxıldı və onlara bəraət verildi”,- deyə hüquqşünas əlavə edir.

Onun sözlərinə görə, Avropa Şurası daha çox Konvensiyanın 18-ci maddəsinin pozulması halları ilə bağlı edilmiş müraciətləri xüsusi nəzarətdə saxlayır. Eyni zamanda istisna hal kimi 18-ci maddənin pozulması ilə bağlı şikayət verən Xədicə İsmayıl, Anar Məmmədli, İntiqam Əliyev və digərlərinin işi icra edilməmiş qalıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button