Cəmiyyət

Azərbaycan Ordusu hansı dəyişikliklərə gedir? – ŞƏRH

Aqşin Kərimov

 

Azərbaycan Ordusunda yaxın gələcəkdə struktur islahatlarının yeni mərhələsi həyata keçiriləcək və Silahlı Qüvvələrin say tərkibi artırılacaq.

Prezident İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə çıxışı zamanı bu məsələyə toxunub.

Orduda islahatlar Vətən müharibəsinin nəticələri və gedişatı təhlil edilərək aparılacaq, yekun nəticə isə hərbi qüdrətin daha da artırılmasına hesablanıb.

Prezident İlham Əliyev hələ bu ilin fevralın 26-da xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında prosesin başlanmasının anonsunu vermişdi.

İlham Əliyev Azərbaycan Ordusunun daha güclü və daha müasir olmasından danışarkən Türk Silahlı Qüvvələrinə istinad vermişdi:

“Bizim ordumuz daha güclü, daha müasir olmalıdır. Türk Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bundan sonra bu istiqamətdə də bərabər çalışacağıq”.

Müharibədən sonra Azərbaycan Ordusunun gücləndirilməsi regionda yaranmış yeni geosiyasi reallığın tələbləridir, say tərkibinin artırılmasının paralelində ən müasir silahların tədarükünün davam etdirilməsi də aktuallıq kəsb edir.

Bu isə hərbi texniki əməkdaşlıq haqqında yeni kontraktların bağlanması ilə reallaşır.

Fikir verirsinizsə, 2021-ci il girəndən bəri Azərbaycan tərəfi hərbi-texniki əməkdaşlıqlar üçün yeni bazarlara çıxış əldə etmək istəyir.

İsraillə, Türkiyə ilə birgə silah istehsalı da gündəmdədir.

Artıq belə layihəyə start verilib, belə ki, İsrailin “Meteor Aerospace” şirkəti Xəzər Gəmiqayırma Şirkəti ilə birgə müəssisə yaradıb, müəssisə “Caspian Meteor” adlanır. Türkiyə ilə də prosesə yaxın zamanlarda başlanılacaq, Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir bu barədə mesaj verib.

Şuşa Bəyannaməsində də hərbi sahədə birgə layihələrin həyata keçirilməsinin məqsədləri izah olunub.

Azərbaycan Ordusunun daha da gücləndirilməsinin hədəflərinə gəlincə:

  1. Bu, bölgədə sülh və təhlükəsizliyin təmini üçün vacibdir,
  2. Təhdidlərin operativ və çevik şəkildə qarşısının alınmasına hesablanıb, ordunun gələcəkdə hər hansı əməliyyatlarında optimallığı təmin edəcək.
  3. Orduda peşəkar hərbçilərin sayı çoxalacaq.

4. Struktur islahatları həm də o deməkdir ki, Nəcməddin Sadıkova bağlı şəxslər hamısı vəzifəsinə “əlvida” deyəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button