Cəmiyyət

“Azərxalça”nın keçmiş rəhbəri istintaq təcridxanasından xəstəxanaya köçürülüb

Oktyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin keçmiş sədri, 22 milyona yaxın mənimsəmədə ittiham olunan Vidadi Muradovun işi üzrə məhkəmə prosesi başlamalıydı. Lakin onun səhhətindəki problemlərlə əlaqədar məhkəmə baş tutmayacaq.
Meydan TV-nin əldə etdiyi məlumata görə, bu ilin yanvarında həbs olunandan Bakı İstintaq Təcridxanasında saxlanılan Vidadi Muradovun vəziyyəti pisləşib və o, xəstəxanaya köçürülüb. “Vidadi Muradov onkoloji xəstədir. Bugünlərdə vəziyyəti pisləşdiyinə görə onkoloji xəstələrin müalicə olunduğu xəstəxanaya köçürülüb”, – mənbə deyib.
Vidadi Muradova qarşı 21 milyon 673 min manatlıq mənimsəmə və ya israfetmə, 640 min manat vergidən yayınma kimi ittihamlar irəli sürülüb. Prokurorluğun məlumatına görə, o, təsisçisi olduğu şirkətin – “Azər-İlmə” MMC-nin Bakıda yerləşən inzibati binası “Azərxalça” ASC-yə bazar qiymətlərindən daha baha qiymətə icarəyə verib. “Azərxalça” ASC-nin xalça istehsalı üçün ip alınması məqsədilə nəzərdə tutulan vəsaiti yalnız formal mövcud olan, əslində isə ip satışıyla məşğul olmayan şirkətlərin hesabına köçürülüb. Sözügedən şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb yenidən “Azərxalça” rəhbərliyinə geri qaytarıblar. “Azərxalça”nın müxtəlif bölgələrdə 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda vəsaitin mənimsənildiyi iddia olunur.
“Azərxalça”nın sabiq sədri Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Onun bu ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.
İstintaq dövründə Vidadi Muradov və ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manatlıq evlər, qeyri-yaşayış sahələri, həmçinin “Azər-İlmə” MMC-nin səhm payları və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.
“Azərxalça”dakı yeyintilərlə bağlı cinayət işindən Vidadi Muradov haqqında iş ayrılaraq məhkəməyə göndərilsə də, digər təqsiri olanların müəyyənləşdirilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq davam edir.
1956-cı il təvəllüdlü Vidadi Muradov 2016-cı ilin martında prezidentin sərəncamıyla “Şöhrət” ordeni, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
Vidadi Muradovun oğlu Cavid Muradov Bakının Səbail Rayon Polis İdarəsinin rəisidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button